Sənsizliyin ölçüsü – sonsuzluq

Ömür-gün yoldaşım Aidə xanımın əziz xatirəsinə
Esse
Baxıram ev-eşik boşdur elə bil,
Səninlə varım da, yoxum da gedib.
Bir ürəyim deyil, bir canım deyil,
Dincliyim də gedib, yuxum da gedib.
Məmməd Araz
Əzizim Aidə, bəs niyə sənsizliyin acısı ilə belə tez rastlaşdıq. Sənsiz keçən günlərimin hər biri bir əsrdən uzundur. Nədir axı bu sənsizlik? Səfərə gedəndə arxamca su atılmamış quru pilləkənlərmi? İşdən evə qayıdanda üzümə bağlı qapılarmı? Sənin nəfəsinlə indi isinməyən buzlaşmış soyuq otaqlarmı? Divardan asılmış tablodan baxan gözlərindən süzülən, qəlbimi didim-didim edən kədərli baxışlarınmı? Bildiyin kimi ən çox dinlədiyim “Zəminxarə”nin nalələri altında sənli günlərimin xatirələrimi? Bilmirəm…
Günlər, aylar ötür, bəs niyə azalmır sənsizliyin acısı?
Bu vaxtsız sevginin əcəli yetdi
Buydu qismətimiz, ya tez, ya da gec.
Hərə öz dərdini apardı getdi.
Bəs niyə dərdimiz azalmadı heç?..
Ramiz Rövşən
Sənsizliyinin ürəyimdə açdığı yara qaysaq bağlamadı. Yoxluğa heç cür alışa bilmirəm. Gəlməyəcəyini bilə-bilə hər gün, hər an yolunu gözləyirəm. Sənsizliyin içində hər an sən varsan. Tez-tez səni yuxularımda görürəm, dərhal da oyanıb sənsizliyin içinə düşürəm. Yuxumdakı anları ömrümün illərinə dəyişmərəm.
Əzizim Aidə, bu nə qismət imiş, yoxluğunla varlığın arasındayam. İllər, fəsillər dəyişir, sənin və mənim sevmədiyimiz qış gəlir - acı soyuq küləklər əsir, qar yağır; onlardan yüz qat, min qat çox məni sənsizliyin soyuğu üşüdür. Bu soyuğun üstünə otaqdakı təkliyin soyuqluğu da gəlir. Kaş belə tez sənsizliyin acı soyuğunu yaşatmayaydım.
Xəyal gah dağdadır, gah da aranda,
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda bir saat tək oturanda,
Min ilin dərdiylə yüklənir insan.
Elə bil divarlar gəlir üstünə,
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.
Bəxtiyar Vahabzadə
Görəsən sənsizliyin ölçüsü nədir. Məni bu qədər ağır yük altında saxlayan sənsizliyi necə ölçüm, necə qiymətləndirim. Sənsizliyinin acısı, elə bir acıdır ki, bir kuzə zəhərlə də ölçülə bilməz. Sənin də bildiyin kimi (sən hələ Tibb İnstitunda oxuyanda bir yerdə statistika dərsini müzakirə edirdik) elmdə ölçü məsafə anlayışı ilə əlaqələndirilir.
Elmdə məsafə dedikdə iki obyekt arasındakı uzaqlıq nəzərdə tutulur. İndi aramızdakı məsafə nə qədərdisə, sənsizliyinin ölçüsü də o qədərdi. Bilmirəm, yəqin sonsuzluq qədər. Amma bütün sənsiz günlərimdə həmişə, hər an səninlə olduğumdan bu sonsuz sənsizlik məsafəsi sənli məsafəyə çevrilir və sıfır olur. Fərq eləməz, bu dünyada da, o dünyada da sən həmişə mənimləsən.
Taleyin nə sərt silləsi varmış. Getdiyin səfərin sonu görünmür, bu sənsizlik yolu çox uzun imiş, sonsuzluq qədər uzun.
Əzizim Aidə, bu sənsizlik içində sən həmişə mənimləsən. Heç vaxt məsafəmiz olmayacaq, nə bu dünyada, nə də o dünyada.
Sənin Rafiqin.
Digər Xəbərlər

...Axı deyirlər, şəhidlər ölmür... - Elman Eldaroğlu yazır

"Ulduz"lu görüşlər" çərçivəsində Etimad Başkeçidlə görüş keçirilib - FOTO

Maarif, təhsil, məktəb fədaisi - Qərənfil Dünyaminqızı yazır

Yaz çiçəkləri: Gətirdin ömrümün yazını nərgiz!

“ZƏLİMXAN NƏ DESƏ SAZ DİLİNDƏDİ”- Ustadın yeni KİTABI

Ağdam bazarı Aqil Abbasın xatirə aynasında - Esmira İsmayılova yazır
jpg-1745217995.jpg)
Xalqımızın şəhidlərə ehtiramı: 2 yaşlı Aişənin doğum günü keçirildi
