adalet.az header logo
  • Bakı 30°C
  • USD 1.7
25 Fevral 2022 19:18
2564
LAYİHƏ

SABİRABADIN SABAHI

Azərbaycanın muğan bölgəsinin diqqət çəkən ünvanlarından biri də Sabirabad rayonudu. Tarixə nəzər salsaq, onda görərik ki, 179 min nəfərə yaxın sakini olan bu rayonun ümumi ərazisi 1470 kvadrat kilometrdi. Bu rayonun 74 kəndi və hər kəndi də təbii ki, məktəbi, səhiyyə ocağı, mədəniyyət mərkəzi var. Ümumiyyətlə, statistik rəqəmlərə müraciət etsək, onda görərik ki, Sabirabad rayonu bir ərazi inzibati vahid olaraq kənd təsərrüfatı üçün xüsusilə yararlı əkin sahələrinə malikdi. Ona görə də bu rayonun ərazisində daha çox pambıqçılığın inkişafına, bostan-tərəvəz məhsullarının istehsalına önəm verilmişdi.

Sabirabad şəhəri paytaxtın 170 kilometrlik məsafəsində yerləşir və bu rayonun adı tarixi mənbələrdə Cavad, Qalaqayın kimi göstərilmişdi. Bu ərazidə aparılmış arxeoloji qazıntılar zamanı məlum olmuşdu ki, eramızdan əvvəl, VI minillikdən başlayaraq, bu rayon ərazisində məskunlaşma olmuş və tapılan maddi mədəniyyət nümumələri də bunu sübut etmişdi. Rayonun Kürün Araza qovuşduğu əraziyə daxil olması burada coğrafi və təbii, ekoloji mühitə də müsbət təsir göstərmişdi. Ona görə də bu əraziyə daha çox Suqovuşan adı ilə də müraciət olunur. Bütövlükdə isə rayonun tarixi mədəniyyət nümunələrini gözdən keçirəndə onda məlum olur ki, bu abidələrin hər biri təkcə Sabirabadın deyil, bütövlükdə Azərbaycanın tarixinə böyük töhfədi. Həmin abidələr üzərində aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, ərazidə Ağqoyunlu və Səfəvilər dövlətlərinin mövcud olduğu zamanların təsdiqi olan bilgilər ortaya çıxmışdı. Bu isə öz növbəsində Muğan torpaqlarının ölkəmiz üçün nə qədər böyük önəm kəsb etdiyini bir daha ortaya qoyur. Ümumiyyətlə isə tariximizdə öz izi olan Nadir şahın da bu ərazidən yararlanması yazılı abidələrimzidə də öz təsdiqini tapıb. Məsələn, Abbasqulu Ağa Bakıxanovun "Bakı xanlıqları tarixində" adlı əsərində barəsində fikir söylədiyimiz məqam öz əksini tapıbdı. O ki, qaldı rayonun Sovet dönəmində formalaşmasına, onda qeyd etmək lazımdı ki, Sabirabad rayonu öncə Petropavlovka kimi 1931-ci ilə qədər mövcud olmuş, yalnız həmin ilin oktyabr ayının 7-də buraya Mirzə Ələkbər Sabirin adı verilmişdi. 1959-cu ildən isə rayon mərkəzi Sabirabad şəhəri adlandırılmışdı.

Ümummilli liderimiz Heydər Əliyev Kommunist partiyasına rəhbərlik edərkən dəfələrlə bu rayonda olmuş, məhz onun diqqəti, qayğısı nəticəsində rayon demək olar ki, bütünlüklə öz görkəmini, sosial həyatını dəyişmişdi. Məhz həmin illərdə başlayan abadlıq-quruculuq işləri rayonun təkcə mərkəzində deyil, onun kəndlərində də inkişafın əks-sədasını yaşamağa, görməyə imkan vermişdi. Əgər konkret faktlara üz tutsaq, onda görərik ki, rayonda tikilən böyük mədəniyyət sarayı, rabitə evi, çoxlu sayda orta məktəb binaları, xəstəxanalar, Kür üzərində salınmış körpü, çəkilən yollar bu rayonun həyatında Heydər Əliyev dəsti-xəttinin izləridi. Məhz Ulu Öndərin birbaşa tapşırığı, göstərişlərilə çəkilən qaz, su xətləri, aparılan tikinti işləri Sabirabadın kənd təsərrüfatı rayonu olması ilə yanaşı, həm də iqtisadi inkişafının sosial sahəsini də qabartmağa yandırılmış yaşıl işıq idi. Məhz ona görə də Azərbaycan prezidenti cənab İlham Əliyev Ulu Öndərimizin iqtisadi kursunun davamı olaraq ölkəmizin digər bölgələri kimi Sabirabada da böyük diqqət ayırdı. Cənab Prezidentin Sabirabad səfərləri zamanı açılışlarını etdiyi Sabirabad Olimpia İdman Kompleksi Heydər Əliyevin abidəsi və muzeyi "Muğam" Tibb Diaqnostika Mərkəzi, həmçinin digər sosial obyektlər artıq Sabirabadın görkəminə edilmiş yeni diqqətçəkən əlavələr idi. Milli arxitektura əsasında tikilmiş bu obyektlərin hər birinin özünəməxsusluğu rayon sakinlərinin, eləcə də rayona gələn qonaqların diqqətini hər zaman özünə çəkə bilibdi.

Bu gün Sabirabad rayonu müstəqil Azərbaycanın iqtisadi, sosial cəhətdən inkişaf etmiş bölgələrindən biridi. Rayonda fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlər, aqrolizinq və

servislər, fermer təsərrüfatları, eləcə də dövlət sektoru regionun iqtisadi yüksəlişinə töhfələr verir və rayonda istehsal edilən məhsulların həcmi və çeşidləri də ilbəil artır. Biz rayonun iqtisadi mənzərəsi ilə tanış olmaq üçün yerli icra hakimiyyətinin təqdim etdiyi faktlara üz tutduq. Məlum oldu ki, bu gün rayonda mövcud problemləri aradan qaldırmaq üçün rayon icra hakimiyyəti başçısı yanında yaradılmış şura bilavasitə icra başçısının rəhbərliyi altında fəaliyyət göstərir. Ona görə də vaxtaşırı həmin qərargah rayonun həm mərkəzində, həm də kəndlərində mövcud olan problemləri müzakirə etməklə müvafiq qərar qəbul edilir və həmin qərarın icrası da aidiyyəti qurumlara tapşırılır. Məhz bu cür obyektiv və vaxtında müdaxilənin nəticəsidir ki, son vaxtlar rayonun 12 kəndinə təbii qazın verilməsi təmin olunmuşdu.

Həmin kəndlərlə yanaşı, müəyyən kəndlərin də həm təbii qaz təminatı, həm də su, rabitə məsələləri də uğurla aradan qaldırılmaqdadı. Burada vurğulamaq yerinə düşər ki, rayonun qaz təminatında əhalinin rahatlığını təmin etmək üçün "Smart" kartlardan istifadəyə üstünlük verilir. Rəqəmlərə nəzər salanda görürük ki, ötən ilin sonunda Sabirabad rayonu üzrə 25 500 ədədə yaxın smart kart abonentlərə çatdırılmışdı. Ümumiyyətlə, su sayğaclarında da yeni yararlanma üsulundan istifadəyə üstünlük verilir. Faktiki olaraq rayon ərazisində tikilən su anbarlarının daim gündəmdə olması, həmçinin artezian quyularının qurulması istiqamətində uğurlu işlərin aparılması istiqamətində Sabirabadda su probleminin aradan qaldırılmasına öz töhfəsini vermiş olur.

Sabirabad şəhərinin abadlaşdırılması, şəhərdə tikinti-abadlıq işlərinin aparılması istiqamətində görülən işlərdən biri də yol tikintisidi. Qeyd etmək lazımdır ki, Sabirabad rayonu və şəhəri Hacıqabul-Horadiz yolunun üstündə yerləşdiyindən bu magistrala həmişə böyük maraq və diqqət olubdu. Ona görə də yolun daim yüksək səviyyədə saxlanılması, şəhərin küçələrinin səliqə-səhmanlı olması, səkilərin qurulması rayonun abad görünüşündə öz sözünü deyir. O ki, qaldı rayonun iqtisadi inkişafına, ölkə prezidentinin Azərbaycan regionlarının inkişaf etdirilməsinə dair təsdiq etdiyi proqrama uyğun olaraq Sabirabadda da böyük işlər görülür. Yəni fermerlərə özəl sektora diqqət göstərilməsi, subsidiyaların, kreditlərin ayrılması, həmçinin iş adamlarının fəaliyyətinə şərait yaradılması bir daha gösərir ki, Sabirabad torpağının, yəni Muğanın pambıqçılıq, taxılçılıq, bostan-tərəvəz, maldarlıq sahələri planlı şəkildə inkişaf etdirlir. Ona görə də pandemiya şəraitinin mövcudluğuna baxmayaraq, rayonda hər kəs Sabirabadın uğurlu sabahı üçün öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir. Xüsusilə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət onlar üçün yaradılan şərait deməyə imkan verir ki, Sabirabadda həyat uğurlu inkişaf yolundadı. Buna sübut kimi təhsilin, səhiyyənin genişlənən imkanları, həmçinin rayon gənclərinin təhsil, idman uğurları Prezidentimizin qarşıya qoyduğu vəzifələrin məsuliyyətlə icra edilməsinin göstəricisidi. Deməli, biz Sabirabadın uğurlarına hər zaman şahid ola biləcəyik.

 

Əbülfət MƏDƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.