Səni heç kəs düşünmür...

CƏLİL CAVANŞİR
25887 | 2013-11-26 00:20
Üzüm danlağa öyrəşib. Əlinə fürsət düşəndə valideyinlərim, dostlarım, redaktorlarım, iş yoldaşlaım, tanışlarım, evdə həyat yoldaşım, hətta bağçaya gedən beş yaşlı oğlum da məni danlayır.
Bütün günü danlaq eşidirəm.
"Evə niyə gec gəlirsən?", "Üzünü niyə qırxmırsan?", "Niyə çox içirsən?", "Bu nə tənbəllikdir?", "Bu qədər məsuliyyətsiz olma!", ""Niyə kökəlirsən?", "Bu nə saçdı!", "Sənin şort geyinən yaşındır?" və s. və ilaxir.
Beş yaşlı oğlum belə məndən narazıdır: "Niyə mənimlə oynamırsan?"
Bu danlaqlardan nəticə çıxarıb həyatımı nizama salmağa çalışıram. Bütün günü özümə əl gəzdirirəm. Yuxudan tez qalxmağa, tez yatmağa çalışıram. Yavaş-yavaş üzümü təraş etməyi gündəlik işlərimə daxil edirəm. Şort geyinmirəm. Məsuliyyətli və intizamlı olmağa çalışıram.
Evə vaxtında çatmaq üçün sinəmi qabağa verib tıxacları yarmağa, az içmək üçün tövbə etməyə, arıqlamaq üçün dietaya başlamağa qərar vermişəm.
Bütün bunlar azmış kimi, son vaxtlar oxucuların danlağını eşitməyə başlamışam. Az qala hər gün, oxucu danlağı ilə üz-üzəyəm.
"Bu yazınızda dərinlik yoxdur...", "Hörmətli yazar, əvvəlcə Azərbaycan dilini öyrənin!", "Bütün qövmləri araşdırdım, bu qövmlərin içində yeganə bədbəxt adam sənsən! Allah səni hidayət eləsin!", "Romanınızı bəyənmədim, mənim zövqümcə deyil.", "Özünüzü dahi hesab edirsiniz, amma siqaret çəkən fotonuzu paylaşırsınız", "Dinə qarşı çıxmayın, Allah sizi cəzalandıracaq!", "Əvvəlcə güzgüdə özünə bax, sonra Allahın peyğəmbəri haqqında yaz!"
Gün ərzində bu qədər danlaq eşitmək əsil işgəncədir. Sanki yaxınlar, qohumlar, doğmalar və hətta oxucular pozitiv enerji ötürməyəcəklərinə dair and içiblər.
Hamı giley, hamı narazılıq püskürür.

***
Gözəl bir sabahdır.
Yuxudan oyanmışam, gümraham.
Amma sanki hamı bir-biri ilə bəhsə girib.
Bütün kommunikasiya vasitələri neqativ enerji püskürür.
Telefonuma gələn SMS-i sevincək açıram. Atam yazır: "Yekə kişisən, efirə çıxanda saç-saqqalını kəsdir!" Anamın zəng etdiyini görüb telefonu öpüb, gözümün üstünə qoyuram, sonra "YES" deyməsini basıram: "Oğul, bu nə vid-fasondur? Hanı sənin kostyumun, qalstukun? Yəni özünə bir kostyum ala bilmirsən?"
Həyat yoldaşım SMS yazır: "Biz ümid edirik ki, sən bu gün evə vaxtında gələcəksən".
Evə zəng edirəm, oğlum dəstəyi götürür: "Ata, piyvə (pivə) içsən, səni öpməyəcəm!"
Dostumla "Google Talk"-da danışırıq: "Niyə itib-batmısan? Haralardasan? Belə laqeyid olmaq yaraşmaz axı!"
Yazıma gəlmiş oxucu şərhinə baxıram: "Bıııy, ay yazar, siz Anarı hələ indi oxumusunuz? Bir az kitab oxuyun da..."

***
Özümə söz verirəm ki, daha heç bir mesaja, zəngə əsəbləşməyəcəm, ruhdan düşməyəcəm.
Amma olmur.
Hamı umur, hamı tələb edir, hamı küsür, hamı narazıdır, hamı məndən ağıllıdır, hamı müdrikdir, hamı danlayır...
Hər yazı ilə bağlı onlarla narazı oxucunun suallarına cavab verməyə məcbur oluram.
Sanki hamı sözləşib, birdən hücuma keçir.
Sadə bir həqiqəti izah edə bilmirəm ki, mənim işim hamını razı salacaq yazı yazmaq deyil.
Hər kəs özünü haqlı, məni haqsız bilir.
Heç kəs mənim insan olaraq, yazar olaraq şəxsi düşüncəmi, şəxsi seçimimi, şəxsi istəklərimi nəzərə almaq istəmir.
Bu tək mənimlə belə deyil, yazarlarımızın çoxu bu cür danlaqları eşidir, oxuyur.
Bəzən səni yazdığın mövzuya görə yox, yazmadığın mövzuya görə danlayıralar.
Zaman isə amansızdır.
Günümüz başqalarının danlaqlarına, gileylərinə, gözləntilərinə həsr olunur.
Adamlar səndən hər şey istəyir, hər şey gözləyir.
Özün olmaq istəyini sənə bağışlamırlar.
Sənin şəxsi düşüncən, şəxsi seçimin isə onlara "vız gəlir"...
Səni qəlibdə, çərçivədə görmək istəyirlər.
Sənin bezdiyini, tükəndiyini, yorulduğunu isə heç kəs nəzərə almaq istəmir...

Cəlil Cavanşir

TƏQVİM / ARXİV