adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 May 2022 15:17
2969
MÜSAHİBƏ

"Sevgisini, şagirdləri və işinə həsr edən müəllim ən mükəmməl müəllimdir..." - MÜSAHİBƏ

Çağdaş dövrümüzdə son illər ərzində dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan STEAM - təhsil müasir təhsil fenomeni kimi peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamətlərdən biri kimi formalaşmaqdadır.

Bu təhsil sisteminin əsas hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunan biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır. Məktəblərdə STEAM şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı şəkildə öyrənmə üsulunu təmin edir.

Bugünkü müsahibimiz müasir təshil metodlarınan professional şəkildə faydalanmağı bacaran, bütün gücü ilə peşəsinə bağlı olan İngilis dili müəllimi – pedaqoq Günay Cəfərovadır.

- Müəllimlik peşəsinə həvəsiniz nə zaman, necə yarandı?

- Mən Cəfərova Günay – İngilis dili, Alqoritm və Steam (STEAM təhsil metodu şagirdlərə beş sahənin - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.) müəllimiyəm. Mən bir müəllim – pedaqoq olaraq öz fəaliyyətimi həm Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin həm də Bakı şəhəri 24 saylı orta məktəbdə davam etdirirəm. Mən hələ orta məktəb illərindən müəllimik sənətinə maraqlı olmuşam. Təbii ki, bir müəllim olaraq peşəmə həvəsim hədsiz olub. Lakin daima mən yenilikləri, dinamikanı və həyəcandolu işləri sevirəm. Xüsusən də müasir aktivitələri çox sevmişəm. Həm də mən təhsildə yeni metod olan Steam kurslarına olan marağım bu sahəyə məni daha çox bağladı.

- Adətən hər bir müəllimin özünəməsxus tədris metodları olur. Bəs sizin özünüzün fərqli bir dərs - tədris metodunuz varmı?

- Düşünürəm ki, hər bir insanın o cümlədən hər bir müəllimin həyat tərzinə uyğun öz iş metodları olur. Mən daha çox şagirdləri motivasiya edən, onları daha yaxşı mənada həyəcanlandıran bir mühit yaratmağı sevirəm. Dərsdən əvvəl onların gözlərindəki parıltı və maraqdolu baxışlar məni daha çox həvəsləndirir. Sualdolu baxışları ilə mənə yaxınlaşıb bu gün hansı mövzuda dərs keçəcəyimi soruşmaları mənə əlavə stimul verir. O zaman mən bir daha dərk edirəm ki, mən şagirdlərimin təsəvvüründə maraq yaratmağı bacaran müəllim ola bilmişəm. Həm də mənim də özünəməxsus metodlarım var və daim o metodlarla tədris işimi icra edirəm.

- Bir gənc müəllim – pedaqoq kimi təbii ki, şagirdlərlə işləyirsiniz. Şagirdlərinizdən gözləntiləriniz nələrdir?

- Hər şeydən əvvəl biz ölkəmiz üçün xidmət edirik, çalışırıq. İlk olaraq ölkəmizə gələcək üçün layiqli vətəndaş yetişdiririk. Önəmli olan bir şagirdin insani cəhətləridir. Daha sonra onun təhsili və mədəniyyətidir. Bunlarla bərabər mühüm cəhətlər, onların vətənə, millətə sevgisi və məhəbbətidir. Hər şey ailədən və məktəbdən başladığı üçün biz mütləq bu məsələlərdə daim diqqətli olmalıyıq. Sadaladığım müsbət xüsusiyyətlər hər hansısa bir şagirddə olduğu halda bu bir müəllimin uğuru hesab oluna bilər. Əgər biz bunu bacarsaq gələcək üçün ölkəmizə xeyrli vətəndaşlar yetişdirmiş oluruq.

- Fikrinizcə təhsilimizdə nə kimi yeniliklərin olmasını istərdiniz?

- Mənim fikrimcə praktiki dərslərin keçirilməsi daha önəmlidir. Daha çox dinamik şəkildə keçirilən dərslərin effekti də yaxşı olur. Çünki burda şagirdlər öyrəndiklərini həm əyləncəli həm də daha rahat yolla mənimsəyirlər. Bir də istərdim ki, İnformasiya texnologiyaları ilə bağlı dərslərin tədrisinin sayının çox olsun. Müasir dövrümüzün tələbi bu olduğu üçün düşünürəm ki, bunda fayda var.

- Sonda şagirdlərə və müəllim olmaq istəyən gənclərə demək istədikləriniz nədir?

- Əgər hansısa bir şəxs öz peşəsini çox sevəcəksə, o sahəyə can yandıracaqsa bir o qədər də uğura yaxın olacaq. Əgər mən işimi sevə - sevə işimi görürəmsə mütləqdir ki, sonunda yaxşı nəticələr görünəcək. Bu sanki mətbəxdə bir xörəyin sevgilə hazırlanmasına bənzəyir. Mən dərs prosesini necə hazırlayıramsa və yaxud necə sevdirirəmsə şagirdlərdən də onun eynisini görəcəyimi bilməliyəm. Bir sözlə, müəllim işini ürəklə və sevgiylə gördükcə o həm şagirdlərin sevimlisi olur həm də tədris etdiyi fənni sevdirə bilir. Gənclərə isə əsas məsləhətim o olar ki, əvvəlcə seçdikləri sahəni dəfələrlə araşdırsınlar. Özləri ilə o peşə arasında bir uyğunluq tapsınlar. Və yalnız bundan sonra yaxş mütəxəssis olmağı qarşılarına məqsəd kimi qoysunlar.

- Maraqlı fikirləriniz və müsahibə üçün təşəkkür edirəm və işlərinizdə uğurlar arzu edirəm.

- Mən də sizə və saytınızın kollektivinə təşəkkür edirəm, uğurlar olsun deyirəm.

 

Söhbətləşdi : Bünyamin Bünyadzadə