adalet.az header logo
  • Bakı -°C
24 Aprel 2026 10:32
80
İQTİSADİYYAT
A- A+

"Sərhədlər açılsa belə turizmin inkişafı tam təmin edilə bilməz" - İqtisadçı

"Bu ilin birinci rübü yenə də ölkəmizə gələn turistlərin sayında 5%-dək azalma var. Bu məsələdə sözsüz ki, ölkəyə giriş imkanlarının genişliyi önəmlidir".

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, quru sərhədlərin bağlı qalması regiona gələn turist axınına təsir edir və nəticədə hava nəqliyyatından asılılıq artır:

"Bu isə turizmi kütləvi deyil, daha çox məhdud və bahalı seqmentə yönəldir. Təbii ki, quru sərhədlərinin bağlı qalması daha starteji faktorlarla bağlıdır. Lakin bu amilin turizm sektoruna təsiri danılmazdır. Amma məsələ orasındadır ki, "quru sərhədləri açsaq turizm inkişaf edəcək" deyə bir düşüncə yanlışdır. Sərhədlər açılsa belə digər problemlər həll olunmadan turizmin inkişafı tam təmin edilə bilməz. Belə ciddi problemlərdən biri də Azərbaycanda qiymət və xidmət arasında balansın pozulmasıdır. Otellərdə və digər turizm obyektlərində təqdim olunan xidmətin səviyyəsi ilə qiymət arasında adekvatlıq təmin olunmur. Nəticədə turist seçim qarşısında qaldıqda Bakı ilə Tbilisi, İstanbul və ya Dubay arasında müqayisə aparır, eyni qiymətə daha yüksək xidmət təklif edən digər istiqamətləri seçir".

İqtisadçı qeyd edib ki, digər mühüm məsələ turizm paketləri ilə bağlıdır: "Məsələn, 5 günlük və ya 1 həftəlik beynəlxalq standartlara uyğun tur paketləri rəqib ölkələrlə müqayisədə Azərbaycanda ya zəif inkişaf edib, ya da demək olar ki, mövcud deyil. Əyləncə turizmi, tematik turizm, kənd turizmi kimi sahələr yetərincə inkişaf etməyib. Buna görə turist üçün ölkə daxilində "hazır və dolu proqram" formalaşmır. Turist gələndə nəyi harada və hansı ardıcıllıqla edəcəyini özü planlaşdırmalı olur. Bu isə seçim qərarına birbaşa təsir edir, çünki rəqib ölkələrdə bu təcrübə artıq paket halında təqdim olunur. Regionlar bu baxımdan ümumi sistemə tam qoşula bilmir. İnfrastruktur müəyyən qədər qurulsa da, turist üçün cəlbedici və davamlı fəaliyyət mühiti formalaşmayıb. Nəticədə ölkədaxili hərəkət zəifləyir və turizm daha çox bir şəhər çərçivəsində qalır. Bu səbəbdən turistlər ya ölkədə qısa müddət (1-2 gün) qalır, ya da ümumiyyətlə başqa ölkələri seçirlər".

E.Əmirov qeyd edib ki, digər vacib məqam Azərbaycanın turizm brendinin olmamasıdır: "Yəni, ölkəmizi digər turizm ölkələrindən fərqləndirən aydın və güclü bir imic formalaşmayıb. Məsələn, Gürcüstan turizmi ucuzluğu, Türkiyə yüksək xidmət səviyyəsi, Dubay isə lüks turizm imkanları ilə seçilir. Azərbaycanda isə bu cür fərqləndirici xüsusiyyət hələ də tam formalaşmayıb. Qiymət amili, xidmət səviyyəsi, əlçatanlıq, turizm təcrübəsinin zəifliyi, özünə məxsusluğun (brending) olmaması və digər faktorlar bir-biri ilə bağlı şəkildə turizm sektorunun inkişafına mane olur. Əminliklə qeyd etmək olar ki, həllini gözləyən bu məsələlər arasında ən qısa zamanda və asanlıqla həll edilə bilən məsələ elə quru sərhədlərinin açılmasıdır. Tutaq ki, zamanı gəldi, məqam yetişdi və sərhədlərin açılması qərarı verildi. Bəs o zaman digər qeyd edilən çatışmazlıqlar dərhal həll edilə biləcək? Çətin. Onların həllinə daha çox zaman lazımdır. Qeyd edilən istiqamətlərdə ciddi irəliləyişlər olmadan, quru sərhədlər bu gün açılsa belə yenə də turizm sahəsində ciddi və davamlı inkişafa nail olmaq çətin olar".