07 Iyun 2024 09:01
2594
LAYİHƏ

Söz azadlığı olan yerdə...

Dünyada azadlıqdan gözəl şirin varlıq yoxdur. Və biz azadlıq deyəndə həm də insanın yaşadığı cəmiyyətdə özünü rahat hiss etməsi, normal yaşaması və birmənalı olaraq həyatından razı olmasını düşünürük. Eyni zamanda azadlıq həm də o deməkdir ki, hər bir vətəndaş yaşadığı ölkədə öz fikir və düşüncəsini sərbəst surətdə ifadə etməyi bacarır. Başqa sözlə demiş olsaq, fikir prüalizmi və düşüncə azadlığı insanın həyatına yeni bir rəng, yeni bri çalar qatır. 

Biz də ölkəmizdə söz və mətbuat azadlığının şirinliyini və gözəlliyini o vaxt hiss etdik ki, artıq müstəqil dövlət kimi yaşamağa başladıq. Heç kimə sirr deyil ki, biz 70 il SSRİ-nin tərkibində olan bir respublika olmuşuq. Sovet hökumətinin də öz qanunları, daha doğrusu, sərt nizam-intizamı vardı. Yəni vahid mərkəzdən idarə olunan ideoloji bir sistem mövcud idi. Hər şey də o sustemə uyğun tənzimlənir və cəmiyyəti buna doğru hazırlayırdılar. Əlbəttə, sovet dönəmində demək olmaz ki, söz və mətbuat azadlığı yox idi. Amma bu şərti idi. Yəni, bütün Kütləvi İnformasiya Vasitələri, o cümlədən, televiziya “qlavlit” deyilən bir qurum tərəfindən idarə olunurdu. Başqa sözlə demiş olsaq, bu sərt bir senzura idi. Həmin senzuranın icazəsi və möhürü olmadan nə bir qəzet çap oluna bilər, nə də hansısa televiziya verilişi efirə gedərdi. Bax, belə bir durumda hər şeyə nəzarət olunurdu. 

Amma elə ki, müstəqillik dövrünə qədəm qoyduq və yeni bir dövlət kimi formalaşmağa başladıq, sovet dönəmindən qalmış senzura və digər nəzarətedici orqanlar bir-bir sıradan çıxmağa başladı. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndən sonra bütün sahələrdə olduğu kimi, söz, mətbuat və fikir azadlığında da yeni bir mərhələ başladı desək, yanılmarıq. Ən azından ona görə ki, 70 il bizi sovet ideologiya maşını elə bir formaya salmışdı ki, həmin streotiplərdən yaxa qurtarmaq elə də asan deyildi. Müstəqillik dövründə yaşamağımıza baxmayaraq, bəzi məmurlar köhnə iş sistemindən əl çəkmək istəmir və yeniliyi qəbul eləməkdə maraqlı olmurdular. Amma bütün bunlara baxmayaraq, cəmiyyətdə gedən qlobal dəyişmələr, müasirlik və demokratik düşüncələr zaman-zaman mövcud qaranlığa bir işıq saldı. O işıq göstərdi ki, Azərbaycan gənc və müstəqil dövlət olmasına baxmayaraq, dünyavi dəyərləri qəbul edir, demokratiyaya doğru hər gün bir addım atır. O addımı atmaq çətin olsa da, amma atmağı bacardı ölkəmiz. 

Ölkə mətbuatında, televiziyalarda yeni yaranmış saytlarda və sosial şəbəkələrdə hər bir Azərbaycan vətəndaşı öz fikrini və düşüncəsini azad, sərbəst şəkildə ifadə edirdi. Heç şübhəsiz bu o demək idi ki, Azərbaycan beynəlxalq hüquq normalarına çox böyük hörmətlə yanaşır, bəşəri dəyərlərə sevgisini bildirir və eyni zamanda sivil, demokratik yol tutur. Məhz  bunun nəticəsi idi ki, əgər ölkəmizdə, sovet dönəmində 15-ə yaxın qəzet, jurnal və bir televiziya vardısa, müstəqillik dövründə yüzlərlə qəzet, saytlar, özəl televiziya kanalları fəaliyyətə başladı. Onlara verilmiş sərbəstlik və demokratik hüquqlar bu qurumların daha rahat və normal fəaliyyəti üçün şərait yaratdı. Üstəlik də Azərbaycan Prezidenti Heydər Əliyev mətbuata çox böyük diqqət və qayğı göstərdi. Belə ki, müxalifət və müstəqil qəzetlərini “Azərbaycan” Nəşriyyatına çoxlu borcları vardı. Və o borca görə, qəzetlərin bəziləri bağlanmalı, bəziləri isə gec-gec nəşr olunmalıydı. Ulu Öndərin tapşırığı ilə həmin mətbuat orqanlarının “Azərbaycan” Nəşriyyatına olan borcları ləğv edildi. Bütün bu müsbət addımlardan sonra həmin qəzetlər yenidən nəfəs aldı və çap olunmağa başladı.  Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev bir neçə dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Çünki Azərbaycan mətbuatının ən ağır vəziyyətində Ümummilli Lider ona arxa durdu, söykək oldu və ikinci nəfəs verdi. Əlbəttə, belə bir mühitdə qəzetlərin nəşr olunmasını çox normal bir şərait yaratdı. Üstəlik də ölkədə söz, mətbuat, düşüncə azadlığı daha da geniş vüsət aldı. Kimliyindən asılı olmayaraq, sərbəst şəkildə, istər toplantılarda, istər KİV-lərdə, istərsə də sosial şəbəkələrdə fikirlərini cəmiyyətə çatdırdı. Demokratik və hüquqi cəmiyyətdə yaşamaq bayaq dediyimiz kimi, o ölkənin vətəndaşlarına mənəvi bir rahatlıq və sakitlik gətirir. Artıq Azərbaycan cəmiyyətində də belə bir sağlam mühit formalaşıb. 

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə də Azərbaycanda söz, mətbuat, fikir və düşüncə azadlığına “yaşıl işıq” yandırılıb. Çünki Ulu Öndər Heydər Əliyevin mətbuatımıza göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyevin dövründə də davamlı olaraq yeni bir mərhələyə qədəm qoyub. Heç şübhəsiz ölkəmizdə söz, mətbuat azadlığına belə önəm verilməsi dünya ictimaiyyəti tərəfindən də diqqətlə yanaşılıb. Bu mənada demokratik və inkişaf etmiş ölkələrdən məmləkətimizə səfər edən siyasətçilər, diplomatlar və digər yüksək titullu şəxslər Azərbaycanda sağlam bir mühitin formalaşdığının şahidi olurlar. Onlar şahidi olurlar ki, ölkəmiz demokratik, hüquqi bir dövlətdir və bu dövlət də bəşəri dəyərlərə çox hörmətlə yanaşır. Heç kim deyə bilməz ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı məhdudlaşdırılıb. Yəni, hər şey göz qabağındadır. 

Prezident İlham Əliyev də mətbuata öz qayğısını bu gün də əsirgəmir. Belə ki, ildə iki dəfə 20-dən çox qəzet və jurnal dövlət tərəfindən maliyyələşdirilir. Nəşriyyat xərclərinin çox olmasına, çap kağızının qiymətinin artmasına baxmayaraq, dövlətin maddi dəstəyi sayəsində respublikamızda tanınmış müxalifət və müstəqil qəzetlər çap edilirlər. Bu isə o deməkdir ki, dövlət söz, mətbuat azadlığına böyük önəm verir, qarşıya çıxan mövcud çətinlikləri vaxtında  həll edir. Dünyada azadlıqdan, sözdən, fikir və düşüncə sərbəstliyindən şirin varlıq yoxdur. Və nə yaxşı ki, dediyimiz və sadaladığımız bu dəyərlər bizim ölkəmizdə də var. 

Heç bir xarici ölkə, heç bir dünyanın güclü dövləti bizə deyə bilməz ki, Azərbaycanda söz və mətbuat azadlığı sahəsində hansısa çətinliklər və problemlər mövcuddur. Əksinə, dünyanın demokratik və sivil dövlətləri görür ki, ölkəmiz demokratik yolla gedir, bu sahədə qarşıyan çıxan sıxıntıları vaxtında aradan qaldırır, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağa çalışır.        
 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.