Şərqi Zəngəzur iqtisadi rayonu: Ermənilərin həyəcanlandıran detallar - ŞƏRH

Müharibə yenicə bitər-bitməz erməni politoloq Suren Sərkisyan təşvişlə öz xalqına bildirdi ki, Ermənistandakı qeyri-effektiv idarə, hakimiyyətin total qeyri-mövcudluğu nəticəsində yeni reallıq formalaşıb:”Burada Sünik (Zəngəzur mahalı.) vacib rol oynayır. Niyə? Sünik təkcə Ermənistanın yox, həm də İranın xarici sərhədidir. İranın nöqteyi-nəzərincə, bu, ABŞ və İsrail tərəfindən yaradılan həlqədə strateji sərhəddir. İran üçün Sünik ona görə vacibdir ki, bu, Ermənistan və Gürcüstan vasitəsilə Türkiyə və türk dövlətlərindən yan keçərək Rusiya və Qara dənizə çıxış imkanı yaradan yeganə quru yoludur”.
Qarabağ prelüddir: Zəngəzur başlayır-deyə vurğulayan erməni politoloqun fikrincə, Sünikə nəzarət planında Türkiyənin regionda rolu artır, çünki ABŞ, İsrail və İran ona müraciət etməli olacaqlar:” Bu razılaşmada biz faktor deyilik, ona görə ki, bizdən heç nə soruşmayacaqlar”.
Daha bir həyəcan siqnalı erməni politoloq Yervand Bozoyandan gəldi. O, Qarabağın Azərbaycanın tərkibinə qayıdacağı təqdirdə Ermənistanın bununla bərabər Zəngəzuru da itirəcəyini bildirdi :”Hazırda heç kimə Qarabağı Azərbaycandan ayırmaq, müstəqilliyini tanımaq və ya Ermənistanın tərkibinə qatmaq sərfəli deyil. İran Azərbaycandan və azərbaycanlılardan ehtiyat edir, Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır, Gürcüstanın “iki Qarabağı”, Rusiya Federasiyasında isə 89 “Qarabağ” mövcuddur. Qonşularımızdan heç kimin bu problemin həlli ilə bağlı resepti yoxdur”. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, politoloq David Şahnazaryanın həyəcanının haqlı olduğunu duyuruq:“Bizim cəmiyyət elə bilir ki, müharibə bitib. Əslində müharibədə fasilə elan edilib. Rus sülhməramlılarını salamlayıram. Əslində isə müharibə üçün əsas mövzu yenə də Sünik (Zəngəzur) olaraq qalır”.
Erməni politoloqları həcənlandıran nüans:Tex, Aravus...
Bu günlərdə Qarabağda tarixi qələbə qazanan müzəffər ordumuzun bir qrup əsgərləri Tex kəndinə ( Tex- Zəngəzur mahalında yerləşir, tarixi adı Dığdır) daxil olaraq, ermənilərə buranın Azərbaycana məxsus olduğunu deyiblər. İcma rəhbəri Narses Şadunts deyir ki, təxminən 10 Azərbaycan hərbçisi kəndə gəlib:“Əllərində xəritə var idi və ərazini çəkirdilər. Bildirdilər ki, bu ərazi Azərbaycana məxsusdur. Bələdiyyə sədri onlarla Azərbaycan dilində danışırdı. İzah etdi ki, bu bizim sərhədimizdir. Azərbaycanlılar çox sakit söhbət edirdilər, sonra mövqelərinə qayıtdılar, lakin dəqiqləşdirmələrdən sonra yenidən qayıdacaqlarını bildirdilər. Məsələ burasındadır ki, bizim hökumətimiz bununla bağlı heç bir rəsmi açıqlama vermir”.
Nəhayət həddən artıq təşviş keçirən Narses əlavə edib ki, Azərbaycan əsgərləri Laçınla sərhəddə yerləşən Aravus kəndinə də gedib, bələdiyyə başçısı Arqam Hovsepyanla danışaraq, bu kəndin Azərbaycana məxsus olduğunu bildiriblər.
Məsələ ondadır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndən sonra dövlət sərhədini bir çox istiqamətdə irəli çəkib. Məqsəd torpaqlar nə vaxtsa qayıdarsa, həmin ərazilərin Ermənistanda qalmasıdır. Söyüdlü (Zod) qızıl yatağı ilə bağlı olanlar bunun sübutudur.
Azərbaycan ordusu Ermənistanın qanunsuz qurduğu keçid məntəqəsini dağıdaraq, ermənilərə yataqdan çıxmalarını bildirdi. Ardınca Rusiyanın vasitəçiliyi ilə sərhədin demarkasiyası üzərində müzakirələr başlandı.
Başı bəlalı Zəngəzur
Hələ sovetləşmə dövründən çox əvvəl Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi azərbaycanlılara məxsus olub. Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri və Kürdüstan qəzasından (Zəngilan, Qubadlı və Laçını) ibarət mahalda XX əsrin əvvəllərində 149 türk, 91 kürd və 81 erməni kəndi var idi.
Zəngəzur Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali öldürülüb. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silindi. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirildi. Mudros müqaviləsi əsasında osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı. Dığ kəndinin erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı.
Sovet Rusiyasının bizə biçdiyi “don”
1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu.1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölündü və Zəngəzur adı xəritədən silindi. Yerində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı.
Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı.
“Zəngəzur Azərbaycandır” deyə bilmək şansı yaranıb
“SSRİ Ermənistanın sovetləşməsi qarşılığında Zəngəzuru heç bir hüquqi əsas olmadan, ən əsası da Azərbaycan xalqının razılığı olmadan verib. Bu rəsmi sənədlərlə də var. Digər tərəfdən, Paris Sülh Konfransında Azərbaycan, Ermənistan və Gürcüstan dövlətlərinin ərazisi rəsmi şəkildə təsdiqlənib. Zəngəzur mahalı da ADR ərazisi kimi qəbul edilib. Bu və digər rəsmi tarixi sənədlərlə məsələni BMT miqyasında, MDB və digər beynəlxalq təşkilatlarda səsləndirə bilərik”.
Bu fikirləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev söyləyib. O bildirib ki, Azərbaycan indiki halda Zəngəzur məsələsini beynəlxalq müstəvidə aktuallaşdıra bilər: Biz ən azı dünya ictimaiyyətinin diqqətini bu mövzuya yönəldə, bu istiqamətdə böyük bir prosesə başlaya bilərik. Əsas məsələ də odur ki, dünyaya əslində Ermənistanın necə yarandığı və 1918-ci ildə beynəlxalq aləm tərəfindən tanınan ərazilərimizin bir hissəsinin qanunsuz olaraq, referendum keçirilmədən, xalqın razılığı olmadan ermənilərə necə verildiyini sübut edə bilərik. Gerisi isə gələcəyin işidir”.
Rusiyalı analitik Aleksandr Xramçıxin də bu mövziuya toxunaraq belə bir fikir yürüdüb:” Zəngəzurun qaytarılması və Azərbaycanın Naxçıvanla birləşdirilməsi bəlkə də Bakının müəyyən şərtlər daxilində həyata keçirilə bilən maksimum proqramıdır.“Rəsmi Bakının bunu mütləq edəcəyini söyləmək olmaz, lakin şərait əlverişli olarsa, cəhd edə bilər”,
Sərkərdə də xalq deyəni deyir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı belə bir fikir söylədi:
“Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”,
Əminliklə deyə bilərəm ki, sentyabrın 27-dən dekabrın 1-nə qədər xalq olaraq Prezidentimizin ətrafında necə sıx birləşdiksə, 44 günlük müharibədə dövlətimizlə necə bərabər olduqsa, bundan sonra da bu cür birlik, həmrəylik davam etməlidir. Axı qarşıda hələ Zəngəzur da var....
Son Olaraq: Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb.
Bu, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Prezidentinin Fərmanında əks olunub.
Fərmanda qeyd olunub ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.
Qeyd edək ki, bundan əvvəlki bölgüdə Kəlbəcər-Laçın iqtisadi rayonu mövcud olub və Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edib.
Xalqımıza xeyirli-uğurlu olsun!
Əntiqə Rəşid
Digər Xəbərlər

Prezident və xanımı Patriarx Kirill ilə görüşdü - FOTOLAR +YENİLƏNİB

Elçin Əmirbəyov Qvatemalanın XİN rəhbəri ilə görüşdü - FOTOLAR

Putin İlham Əliyevə məktub göndərdi

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə müzakirə APARDI

Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib

Elnur Məmmədov Nepal XİN başçısı ilə görüşüb
