SN Xankəndidə tibbi aksiya keçirdi
Xankəndi şəhərində yaşayan uşaqlar üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə genişmiqyaslı səyyar tibbi müayinələr təşkil olunub.
Adalet.az xəbər verir ki, tədbir Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində həyata keçirilib.
Məqsəd azad olunmuş ərazilərə qayıdan ailələrin övladlarının keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanlarını genişləndirmək, onların sağlam inkişafını dəstəkləmək və profilaktik tibbi nəzarəti gücləndirmək olub.
Aksiya zamanı institutun yüksək ixtisaslı həkim briqadası – pediatrlar, nevroloqlar, kardioloqlar, endokrinoloqlar, oftalmoloqlar, otorinolarinqoloqlar və digər mütəxəssislər uşaqları hərtərəfli müayinədən keçiriblər. Müayinələr çərçivəsində uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, profilaktik baxışlar aparılıb, zəruri laborator və instrumental yoxlamalar həyata keçirilib.
Aşkarlanan xəstəliklər və sağlamlıq problemləri ilə bağlı valideynlərə ətraflı tibbi məsləhətlər verilib, fərdi tövsiyələr təqdim olunub. Eyni zamanda, ehtiyac yarandığı hallarda uşaqların ixtisaslaşmış tibb müəssisələrində müalicə və davamlı tibbi nəzarətə cəlb olunması üçün müvafiq istiqamətləndirmələr aparılıb.
Tədbir çərçivəsində valideynlərlə maarifləndirici görüşlər də keçirilib. Görüşlərdə uşaqların düzgün qidalanması, peyvəndlənmənin əhəmiyyəti, mövsümi xəstəliklərdən qorunma yolları, sağlam həyat tərzi vərdişləri və psixoloji inkişaf məsələləri barədə ətraflı məlumat verilib.
Məlumata görə, ümumilikdə 310-a yaxın uşaq tibbi baxışdan keçirilib.
Qeyd edək ki, səyyar müayinələr azad olunmuş ərazilərdə səhiyyə xidmətlərinin mərhələli şəkildə gücləndirilməsi istiqamətində görülən tədbirlərin tərkib hissəsidir. Bu cür profilaktik aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Uşaqların sağlamlığının qorunması və inkişafı istiqamətində atılan addımlar ölkənin gələcəyinə yönəlmiş mühüm investisiya kimi qiymətləndirilir.


Bakı -°C

