Şeybani xanının təhqiri: Şahımızın hərbi taktikası, Mərv döyüşü, Xorasan fəthi

Ötən günkü yazımda qeyd etdiyim kimi, 1501-cü ildə Təbrizdə Azərbaycanda şah taxtına çıxan I Şah İsmayıl (Xətai) az bir müddətdə, daha dəqiq , 1509-cu ilə qədər bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirdi.
İndiki İran ərazisində yalnızca Xorasan qalmışdı ki, onu Şah İsmayıl Xətai hələki ərazisinə qata bilməmişdi. Çünki həmin vaxt Xorasan Şeybanilərin nəzarəti altında idi.Şahımızın gözləri Xorasana zillənmişdi! Çünki orada Xorasana nəzarət edən Şeybanilərin sülaləsinin xanı Məhəmməd Şeybani "tezliklə İraq və Azərbaycan hüduduna qoşun çəkəcəyik və o məmləkətin işğalından sonra Hicaza hərəkət edəcəyik" deyə Səfəviləri hədələyirdi.
Axı kim idi bu Məhəmməd Şeybani ?
Məhəmməd Şeybani 1500 -cü ildə Şeybani sülaləsinə seçilən özbək xanı, şairi olub. Məhəmməd Şeybəxt xan kimi tanınırdı. Anası Uluqbəyin qızı Reyhan Sultan bəyim idi.
Şeybanilər isə Çingiz xanın oğullarından Cuçinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Əmir Teymur tərəfindən yıxılmışdır. Sonra 1500-ci ildə Məhəmməd Şeybani xan (1451-1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500-1599) 1506-ci ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır.
Şeybək xanın Şah İsmayıla göndərdiyi məktubda da şeir ilə hədəfinin tək İranın deyil, Məkkə və Mədinənin də işğal edəcəyi olduğu göstərilir.
Şerin məzmunu:
İstəyimiz viran olmuş İraq mülkü deyil
Məkkə ilə Mədinəni almasam hesab deyil.
Şeybək xan İraq dedikdə təzə təsis olmuş Səfəvi dövlətinin ixtiyarında olan Əcəm İraqını nəzərdə tuturdu.
Dövrünün alimi və xəttatı olan Fəzl ibn Ruzbəhan bu haqda yazır: "İraq, Fars, Kerman, Azərbaycan və Ərəb İraqında Şah İsmayıla çətinlik törədə biləcək və başını qata biləcək elə bir qarışıqlıq qalmamışdı". Nəhayət, Şah İsmayıl Şeybək xanın sorağına gəlir və təkəbbürə malik olan Şeybək xan Şah İsmayıla göndərdiyi məktublarda ünvanına xoşagəlməz sözlər deyir və onu «kiçik nəzarətçi» adlandırırdı.
O, Şah İsmayıldan İranda onun adına sikkə vurub Orta Asiya camaatının Həcc ziyarətinə getməyinə imkan verməsini tələb edirdi. Göndərdiyi məktubların birində yazırdı: "Cümə məscidlərində bizim hər yanı tutmağımız haqqında xütbə oxu və özün də bizim yüksək məqamımıza diqqət yetir, yoxsa..."
Təhqirlər Şah İsmayılın Xorasana yolunu açır
Şeybəkin bu tip - dövlət başçısına layiq olmayan açıqlama və məktubları artıq Şah İsmayılın səbr kasasını doldurur. Əlbəttə, belə bir təhqiramiz məktub hər bir tanınmış əmir üçün dözülməz bir iş idi. O ki, qaldı İranın mərkəzini birləşdirməyə nail olan və heç bir məğlubiyyətlə qarşılaşmayan Şah İsmayıl kimi qüdrətli bir sərkərdəyə.
1510-cu ilin payızın son günlərində Şah İsmayıl 17 min nəfərlik qoşunla hərəkətə keçir . Qızılbaşların hücum xəbəri Şeybanilərə çatdıqda qorxuya düşür, hətta Şeybək xan Həratı tərk edib Mərvə qaçmağa məcbur olur. Qızılbaşlar ordusu Məşhədə daxil olur, oradan isə Sərəxsə və Mərvə gəlirlər. Tanışlıq üçün bildirək ki, bir zamanlar Böyük Səlcuqlu dövlətinin , paytaxtı Mərv şəhəri Türkmənistan sərhədləri içində tarixi İpək yolu güzərgahı üzərində qurulmuş bir çöl şəhəridir.
Səlcuqlu sultanı Sultan Səncərin dövründə Mərv şəhəri əhalisinin sayına və gözəlliyinə görə Bağdad və İstanbul (Konstantinopol) şəhərlərini belə geridə qoyurdu. O dövrdə Mərvi dünya şəhərlərinin çarı ("Şahı-cahan") adlandırırdılar. Məşhur ərəb alimi və səyyahı Əl Makdisi yazır: "Hicazda şəhərlərin anası Məkkə, Xorasanda isə Mərvdir".
Hə, harda qalmışdıq? 17 minlik qoşunun Mərvə tərəf irəliləməsində... Şah İsmayıl Mərvə doğru irəliləyir və əsas döyüş də elə orada baş verir. O dövrün şahidləri yazır: "Bir həftə ərzində Mərv böyük bir qətlgaha çevrilir və əhalinin üzündə qəm və kədər görünürdü".
Mərv qalasındakı lovğanın aqibəti
Şeybani xanı özbək qəbilələrindən əlavə yardım gözləmək üçün Mərv qalasına çəkilir. Qalaya hücum etməyin böyük itki risqini anlayan uzaqgörən və tədbirli Şah İsmayıl döyüşü səhrada keçirmək üçün ağıllı hərbi-strateji hiylə işlədir, guya şeybanilərdən qorxaraq geri çəkilir. Özbək sərkərdələri bunu başa düşüb Şeybani xana qaladan çıxmağı məsləhət görmürlər.
Mərhum tarixçi -alim Kərəm Məmmədov yazır:" Böyük əmirlərdən olan Qənbər bəy və Canvəfa mirzə ərz etdilər:"Yaxşısı budur, daha iki-üç gün gözləyək ki, Übeyd xan və Teymur sultan bizə qoşulsunlar. Ondan sonra qaladan çıxarıq. Çünki qızılbaşların köç etməsi zəiflikdən deyil, hiyləgərlikdəndir".
Bu sözü eşidən Şeybək xan lovğalıq və qürur hissinə qapıldığı üçün onlardan incidi və söyməyə başladı. Qənbər bəy və Canvəfa mirzə susdular. Şeybək xanın arvadı Moğol xanım dedi:
"Siz dəfələrlə İsgəndər şanlı xaqana təhdidlə dolu məktublar göndərib onu döyüşə çağırdınız. O, yorulub əldən düşmüş ordusu ilə uzaq yoldan Mərvə gəldi və siz namussuzluq torpağını başınıza töküb şəhərdən çıxmadınız. İndi artıq dövlətin faydası ondadır ki, könlünüzdə qorxu-hürküyə yol verməyib qüvvətli bir ürəklə müharibə meydanına gedəsiniz. Çünki qorxaqlıq və ürəksizlik kişilər üçün eyibdir".
Moğol xanımın sözündən Şeybək xanı qeyrət təri bürüdü. Cümə gününün səhər vaxtı o, ağacların yarpaqları və yağışların damcıları qədər çoxlu ordu ilə qala darvazasından çıxdı. Döyüşməyə gücünün və müqavimətə taqətinin olmamasına baxmayaraq, nakam bir şəkildə özünü timsahın ağzına atdı".
Şeybani xan əyanlara qulaq asmayıb Şahı təqib etmək üçün qalanı tərk eləyir, İnanır ki, ondan "qorxub qaçan" Şah İsmayılı cəzalandıracaq, onu məğlub edəcək. Şahımızın planı işləyir. 1510-cu il 1 dekabrda çöllükdə baş verən ağır döyüş tarixə Mərv döyüşü kimi düşür. Şahımız Şeybək xanın ordusunu məğlub edir. Ordu darmadağın olunur və Şeybək xanın özü əl-ayaq altında qalaraq həlak olur. Ordunun qalan hissəsi ya öldürülür, ya da əsir götürülür. Beləliklə, özbəklər ilk dəfə olaraq qızılbaşlardan məğlubiyyətin nə olduğunu dadmalı olurlar. Şah İsmayıl Şeybək xanın başını bədənindən ayırıb dərisini soyduqdan sonra onu samanla doldurtdurub Rum padşahı Sultan Bayazidə göndərməyi əmr edir.
Şeybək xanın canişini Ubeyd xan Mərv yaxınlığına çatdığı zaman artıq özbək ordusu tamamilə darmadağın edilmiş olur və Xorasan Şah İsmayılın ixtiyarına düşür. Belə bir şəraitdə Ubeyd xan Buxaraya qayıtmağa məcbur olur. Beləliklə, özbəklərin hay-küyü bir müddət yatır və işğalçılıq fikrindən daşınmalı olurlar. Şah İsmayıl isə hakim təyin edib özü Hərata qışlağa gəlir.
Bəli, bu döyüşdən sonra Qüdrətli Şahımız Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti Şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, İraqi-Ərəbi Səfəvilər dövlətinə qatır. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrlir. Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.
Şah İsmayıl Xətainin ruhuna böyük hörmətlə Əntiqə Rəşid
( Bu qiymətli yazını İranlı tarixçi alim Rəsul Cəfərinin "Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk)" araşdırma əsərindən (İki cilddə. 2 cild. Bakı. "Şəhriyar". 2007. səh. 26-29 ) istinad edilərək yaradılan vikipediya məlumatlarından istifadə edərək hazırlamışam)
Digər Xəbərlər

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO

İlham Əliyev və Mehriban Əliyeva faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

"BakıKart"da problem - Ödənişlər köçmədi, növbələr yarandı

Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi - FOTO
