26 Iyun 2024 17:01
647
GÜNDƏM

Seyidağa Mövsümlünün anım günündən REPORTAJ - FOTOLAR

Ötən gün “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədr müavini Elnur Abasovun təşkilatçılığı ilə “Royal Hotel”in konfrans zalında növbəti yaddaqalan bir tədbir baş tutub.


Adalet.az xəbər verir ki, tədbir 25 iyun - Azərbaycanın ilk hərbi operatoru, polkovnik-leytenant Seyidağa Mövsümlünün anım gününə həsr edilib.
Tədbiri açıq elan edən İctimai Birliyin sədri Ceyran Əzizova Azərbaycanın ilk hərbi operatoru Seyidağa Mövsümlünün həyat və fəaliyyətinin həm günümüz üçün , həm də gələcək nəslə nümunə üçün vacibliyindən danışdı.

O, birliyin sədr müavini E.Abasovun belə dəyərli vətən oğlunu unutmadığını, onunla bağlı anım mərasimi təşkil etməsini alqışladığını bildirdi.
Ceyran xanımın çıxışından sonra tədbirin aparıcı çıxış üçün sözü məclis üzvlərinə verdi.


Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Hərbi-vətənpərvərlik" proqramları baş redaksiyasının baş redaktoru, əməkdar jurnalist Telman Nəzərli I Qarabağ müharibəsi dövründə mərhum operatorla birgə keçdiyi yollarda, üzləşdiyi çətinliklərdən bəhs etdi. O həmkarının hər zaman qəlbində yaşatdığını, onunla bağlı xatirələrini heç vaxt unutmadığını söylədi: “Azərbaycan Dövlət Tele-Radio Komitəsinin tele-operatoru Seyidağa Mövsümlü vətənpərvər oğul idi.

Vətən darda olanda könüllü silaha sarılanlardan biri olub. Azərbaycan Ordusunun ilk Taborunun zabiti, Bölük komandiri kimi fəaliyyətinə başlayandan sonra yaralandı. Bir müddət Azərbaycan Dövlət Travmatologiya və Ortopediya İnstitutunda müalicə aldıqdan sonra Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə işə dəvət edildi.

Baxmayaraq ki, o tam sağalmamışdı, amma bütün imkanlarını səfərbər edərək. Müdafiə Nazirliyinin Sənədli Filmlər Kino-Telestudiyasını formalaşdırdı. Studiyanın maddi-texniki bazasını qurdu. Bundan sonra. S.Mövsümlü 1992-ci ilin fevral ayının 19-da hərbçi tele-operator olaraq cəbhə bölgəsinə yollandı XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının şahidi olmaqla bərabər və soyqırımla bağlı ən qiymətli kadrların müəllifi kimi yaddaşlarda qaldı. Mənim yaddaşımda o böyük bir xalq qəhrəmanıdır”.


Tarix elmləri doktoru, professor Nəsima Yaqublu çıxışında Seyidağa müəllimlə hələ 1988-ci ildə tanış olduğunu xüsusi qeyd etdi: Seyidağa Mövsümlü ilə tanışlığımızın tarixi 1988-ci ildən başlayır. O zaman Azərbaycan cəmiyyətində ciddi hadisələr baş verirdi: sovet rejiminin eybəcərlikləri üzə çıxır, arxivlər açılır, adının çəkilməsi qadağan edilmiş şəxsiyyətlər ciddi təbliğ edilirdi. Azərbaycan televiziyasında efirə gedən “Dalğa” verilişinin ardınca “Çay dəstgahı” da tamaşaçıların böyük marağına səbəb olurdu. Tələbəlik illərini yeni başa vurduqdan sonra burada hazırladığım süjetlərə ciddi maraq göstərənlərdən biri operator Seyidağa Mövsümlü idi.

Xatırlayıram ki, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımı ilk dəfə çəkib efirə verdim və bu tamaşaçıların böyük marağına səbəb oldu.Seyidağa isə bu çəkilişdən sonra əsil sayğı və dostluq münasibətini hiss etdirdi. Bu səmimi münasibətimiz sonralar daha da möhkəmləndi. Və hər ikimiz könüllü olaraq Azərbaycan ordusunda xidmətə başladıq.

O, hərbi operator kimi, mən isə “Azərbaycan ordusu”nun baş redaktoru kimi.
N.Yaqublu onu da vurğuladı ki, ictimaiyyətin böyük hissəsinin S. Mövsümlünü məhz Xocalı hadisələri zamanı tanımasına baxmayaraq, o hələ meydan hərəkatı zamanından başlayaraq, 20 yanvar hadisələrində də vətənpərvərliyini, canını ortaya qoyub, mübarizədən geri çəkilməyib:

1988-ci ildə Azərbaycanda başlanan Milli-azadlıq hərəkatının salnaməsini də yaratmağa başlayanlardan biri Seyidağa bəy oldu. 1988-ci ilin dekabrın 5-dən 6-na keçən gecə “Azərbaycanfilm” kinostudiyasının kinooperatoru Nizami Abbas və rejissor Zaur Məhərrəmovla birgə “Abşeron”mehmanxanasının damına qoyulmuş kameralarla Azadlıq meydanında baş verən hadisələri də çəkdilər.

Sovet tanklarının köməyi ilə əhalini ordan qovduqdan sonra isə əsgər və zabitlər mehmanxanaya girib çəkiliş kassetlərini almaq istədilər. Lakin oradakı insanların fədakarlığı ilə Seyidağanın və dostlarının çəkdiyi kassetləri gizlədib aradan çıxarmaq mümkün oldu.
1990-cı ilin yanvarın 19-da axşam Seyidağa televiziyada növbətçi idi.

Axşam saat 8-ə 10-15 dəqiqə işləmiş Moskvanın xüsusi kəşfiyyat orqanlarının köməyi ilə televiziyanın enerji bloku partladıldı. Rus əsgərləri isə giriş və çıxışı bağladılar. Sonra hadisə yerinə dövlət rəsmiləri gəldi.

Həmin günü gecə təxminən 1-ə işləmiş dinc insanlara güllələr atıldı. Bu hadisələrin efir vasitəsilə ictimaiyyətə çatdırılmasında Seyidağanın böyük rolu oldu. Radionun enerji bloku partladılmadığından efirə çıxmaq mümkün idi. O, operator assisenti Azər Muradovla efirə çıxdı və “Mayak”ın dalğası ilə bu qanlı hadisə haqqında məlumatı ictimaiyyətə çatdırdı.

(O zaman Seyidağa bu cəsarəti göstərəndə televiziyada çalışanların çoxu hələ günortadan ehtiyatlanaraq çıxıb evinə getmişdi). Bir qədər sonra silahlı əsgərlər Seyidağanı və digərlərini gəlib həbs etdilər. Səhər saat 5-6 radələrində general Dubinyak və general Ovçinnikov gəlib oraya çıxdılar.

20 Yanvar hadisələrini çəkmək elə asan olmadı. Yanvarın 18, 19 və 20-də televiziyanın telekameralar olan otağı bağlı idi(bu qəsdən və bilərəkdən edilmişdi). Çətinliklə bir kamera tapdıqdan sonra çəkilişlər aparıldı. Həmin kassetlərin çoxu o zaman C.Cabbarlı adına kinostudiyanın direktoru R.Fətəliyevə verildi”.
Professor S. Mövsümlünün vətənə xidmətlərindən qürurla danışaraq bildirdi ki, dostu vətən adı olan yerdə heç vaxt həyatına təhlükə olacağını vecinə də almayıb hadisənin ortasında olub. Xocalı hadisəsinə qədər Azərbaycanın ilk hərbi oprator olan Seyidağa artıq ölümlə dəfələrlə üzləşmişdi deyərək dostuna Allahdan rəhmət dilədi.



Bu dəfə söz Azərbaycan Ordusunun ilk Taborunun- Şixov batalyonun zabiti kimi, Bölük komandiri kimi fəaliyyətinə başlayan döyüşçü Seyidağa Mövsümlünün silahdaşlarına, döyüş dostlarına verildi. Firudin Əhmədli , Cavanşi Osmanlı, Nizami Məhərrəmov, Bəhruz Novruzov , Əhli Həbiyev Ramiz Ağayev Seyidağa Mövsümlü ilə bağlı xatirələrini dilə gətirdilər.
Həmkarı İbrahim Səfərli isə bildirdi ki, hələ sovet dövründə Seyidağa Mövsümlünün peşəkar oprator işi olan və tamaşaçıların sevə-sevə izlədikləri “Adı sənin, dadı mənim”, “Kökdən düşmüş piano”, “Bağışla”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Pəncərədə işıq” televiziya tamaşaları vardı. Müstəqilliyimiz qurulandan sonra isə (1993-cü ilin iyulun 12-də Müdafiə Nazirliyində sənədli filmlər kinotelestudiyası yaradıldı) studiyanın arxivində 400-ə qədər video kasset, minlərlə foto-şəkil, çoxlu kino lenti toplanmışdı.

Qısa bir zamanda Seyidağanın başçılıq etdiyi studiyada “Qan yaddaşı”, “Azadlıq ordusu”, “Səməd bəy Mehmandarov”, “Xocalı əsrin faciəsi”, “Sərkərdə”kimi sənədli filmlər yaradıldı. Bu filmlər Azərbaycan tarixinə bir töhvə idi.

AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olmuş Ədil Arifoğlu müharibə vaxtı çəkilən kadrların həm o dövrdə: məğlubiyyətin ağırlığını , acısını yaşadığımız o 30 ildə, həm də müzəffər ordumuzun qələbə çaldığı son 4 ildə böyük əhəmiyyətindən danışdı. Bu işdə Seyidağa Mövsümlünün zəhmətini yüksək qiymətləndirdiyini bildirdi.Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov Seyidağa Mövsümlünü müharibənin ən qanlı-qadalı günlərində tanıdığını, onun peşəkarlığına, cəsarətinə, vətənpərvərliyinə heyran qaldığını bildirdi:” Seyid, çox sadə, mehriban, eyni zamanda emossianal, qorxmaz biri idi: Yadımdadır, fevralın 26-da Seyidağa Ağdamda idi.

Hətta özünümüdafiə batolyonunun komandiri Allahverdi Bağırovla görüşdü. Bu o vaxt idi ki, Bağırovun vasitəsilə meyidləri çıxarmaq üçün erməni hərbçilərinin komandiri Vitaliklə əlaqə saxlanıldı.

Razılıq əldə edildi və Seyidağa müəllim onlarla birgə Ağdamdan Əsgərana getdilər. Həmin gün S.Mövsümlü elə təkrarsız bir xidmət göstərdi ki, xidmətə bərabər bir xidmət xatırlamıram. Deməli, Əsgəranda,Naxçıvanikdə ilk çəkilişlər apardı. Günahsız soydaşlarının faciəli görüntülərini lentə alaraq Azərbaycan xalqının gələcək mübarizə, və qələbəsinə təkrarsız bir töhfə verdi. Bildiyimə görə meyidlərə baxanda ağlamaq istəyirmiş amma yanındakı erməniləri görüb göz yaşını içinə axıdırmış.

Bildiyim qədəri ilə Seyidağa Xocalı soyqrımı ilə bağlı fevralın 26-da çəkdiyi kasseti Az.TV-nin Qarabağ bölgəsi üzrə müxbiri Allahverdi Əsədova versə də, həmin vaxt bu kadrları göstərilməyib. Çıxış edənlərin bir çoxu da qeyd etdi ki, Milli Qəhrəman Çingiz Mustafayev isə həmin hadisəni Seyidağadan 2 gün sonra fevralın 28-də lentə almışdı.

Seyidağa qardaşımız hər işdə öndə olub”. Iqarabağ müharibəsi zamanı hərbi jurnalist kimi fəaliyyət göstərən əməkdar jurnalist Əntiqə Qonaq müharibə zamanı xatirələrini dilə gətirərək o günlərdən, Seyidağa bəylə həmkar olaraq söhbətlərindən danışaraq bildirdi ki, ilk hərbi operatorla bağlı mütləq bir kitab çap edilməlidir:” Seyidi, çoxumuz tanıyırıq, necə qiymətli vətən oğlu olduğunu bilirik. Çox istərdim ki, onunla başlı kimin xatirələri varsa bir kitab şəklində işıq üzü görsün”.

.

Xocalıdan olan tanınmış jurnalist Mübariz Hacılı da, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə xanım isə Seyidağa Mövsümlünün fəaliyyəti ilə bağlı məlumatların mütləq dərsliklərə salınmasının vacib olduğunu vurğuladı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva isə çıxışında bildirdi ki, Xocalı şəhərinin mərkəzi küçələrindən birinə ilk hərbi operator S. Mövsümlünün adının verilməsi və elə həmin küçədə onun büstünün qoyulması ilə bağlı əlaqədar orqanlara müraciət edilməsi vacibdir.

“Bizim yol” qəzetin baş redaktoru, əməkdar jurnalist Bahəddin Həziyev Seyidağa Mövsümlü kimi vətənpərvər insanların, sözün həqiqi mənasında əsl qəhrəmanın ictimaiyyətdə geniş təbliğ olunmasına başlamağın vaxtı olduğunu, bununlada gənc nəslin təlim-tərbiyəsinə yeni töhvələr verilməsinin tərəfdarı olduğunu çıxışında söylədi.

Tədbirdə Seyidağa Mövsümlünün ömür-gün yoldaşı Nazilə xanım, qızı Ellada xanım və diğər doğmaları da iştirak edirdilər. Nazilə xanım həyat yoldaşının o çətin günlərdə yaşadığı bütün əzab əziyyətləri əzmlə dəf etməsindən , amma yaşadığı olayların təsiri ilə səhhətinə dəyən zərbələrdən də danışdı.

Ellada xanım isə qazi qızı kimi söhbətinə qürurla başladı: “Mən Qarabağı öz elindən, evindən daha çox sevən vətənpərvərin, ölümün gözünün içinə baxa –baxa kadrlar çəkən ilk hərbi operatorun, peşəkar hərbçinin , qazinin , nəhayət Seyidağa Mövsümlünün qızı olduğum üçün çox şanslı bir övladam!Arzum isə odur ki, Qarabağ müharibəsində əsas nöqtələrdə olub, amma dinc dövrdə gözdən-nəzərdən kənarda qalmış, layiq olduqları dəyəri almamış bütün igidlərimiz öz layiqli qiymətini alsın!

.

Bütün Azərbaycan bilsin ki, atam, Azərbaycanın ilk hərbi operatorudur və onun meydan hərəkatı, 20 yanvar faciəsi, Xocalı soyqırımı və digər çəkdiyi kadrlar nəinki Azərbaycan xalqına, eləcə də bütün dünyaya Azərbaycan dərdlərini, Qarabağ həqiqətlərini çatdırıb”.
Nazilə və Ellada Mövsümlülər tədbirin təşkilatçılarına Elnur və Mövsümağa Abasov qardaşlarına, bu işə köməyini əsirgəməyən  Əsmər Mehralıyevaya,  iştirakçılara,  qonaqlara Seyidağa Mövsümovun anım günündə onları tək qoymadığını, bir el qəhrəmanını yad etdikləri üçün dərin təşəkkür və minnətdarlıqlarını xüsusi olaraq qeyd etdilər. 

Son olaraq tədbirin təşkilatçısı Elnur Abasov da Seyidağa Mövsümlü ilə tanışlığından danışaraq belə ləyaqətli, işıqlı, təvözəkar və qorxmaz eloğlusu ilə təmasda olmasından, görüşüb-söhbətləşməsindən şad olduğunu qeyd etdi:”Əslində Seyidağa müəllim kimi insanlar Azərbaycan üçün qənimət insanlardır.

Ümid edirəm belə peşəkar, qorxmaz insanların həyat və fəaliyyəti həm hərbi təmayüllü məktəblərdə, həm universitetlərin jurnalistika fakültələrində tədris ediləcək! Bizim borcumuzdur ki, həm bir vətəndaş kimi , həm də bir Xocalı adını daşıyan bir birlik olaraq bu günkü zəfərimizdə əməyi olan qəhrəman soydaşlarımızı ictmaiyyətimizə layiqincə tanıdaq, xatırladaq”.

E. Abbasov Nazilə Mövsümlüyə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin “fəxri Diplom”unu təqdim etdikdən sonra bütün tədbir iştirakçılarını “Royal” otelin restoranında Seyidağa Mövsümlünün adına açdığı ehsan süfrəsinə dəvət etdi.



Xüsusi Qeyd: Tanımayanlar üçün bildirək ki, Elnur Abasov VKC Növləri Üzrə Azərbaycan Karate-Do Federasiyasının Fəxri Prezidenti, Karate üzrə Dünya və Avropa Çempionu, idman ustası, beynəlxalq V-Dan qara kəmər sahibidir. Uzun illərdir bu təşkilatın sədr müavini olaraq Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq çalışıb və əlindən gələni edib. Qardaşı QHT təşkilatlarından biri olan “Azərbaycan Türkiyə gənclərinin dostluq və həmrəylik” ictimai birliyinin sədri Mövsümağa Abasovla birgə hər zaman xalqımızın, dövlətimizin mənafeyini müdafiə ediblər.


Tədbirin aparıcısı Əntiqə Rəşid