25 Iyul 2025 18:46
199
ƏDƏBİYYAT

SOYQIRIM NƏDİR ?!? - QISA TARİXİ və SİYASİ BAXIŞ

GİRİŞ
 

“Döyüşdən yaxşıdır barışıq şəfqət,
   Biri dərd gətirər, biri səadət”. (Nizami Gəncəvi)
“Mərdlik qolun gücü və qılıncla ölçülmür. Mərd adam ədalətli və öz hisslərinə hakim olmağı bacarandır”  (Sədi Şirazi)
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.” (Hüseyin Cavid)
“Hər dövranın bir hökmü var,
Hər zamanın bir qələmi...”(Səməd Vurğun)
“Yer üzündə dostu olsun gərək insan insanın,
Qəlbimdəki bu arzular-arzusudur zamanın.
Mən anayam, bu səsimədə yerin, göyün dərdi var,
Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar.”  (Novruz Gəncəli)
"Bu günümüzün necə olmasından asılı olmayaraq, bizim sabahımız sülhdür” (V. Hüqo)
"Əgər biz sülh içində yaşamaq istəyiriksə, mütləq mübarizə aparmaq lazım gələcək”  (Siseron)
“Müharibə millətlər və xalqlar arasında elə bir dəhşətli mühakimə üsuludur ki, həm mühakimə edəni, həm də mühakimə ediləni məhv edir”. (Pablo Pikasso)

ƏSAS HİSSƏ:

“Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, və Azərbaycanın  başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir”(Heydər Əliyev)

Beynəlxalq hüquq sənədlərində bu anlayış öz əksini necə tapmışdır və bunu Azərbaycan tarixinin hər hansı dövrünə hansı əsaslarla aid etmək olar?

Əvvəlcə soyqırımın nə olduğunu, onun müasir dünya leksikonundakı tərifini dəqiqləşdirmək lazımdır. Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırım bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə yox edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Ümumiyyətlə, «Soyqırım hər hansı milli, etnik, irqi və ya dini mənsubiyyətə görə, hər hansı bir xalqın və etnik qrupun qəsdən məhv edilməsi məqsədini güdən hərəkətə deyilir».

"SCQACK-nın preambulasında soyqırım yalnız "beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət" hesab edilmir, həmçinin "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır. Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırım cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqrım cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.
Hansı tarixi hadisələrin soyqırım, hansıların isə daha az kriminal və ya qeyri-insani əməl olduğunu müəyyən etmək çətindir. Soyqırım ittihamlarının cərəyan etdiyi demək olar ki, hər bir hadisədə müxtəlif mövqelərin tərəfdarları faktların geniş müxtəlif versiyalarını təşviq edərək hadisənin şərhlərini və detallarını qızğınlıqla müzakirə edirlər. Soyqırımı ittihamı sözsüz ki, tam aydın olmur və demək olar ki, həmişə ziddiyyətlər olur. Aşağıdakı soyqırımıların və soyqırım iddialarının siyahısı da bu kontekstdə anlaşılmalı və bu subyektlər barəsində son söz kimi qəbul edilməməlidir." 

"Soyqırım" sözünün müvafiq tərifi barədə bir çox debatlar keçirilir. SCQACK-da soyqırımın hədəfi kimi sosial və siyasi qrupların istisna olunması bəzi tarixçilər və sosioloqlar tərəfindən tənqid edilmişdir, məsələn, Hassan Kakar "Sovet müdaxiləsi və Əfqan cavabı: 1979–1982" kitabında bildirir ki, soyqırımın beynəlxalq tərifi çox məhduddur, bura siyasi və ya soyqırım törədən tərəfindən müəyyən olunan hər hansı qrup da əlavə olunmalıdır və Frenk Çok və Kurt Conassondan sitat gətirir: "Soyqırım soyqırımı törədənin müəyyənləşdirdiyi bir qrupun dövlət və ya başqa hakimiyyətin məhv etməyə çalışdığı birtərəfli kütləvi qırğınının bir formasıdır." Beynəlxalq hüququn soyqırıma verdiyi hal-hazırkı təriflə razılaşmayan bəzi tənqidçilər qeyd edirlər ki, bu tərifə Stalinin qismən təsiri olub, buna görə də orada siyasi qruplar nəzərdə tutulmayıb.

R.C.Rammelə görə soyqırımın 2 müxtəlif mənası var. Ənənəvi məna hökumət tərəfindən insanların milli, etnik, irqi və ya dini mənsubiyyətinə görə qətlidir. Leqal məna beynəlxalq razılıqla SCQACK-da ifadə olunub. Bura həmçinin doğumların qarşısının alınması və uşaqların zorla bir qrupdan digərinə köçürülməsi kimi öldürməklə əlaqəli olmayan elə hərəkətlər daxildir ki, qrupun məhvinə yönəlib. Əsas məna ənənəvi məna kimidir, bundan əlavə bura siyasi opponentlərin hakimiyyət tərəfindən öldürülməsi və başqa beynəlxalq qətllər daxildir. Bu qarışıqlıqdan yayınmaq üçün Rammel 3-cü məna üçün demosid ("democide") terminini yaratmışdır"

"Adam Cons özünün "Soyqırım: Ətraflı giriş" kitabında izah edir ki, tarix boyu insanların başqa qrupları yad kimi görmə qabiliyyətləri olub, Çok və Conassondan sitat gətirir: "Tarixi və antropoloji insanların özləri üçün həmişə bir adları olub. Əksər hallarda bu ad "xalq" olub və hər hansı yolla özlərindən daha keyfiyyətsiz hesab etdikləri başqa adamlara qarşı bu ad üzərində sahibliklərini yaradıblar. Xalq və bəzi başqa cəmiyyətlər arasındakı fərqlər din, dil, metod, adətlər və sairə ilə bağlı xüsusilə böyük olduğundan digərləri adi insana nisbətdə daha az qiymətləndirilib – kafirlər, barbarlar və ya hətta heyvanlar." (Çok və Conasson, "Soyqırımın tarixi və sosiologiyası", səhifə 28). Cons davam edir: çox az xalq başqa bir qrupla daha rahat yaşaya bilir, çünki yadlar insandan daha aşağı qiymətləndirilir və buradan qısa bir arqument əldə edirlər ki, bizim yaşaya bilməmiz üçün onlar və ya biz məhv edilməliyik. Bu qiymətləndirmədən sonra Cons belə davam edir: "Frenk Çok və Kurt Conassonun erkən araşdırmalarında qeyd edildiyi kimi çətinlik ondadır ki, belə tarixi qeydlərin mövcudluğu ikibaşlı və qeyri-mötəbərdir. Belə ki, bu gün tarix bəzi sadiq "obyektiv" faktlarla, onu yazanın öz rəhbərini tərifləmək məqsədinə xidmət edən hesablamalarına və öz ilahlarının daha ali olmasını əsaslandırmaqla yazılır."

"Antik dövr alimləri soyqırım (genosid) və cinslərin öldürüldüyü gendersidi fərqləndirirlər, lakin uşaqlar (xüsusilə qızlar) və qadınlar qalib cəmiyyətə daxil edilirdilər. Cons qeyd edir ki, "Çok və Conasson tarixi hadisələrin geniş səpkili təsnifatını aparırlar; Assuriya imperiyasının e.ə. I minilliyin I yarısındakı talanları, Peloponnes müharibələri zamanı (e.ə. V əsr) melosların Afina tərəfindən məhv edilməsi, Fukididin "Melian dialoqu"nda göstərdiyi gendersid çıxışlar.”
Əhdi-ətiqdə (Tövrat) amaleklərin və midiyalıların soyqırımları təsvir edilir. Cons holokost araşdırmaları professoru Yehuda Bauerə istinad edir: "Bir yəhudi kimi mən öz qanunlarına əsasən soyqırım çağırışları ilə əhatə olunmuş irsi cəmiyyətdə yaşamağa məcburam."

Yu Dinq qeyd edir ki, Çjounun kralı Li (təxm. e.ə 828-ci il) ordusuna əmr vermişdir ki, qiyam edən ölkədə qoca və cavan heç kimi sağ qoymasınlar. Yel Universitetindən Ben Kiernan III Pun müharibəsinin sonunda Karfagenin dağıdılmasını "İlk Soyqırım" kimi qələmə verir. Ran Min (352-ci ildə ölüb) daha çox Vu Hunun bütün əmrlərini icra etməklə məşhur idi. Tiele xalqına qarşı Xue Renguinin (614–683) kütləvi qırğın törətdiyi deyilir.

Yeni araşdırmalara görə Amerikan cənub-qərbində Anasazi qrupu təxminən 800-cü ildə baş vermiş soyqırım nəticəsində məhv edilmişdir. "Bu adamların hər birinin tarixi (o cümlədən Amerika hindiləri) qonşu tayfalar arasında demək olar ki, fasiləsiz mübarizə seriyasıdır" – Lüdvik Krjivitski qeyd edir. Müəllifə görə irokezlər Erini "məhv etmiş", İllinoysu "qarət" etmişdilər."

"Erik Marqolisə əsaslanan Cons qeyd edir iki, 13-cü əsrdə monqol atlıları Çingiz xanın başçılığı ilə bütöv xalqları xarabalıq və sümüklərdən başqa heç nə qoymadan öldürən soyqırım törədiciləri idilər. O, əmr vermişdi ki, Tata monqollarını və Buxarada Kankalis kişilərini öldürsünlər. Rozanna Klass monqolların Əfqanıstandakı siyasətini soyqırım kimi təqdim edir. Monqolların Avropa işğalları zamanı sağ qalmış rahib Rocerius işğalın soyqırım əlamətindən başqa qeyd edirdi ki, monqollar xüsusilə alçaldılmış qadınlarla "rahatlıq tapırdılar". Çin bundan əhalisinin kəskin azalması kimi ziyan gördü. 1195-ci ildə Şimali Çinin əhalisi 50 milyon olaraq hesablanmış, 1235–1236-cı illərdəki birinci monqol siyahıyaalmasında isə bu rəqəm yalnız 8,5 milyon olmuşdu.

1471-ci ildə vyetnamlıların Çampaya hücumu zamanı vyetnamlılar Çam xalqına qarşı soyqırım törətmişlər, minlərlə çamlı öldürülmüş, Vyetnam sivilizasiyasına assimilyasiya olunmuşdu."

"1490-cı ildən Xristofor Kolumb Amerikaya ayaq basandan Birləşmiş Ştatlar hərbisi tərəfindən Vaunded Nidə 1890-cı il Siu qırğını törədilənə qədər Qərb yarımkürəsinin yerli əhalisi birbaşa səbəb kimi əsasən xəstəliklərə görə azalaraq 100 milyondan 1,8 milyona düşmüşdür. Yalnız Braziliyada yerli əhali Kolumbaqədərki dövrdə olan 3 milyon nəfərdən 300 min nəfərədək azalmışdır (1997).  Kolumbun gəlişinə qədər Amerikada nə qədər insanın yaşaması barədə ehtimallar olduqca müxtəlifdir; 20-ci əsr alimləri ən azı 8,4 milyondan ən çoxu 112,5 milyona qədər hesablayıblar. Bu əhali debatları tez-tez ideoloji çalar alırdı. Robert Royal yazır ki, "Kolumbaqədərki əhali sayının hesablamaları çox siyasiləşdirilib, Avropanı və Qərb sivilizasiyasını tənqid edən alimlər çox böyük rəqəmlər göstərirlər." Alimlər indi müxtəlif zidd faktorlar arasında yerli amerikalıların azalmasının birbaşa başlıca səbəbinin epidemik xəstəliklər olduğuna inanırlar. Avropalıların və afrikalıların ilk təmasından sonra ölən Yeni Dünya sakinlərinin 90–95%-i Köhnə Dünyanın çiçək, qızılca kimi xəstəliklərindən ölmüşdülər. Bəzi hesablamalar yerli amerikalıların ölümünün səbəbinə fantastik ölçüdə (80–90%) çiçəyin səbəb olduğunu göstərir. Hələ də yüksək səviyyədə müzakirə olunan ən əhəmiyyətli informasiyalardan biri də Amerikanın yerli əhalisinə qəsdən etnosid kimi bilərəkdən xəstəliklərin bioloji silah olaraq tətbiq olunmasıdır. Bu ittiham ilk dəfə Ceffri Amhörstün başçılıq etdiyi Britaniya qüvvələrinə qarşı irəli sürülüb. Hər bir halda onun komandanlığı ilə bakterioloji hərbin tətbiqinə aid cəmi bir sənəd var." “ Devid Stannard özünün "Amerika holokostu" kitabında qeyd edir ki, Amerikanın yerli əhalisinin məhvi avropalılar və onların varisləri tərəfindən "soyqırım zənciri"ndə dünya tarixinin ən kütləvi soyqırım aktıdır. Stannardın iddiası "bu, təbii olmayan, yerinə yetirilən dəqiq kindir" deyən Uord Çörcill tərəfindən davam etdirilmişdir. Stannardın 100 milyon ölü iddiasına etirazlar olmuşdur, çünki o, bu rəqəmi təsdiqləmək üçün heç bir demoqrafik göstərici verməmiş və buna görə də o, zorakılıq nəticəsində ölənlərlə xəstəlik nəticəsində ölənlər arasında fərq qoymamışdır. Latın Amerikalı və Florida Beynəlxalq Universitetinin professoru Nobl Devid Kuk, açıqlanması Kolumbun Amerikaya səyahətinin 500-cü ildönümünə təsadüf edən Stanfordun rəqəminə əsaslanmış və bununla əhali azalmasının izahının Qara Əfsanə kimi qeyri-məhsuldar növünə qayıtmışdır. "Köhnə və Yeni Dünyaların əlaqəyə başlamasından sonrakı bir əsr ərzində həlak olmuş yəhudiləri öldürmək üçün həddən az ispan var idi."
   2003-cü ildə Venesuela prezidenti Huqo Çavez çağırış etdi ki, Latın Amerikalılar Kolumb Gününü qeyd etməsinlər. Çavez Kolumbu İspaniya tərəfindən yerli amerikalıların kütləvi soyqırımına yol açmaqda ittiham edib." "1986-cı ildə Reynald Seşer "Fransız soyqırımı: Vandeya" adlı ziddiyyətli kitab yazdı, orada o, iddia edir ki, Fransa İnqilabı dövründə antiklerikal Fransa hökuməti əleyhinə daha çox katolik üsyanı kimi tanınan Vandeya üsyanı zamanı (1793–1796) Fransa respublika hökumətinin fəaliyyəti ilk müasir soyqırım idi. Özünün siyasi və dini bağlantılarına əlavə olaraq, Seşerin iddiaları Fransada müasir Fransa tarixi alimləri arasında çox səs-küyə səbəb olmamışdır. Həm Fransada, həm də xaricdə dövrün əsas cərəyanı daxilində çap olunmuş məqalələr Seşerin iddialarını rədd edir. Klod Lanqlua (Fransa İnqilabı Tarixi İnstitutu) Seşerin iddialarını "kvazi-mifologiya" adlandıraraq lağa qoymuşdur. Kaliforniya Universitetindən Timoti Taket işi belə ümumiləşdirmişdir: "Reallıqda … Vandeya, tərəflərin hər ikisinin – faktiki üsyançıların özlərinin təşəbbüsü ilə törədilmiş sonsuz dəhşətlərlə dolu faciəvi vətəndaş müharibəsi idi. Vandeyalılar respublikaçılardan daha az günahkar deyildilər. Burada soyqırım sözünün işlədilməsi qeyri-dəqiq və namünasibdir." Dublin Kollec Universitetinin tarix professoru Hyu Qou Seşerin kitabını heç bir davamedici təsiri olmayan tarixi təftiş cəhdi hesab edir. Piter Makfi respublika hökumətinin funksiyaları ilə kommunist totalitarizmi arasında ümumiliklərin təsdiqi də daxil olmaqla Seşeri kəskin tənqid edir. Makfi öz fikirlərini Seşerin çoxsaylı şübhəli fərziyyələri və qüsurlu metodologiyası ilə izah edir. Belə ki, bu müharibə vandeyalıların yox, kral tərəfdarı olan vandeyalıların əleyhinə idi, hökumət respublikaçı vandeyalılara dəstək verirdi; royalist ordu tamamilə məğlub edildikdən sonra kampaniya başa çatdı – əgər məqsəd soyqırım olsaydı, onlar davam edər və asanlıqla əhalini qırardılar; oxucu Vandeyada respublikaçılara qarşı royalistlərin törətdiyi vəhşiliklər haqqında səhv informasiya alır, təkrar hekayələr indi faktiki folklor mifləri kimi tanınır, hər iki tərəfdən ölənlər barədə geniş hesablamalara əsaslanmamış və bədbəxt hadisələr "birtərəfli" baş verməyib və s.""Piter Makfi deyir ki, Vandeya barışdırıcılığı Birləşmiş Millətlərin SCQACK-da vermiş olduğu soyqırım tərifinə, yaxud Frenk Çok və Kurt Conassonun tərifinə ("Soyqırım soyqırımı törədənin müəyyənləşdirdiyi bir qrupun dövlət və ya başqa hakimiyyətin məhv etməyə çalışdığı birtərəfli kütləvi qırğının bir formasıdır.") uyğun gəlmir, çünki hadisələr vətəndaş müharibəsində baş verib. Buna görə də bu, birtərəfli kütləvi qırğın olmayıb və əhalinin bir hissəsi inqilabi hökumətlə müttəfiq olduğundan İctimai Təhlükəsizlik Komitəsi bütün əhalini qırmağı nəzərdə tutmayıb. Buna baxmayaraq, "Soyqırım və böyük insan hüquqları zorakılıqları"nda Kurt Conasson özü yazır ki, "Hadisəni soyqırım hesab etməmiz üçün səbəblərdən biri də odur ki, niyyət hökumətin bir neçə dekreti ilə yanaşı, generalların da əmrlərində nəzərdə tutulur."

Seşeri dəstəkləyən Adam Cons "Soyqırım: Ətraflı Giriş" əsərində Vandeya üsyanını Seşerdən sitat gətirərək soyqırım hesab edir: "Vandeya üsyanı yalnız son dövrlər "soyqırım" kimi konseptuallaşdırılmış kütləvi qətlə nəzərəçarpan nümunədir" və nə qədər ki, bu, soyqırım kimi beynəlxalq dərəcədə yayılmayıb, bu, konkret qrupun (Vandeya mülki əhalisinin) geniş şəkildə qətlinə uyğun gəlir. Pyer Şoun bunu "ideoloji soyqırım" adlandırmışdır. Soyqırım öyrənilməsi sahəsində ixtisaslaşmış tarixçi Mark Leven Vandeyanı "müasir soyqırımların arxetipi" hesab edir."

"1951-ci ildə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən yalnız ikisi SCQACK-nın iştirakçısı idi: Fransa və Çin Respublikası (Tayvan). SCQACK Sovet İttifaqı tərəfindən 1954-cü ildə, Birləşmiş Krallıq tərəfindən 1970-ci ildə, Çin Xalq Respublikası tərəfindən 1983-cü ildə (1971-ci ildə Tayvandakı Çin Respublikasını BMT TŞ-də əvəz etmişdir) və Birləşmiş Ştatlar tərəfindən 1988-ci ildə ratifikasiya edilmişdir. Buna görə də soyqırım cinayəti üzrə beynəlxalq hüquq yalnız 1990-cı illərdə işə düşmüşdür."

 "Fransız antikommunist müəllif Stefan Kurtua qeyd edir ki, Lenin Vandeya əhalisini kazaklarla müqayisə edir və onları məmnuniyyətlə "müasir kommunizmin ixtiraçısı" Qrakx Baböfün (qraf Baböf) proqramının təsirinə alaraq 1795-ci il hadisələrini Vandeya əhalisinə qarşı "demosid" (Demosid –soyqırım, siyasi qırğın, kütləvi qırğın daxil olmaqla bir nəfərin və xalqın hökumət tərəfindən qırılmasıdır en:Populicide) kimi xarakterizə edir."

"2001-ci ildə Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı (KYBCT) general Krstiçi 1995-ci il Srebrenitsa soyqırımındakı roluna görə təqsirli bildi, bununla beynəlxalq tribunal tərəfindən ilk dəfə soyqırım aktı leqal olaraq müəyyən olundu. Bu hökm Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən 2007-ci ilin fevralında "Bosniya Serbiyaya qarşı" işi üzrə qərarda qüvvədə saxlanıldı. Buna baxmayaraq Bosniyanın iddiasına zidd olaraq BƏM müharibə zamanı Bosniya və Herseqovinanın bütün ərazisində soyqırım aşkar etmədi, lokal soyqırım Srebrenitsa ilə məhdudlaşırdı. Bu qərara qədər bəzi akademiklər və insan hüquqları rəsmiləri tərəfindən "Bosniya soyqırımı" ifadəsi işlədilirdi."

"Xocalı soyqırımı xarakter etibarı ilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində istifadə olunmuş, sonradan həmin cinayət tərkibləri keçmiş Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır. Qabaqcadan xüsusi düzəldilmış pusqulardan qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin avtomat, pulemyot və digər silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırım niyyətini sübuta yetirir."

"Rus alimi Viktor Semyonovun «Orta əsrlər tarixi» əsərində 2. Moskva, 1975. qeyd etdiyi kimi, XI-XIII əsrlərdə Roma papalarının çağırışı ilə İsa peyğəmbərin xilas edilməsi pərdəsi altında türklərə qarşı təşkil edilən xaç yürüşlərinin əsas bələdçiləri yenə də ermənilər olmuşdur. Uzun müddət Səfəvi və Osmanlı imperiyaları kimi qüvvətli dövlətlərin təbəələri sayılan bu bədnam kütlə xəyanət üçün fürsət axtarırdı.” "Soyqırım hərəkətini müəyyən edən bütün bu hallara Azərbaycan xalqının XX əsr tarixində dəfələrlə rast gəlinir. Bu ağır və qeyri-insani hərəkəti törətməkdə erməni şovinistlərinin son məqsədi nədir? Bu əsas suala cavab vermək üçün tarixi faktlara dönə-dönə müraciət etmək lazımdır. Artıq indi inkaredilməz bir həqiqətdir ki, erməniləri ta qədim zamanlardan tarixin bütün mərhələlərində azərbaycanlılara və türklərə qarşı xəyanət və düşmənçilik mövqeyi tutmuşlar." "Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan  çar Rusiyası ermənilərdən  vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı  vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur."

“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.

Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin  bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə yeksan edilmişdir." "1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər. Həmin dəhşətli  günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır." “Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin  yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi."

"Vaxtilə faşistlərin yəhudilərə, Bosniya-Hersoqovinada serblərin, Azərbaycanda isə ermənilərin azərbaycanlılara qarşı soyqırım faciələri dedikdə hər kəsə yaxşı bəlli tarixi ardıcıllıq yada düşür: 1905-1907 (çar Rusiyası zamanı), 1915-1918-1920 (əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövrü), 1948-1953 (SSRİ dövrü, deportasiya), 1988-ci ildən bəri (SSRİ-nin dağılması və müstəqil Azərbaycan Respublikasının mövcud olduğu dövr), 1992 (Xocalı və başqa yerlərdə məqsədli erməni dövləti tərəfindən həyata keçirilən qırğını soyqırım adlandırmaq olar). İndi diqqət yetirək - tarixdən məlum olan hansı soyqırım hadisəsində belə bir vəziyyət müşahidə olunur? Demək olar ki, heç birində. Azərbaycan faktiki olaraq soyqırım tarixində ümumi qanunauyğunluqlardan kənara çıxır. Buradan aydın olur ki, zaman, faktiki şərait, siyasi mühit dəyişmiş, lakin ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti dəyişməmişdir. Bəzən cəmiyyətdə elə təsəvvür yaranır ki, bu məsələ yalnız tarixçilərin işidir. Əslində, belə deyil, soyqırımla bağlı məsələlər tarixçilərin, psixoloqların, hüquqşünasların, hərbçilərin və bir sıra digər sahələr üzrə mütəxəssislərin iştirakı ilə araşdırılmalıdır. Aşkara çıxan acı həqiqət ondan ibarətdir ki, Azərbaycan bir əsrdə onun varlığına qarşı yönəlmiş soyqırım kimi dəhşətli faciəni önləməyə hazır olmamışdır. Soyqırım faciələrinin yeni səhifəsinin yazıldığı bu günlərdə, qanlı qırğınlarla bağlı ümummilli düşüncə necədir? Deməli soyqırım faktının etirafından yeni bir səviyyəyə keçmək vaxtı çatmışdır."

"1948-ci ildə Birləşmiş Millətlər Təşkilatında «Soyqırım Bəyannaməsi» adlanan sənəd qəbul edilmişdi. Dünyanın müxtəlif ölkələri BMT-nin Soyqırım Bəyannaməsini imzalamışlar. Bu bəyannaməni 1950-ci ildə Türkiyə dövləti də imzalamış və ondan gələn məsuliyyəti qəbul etmişdir. Beynəlxalq hüquq normalarına hörmətlə yanaşan Azərbaycanın qanunvericilik orqanının azərbaycanlılara qarşı soyqırım tarixi, xalqımıza qarşı soyqırım cinayətləri və onun öyrənilməsi haqqında qanun qəbul etməsi vaxtı çatmamışdırmı?!. Azərbaycanın dünyanın müxtəlif dövlətlərinin parlamentlərində soyqırım haqqında qanunlar qəbuluna nail olmasındakı çətinlikləri başa düşmək olar. Lakin Azərbaycanın özündə bu problemə dair hərtərəfli qanunvericilik bazası olmalıdır. Diasporu və lobbisi son dövrlərdə formalaşan Azərbaycan üçün bu daha əlverişli, məqsədə tez çatmaq yollarından biri ola bilər. Bunu etiraf etməliyik ki, ermənilər olmayan hadisədən yapışıb özlərinə «genosid tarixi» düzəldə, bunu dünyaya qəbul etdirə bildilər. Halbuki ermənilər tərəfindən törədilmiş əsil genosidi biz türklər - Anadolu və Azərbaycan türkləri yaşamışıq. Tarixdə gerçək azərbaycanlı soyqırımı olduğu halda biz onu dünyaya təqdim edə bilməmişik. Bu bizim səhvlərimizdən biridir. Biz böyük bir zamanı itirmiş, nəticədə uduzmuşuq Dünyanı indi-indi inandırmağa başlamışıq ki, ermənilər ötən yüzillik boyunca azərbaycanlıları soyqırım və deportasiyalara məruz qoyub. Qarabağ savaşı buna əyani sübutdur. Qarabağı bizdən qoparmağa çalışan bədxahlarımız bu müqəddəs diyarın bütövlüyünü heç vaxt görmək istəməyiblər. Əksinə, onun qol budağını kəsə-kəsə, sinəsinə çalın-çarpaz dağlar çəkə-çəkə dilim-dilim doğrayıb, parça-parça qoparmaq iştahası ilə yaşayıblar. Başı bəlalar çəksə də Ulu Qorqud yurdu öz qürurunu qoruyub. Heç vaxt düşmənə diz çökməyib."

"«Azərbaycanlıların soyqırımı»na əsil hüquqi-siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev verdi. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk hüquqi-siyasi qiymət idi. 1998-ci il 26 mart tarixli bu sərəncam indiki və gələcək nəsillərin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir."
                           

NƏTİCƏ

"Bununla da tarixi hadisələrə düzgün qiymət vermək mümkün olmuş, həmçinin dünya birliyini azərbaycanlı soyqırımı hadisəsi ilə tanış edə bilmişdik. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu fərmanı ilə azərbaycanlıların soyqırımını dünyanın diqqət mərkəzinə çıxarmağa, bu məsələni müxtəlif səviyyələrdə qaldırmağa geniş imkanlar açıldı. İndi ortada artıq Avropa Şurasında və onun Parlament Assambleyasında, ATƏT-də, BMT-də, digər mötəbər beynəlxalq təşkilatlarda erməni siyasətini neytrallaşdıracaq, Azərbaycan həqiqətlərini göstərə biləcək ciddi bir sənəd var." "Xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı həmin sənəd bir neçə mühüm vəzifəni həll etmək üçün əlimizdə ciddi sənəddir. Birinci, bu sənəd tariximizə düzgün və obyektiv qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İkincisi, həmin fərman azərbaycanlıların soyqırımı məsələsini dünya siyasəti səviyyəsinə çıxarır və dünyanın bütün mütərəqqi qüvvələrim, türkün dostlarını əsil həqiqətlərlə tanış edir, dünya azərbaycanlılarının bu məsələ ilə bağlı mövqe və baxışlarını konkretləşdirir. Üçüncüsü, bu fərman ermənilərin «erməni soyqırımı» məsələsi üzərində qurulmuş təbliğatının effektini azaldır, onların təbliğatını neytrallaşdırır. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırım və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması təsbitlənmişdir. Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırım və etnik təmizlənmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün xeyli iş görmüşdür." “Tarix boyu xalqımızın başına hansı faciələrin gətirildiyini, çəkdiyimiz müsibətlərin gerçək miqyasını və mahiyyətini ilk növbədə özümüz dərindən dərk etməliyik. Bunun üçün, həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq."
   Unutqan olmadığımız müddətcə tariximizdə daim qürurla danışa  biləcəyimiz hadisələr və 44 kimi müqəddəsləşən rəqəmlərimiz çox olacaq. Bu rəqəm mənim dünyaya göz açdığım Ağdərə rayon Başgüney kəndində unudulmaz olubdur. Çünki dünyanın faşizm təhlükəsindən xilas edildiyi İkinci Dünya Müharibəsində bu kəndin 44 nəfər  igid oğulları həlak olmuşlar...
 

Ağdam rayon 95 saylı köçkün tam orta məktəbin Tarix müəllimi Kərim Novruzov