Şair sevgisinin mənzərəsi - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
186 | 2025-03-12 10:27

Onunla söhbət etmək, fikir mübadiləsi, ədəbi mühitə baxış çərçivəsi daxilində olanları çözmək həmişə maraqlı olubdur. Ümumiyyətlə, o bir söz adamı, yaradıcı insan kimi özü də maraqlıdı, həyata, sözə baxışı da. Uzun illərdir ki, tanıyıram onu. Bir zamanlar «Ədalət» qəzetində özünün səhifəsi də vardı. Hər həftənin üçüncü  günü «Ədalət»in oxucuları ilə özünü və həmkarlarını həmsöhbət edirdi.

Yeri gəlmişkən vurğulayım ki, həmin o çox da uzaq olmayan illərdə «Ədalət» qəzetində professop Vaqif Yusiflinin, şair Qəşəm Nəcəfzadənin, şair Rasim Qaracanın, şair-publisist Samir Sədaqətoğlunun ayrıca səhifələri çap olunurdu və bu səhifələrdə yeni ədəbi nəslin yaradıcılığı, mübahisələri, müzakirələri böyük maraqla izlənilirdi. Mənə görə həmin zaman kəsiyi bir mətbu orqan kimi «Ədalət» qəzetinin ədəbiyyatımıza unudulmaz xidmətinin göstəricisi kimi söz tariximizə yazılıb. Bax elə həmin o zaman kəsiyində mən Samir Sədaqətoğlu ilə xeyli söhbətlər, fikir mübadilələri aparmaqla onun və yaşıdlarının ədəbiyyatımıza gətirdikləri yeniliklərdən xəbərdar olmaq imkanı qazandı. Bu gün də adlarını çəkdiyim həmin tanınmış söz adamları və onların çevrəsi ədəbi camiəmizdə özəl yaradıcılıqları ilə gündəmdədilər. O ki, qaldı Samir Sədaqətoğluna…

Şəxsən tanımazdan öncə imzasını tanıdığım Samir Sədaqətoğlunun yaradıcılığı mənim ruhuma çox yaxındır. Ona görə də istər povest və hekayələrini, istər monopyeslərini, istər şeirlərini həmişə izləyəndə məndə müsbət bir assosiasiya yaranıb. Elə bilmişəm ki, Samir Sədaqətoğlu bu ədəbi nümunə ilə mənim də tanıdığım, bildiyim söz dünyasında təqdim etdikləri çiçək ətirlidi, diqqət çəkəndi və doğmadı. Deməli, bu anlamla yanaşdığım üçün Samiri oxuyanda hislər, ifadələr mənim ruhuma köçüb, qəlbimi ovudub, elə bilmişəm ki, o misralar məhz mənimlə danışmaq üçün, məndə hansısa bir rahatsızlığı ovutmaq üçün yazılıbdı. Çünki misralar və bütövlükdə fikir həm sadə, həm də səmimi olubdur. Bu şeirdə olduğu kimi:

 

Bilsəydim ruhun da, qəlbin də daşdı,

Götürüb özümə bir ev tikərdim.

Sən adlı divara könlümü açdım,

Dəydi daşa oxum, divara dərdim.

 

Nə tumurcuqladı, nə çiçək açdı,

Bu sevgi baxtımın qışına düşdü.

Dedim ətəyindən tök bu daşları,

Sən atdın, o daşlar başıma düşdü.

 

Məndə nə huş qalıb, nə yaddaş qalıb,

Yenə gürz döyürsən səbrimin üstə.

İndi ətəyində bircə daş qalıb,

Onu da qoyarsan qəbrimin üstə.

 

Yəqin ki, şeiri sona kimi oxudunuz və bildiniz ki, bu şeirdəki fikir hamıya tanış, hamının bildiyi mövzudur. Amma o fikrin, o mövzunun özəlliyi ondadır ki, Samir bu şeirdə öz yaşamını, öz duyğusunu misralaya bilib. Onun ifadə etdiyi, yəni oxucu qarşısına çıxartdığı sevgi əslində bir biganəliyin, bir laqeydliyin məngənəsində sıxılsa da, amma sevən ürəyin qırılmasına, diz çökməsinə səbəb ola bilmir. Çünki o sevgi halal, həm də son dərəcə içdən gələn, ruhun özünün süstlədiyi bir sevgidir. Aşiqi hansı hallara salmağından asılı olmayaraq o sevgidən imtinanı hətta ağlına belə gətirmir və yaşayır o sevgi ilə. Elə oxuyanı da, dinləyəni, izləyəni də yaşadır. Yaşanan sevgi üçün yaşamağa dəydiyi kimi, bu yolda hamımızın əl açdığımız Allahın iradəsinə də sığınmaq ehtiyacımız da birmənalıdır. Deməli, Samir yaşadığı sevgini bir şair olaraq oxucuya inandırmaq üçün, oxucuda əminlik hissi yaratmaq üçün özünün iç dünyasını sərgiləyir. Bir növu onu nümayiş etdirir, bütün hüceyrələrinə qədər, bütün yaşanan və yaşanacaq nüanslara qədər. Özü də mətinliklə, israrlı və qərarlı şəkildə. Hətta ölümü də gözünün altına alaraq sevdiyi ilə danışır, pıçıldaşır:

 

Göndər gəlsin əcəlimi,

Öldür məni, Allah, öldür.

Ürəyin harda istəyir,

Götür məni orda öldür.

 

Gör baxtıma nələr çıxdı,

Bu baxt məni yıxdı, yıxdı…

Daha mənə fərqi yoxdu,

Evdə öldüm, yolda öldüm.

 

Hələ də gəlir toy səsi,

Qurtarmır bu toy gecəsi.

Məni, sözümün

kəsəsi,

Allah, sən bu toyda öldür.

 

Qaralan gecə külümsə,

O qız bu toyda gəlinsə,

Və bu toy mənim deyilsə,

Öldür məni, Allah, öldür.

 

Belə bir yanaşma var, yəni özün-özünlə və yaxud özün Tanrınla danışırsan…hər iki halda bir tərəf özünsən. Həmin  özün olan tərəf həmişə müraciət edir, həmişə üz tutur, həmişə uca yaradana əl açır. Ona görə də dinləyən, müşahidə edən, bir az sual ifadə edən nəzərlərlə izləyir   baş  verən  bütün prosesi. O məqama qədər ki, söhbətin mahiyyətini eşidir, dinləyi, bilir... Və məhz ondan sonra səndə qarşılıqlı bir rəy yaranır, münasibət formalaşır. Bax, bu şeiri də oxuyub sona çatana qədər o münasibət bildirmək  istəyi  şəxsən mənim içimdə yavaş-yavaş formalaşmağa başladı  və sonda görürəm ki, şair sevgisinə qovuşmaq üçün ən son addımı atmağa belə hazırdı. Allaha da ona görə üz tutub müraciət edir ki, ən sonuncu variant olan ölümü də seçməyə hazıram. Təki ruhumuz qovuşsun, təki sevginin şirinli-acılı bütün məqamlarını sona qədər yaşaya bilim. Gələn toy səsi gerçəklik kimi aşiqin, yəni sevənin həyatında özünü ifadə etsin, özünü təsdiqləsin…

Adi bir həyat predmetinin belə kövrək duyğularla şeirə çevrilməsi son dərəcə təsiredici və duyğusaldır. Ümumiyyətlə, Samir Sədaqətoğlunun «İtən vaxt» kitabındakı şeirlərin mahiyyəti, qayəsi, yaşananları oxucuya yaşatmaq yönümlüdür. Bu yaşananları hər birimiz bu və ya digər formada ömür yolumuzda görüb, duyub və nəhayət özümüzünkü etsək də, Samirin şeirlərində biz onu təkrar görür, hiss edir və özümüzünküləşdiririk:

 

Yenə də tənhalıq, yenə də təklik,

Özüm öz içimi yeyirəm daha.

Siqaret qutusu sirdaşım olub,

Şeirimi mən ona deyirəm daha.

 

Bax indi bir mənəm, bir də ürəyim,

Tanrı da yanına çağıran deyil.

Dostların üzü tək taleyim qara,

Bu baxtı yusan da ağaran deyil.

 

Qaçım bəd ayaqda de, kimin üstə,

Hamının oduna bişən ürəyim.

Gör necə çırpınır səkinin üstə,

Ayağım altına düşən ürəyim.

 

Məlumdur ki, sevgi, məhəbbət, eşq, hər kəs üçün duyulan, yaşanan duyğudu, hisdi. Amma söz adamları, ümumiyyətlə, yaradıcı insanlar bu duyğuları bir az fərqli yaşayırlar. Onlar sevgini Tanrı səviyyəsinə qaldırmağı bacarırlar. Onu yaşadıqları kimi yaşatmağı da bacaran böyük söz adamları olub , bu gün də var və  zaman-zaman olacaqdırda!.

Deməli, hər kəs öz sevgisini yaşadığı kimi, həm də öz sevgisini oxucu qəlbində yaşatmaq haqqını, qabiliyyət və bacarığını özü qazanmalıdır. Bunu qazana bilən müəlliflər yazıb-yaratdıqları  ilə sevgi ömrünü də qazanırlar. Düşünürəm ki, Samir Sədaqətoğlunun şeirlərindən gətirdiyim nümunələr onun şair sevgisini bu gün də oxucu qəlbində, oxucu yanında olduğuna şübhə yeri saxlamır

  • Mart:
  • 7

TƏQVİM / ARXİV