adalet.az header logo
  • Bakı -°C
05 Iyun 2026 15:48
90
ƏDƏBİYYAT
A- A+

Söz ömrü yaşayanlar - Pərvanə Bayramqızı yazır

İnsanların özlərinə yaxın, doğma sandıqları zümrə şairlərdir. Şairlər hamının əvəzinə düşünür, duyur, hiss edir, hətta danışırlar. Qələmlərindən çıxanı kim oxusa, şövqlə başını yelləyir: “Elə bil məndən yazıb...” deyir. Şairlər  mənəvi dünyamızın rentgen aparatıdır, daxilimizi görür, çəkir, özümüzə göstərirlər. Şair, şeir o qədər sevilir ki, qaraciyərinin yerini bilməyən belə bir şair tanıyır, bir bənd şeir bilir. 

Şairin günü olmur, şair gün görmür, indi daha çox günün şairi var. Beş-on  sevgi, qadın mövzusunda öz aləmində “fəlsəfi” şeir yazır, qadınlar da bəyənirlər, alqışlayırlar, olur günün şairi. Əsl şairsə günsüzdür, fikri, sözü ilə özü Günəşdir – zülmətə işıq saçır. 

Əli Kərim yorulanda sözün yamacına uzanır:

Söz axtardım, tapmadım,
Misram qopub töküldü
Özülsüz divar kimi.
Girdim söz dünyasına.
Çox gəzdim, çox aradım
Kəşfiyyatçılar kimi,
Nəhayət, onu tapdım.
Yerinə düşdüyündən
Bu söz nə qədər gözəl,
Əzəmətli və nəhəng!
Yorulmuşdum...
Uzandım
Bu sözün yamacına
Başımı söykəyərək.
Qulu Ağsəs varağın küncündə oturur:
Yorlulub oturdum
 varağın bir küncündə,
ürəyim it kimi ulayır
it kimi...
at gücündə.
Qışa bir taya şeir yığmışam
Sözü misraya vura-vura. 

Şairlərin istirahət “zonası” vərəqdədir. Orda özlərinə əməlli-başlı şərait yaradıblar. Lap Robinzon Kruzo kimi.  
Şair qəzəblənəndə sözdən qığılcım çıxır. Şair var, gözləyirik, görək nə vaxt normal şeir yazacaq. Şair də var, hər dəfə şeir paylaşanda zarafatyana deyirik, bircə dəfə də pis yaz. Bəzi şairlər şeir yazmaqdansa, şeir oxusalar, yaxşıdır. 
İki şeir yazıb bir kitab çap etdirən şair deyil. Min şeirə, yüz kitaba sahib olan şair də əsl insan sayılmaz. Şair sözdən, fikirdən korluq çəkməyənlərdir.

Şair ruhunun şəklini sözü ilə çəkməyi bacarandır. Duyğuları onu tanımayanlara doğma olandır. Başıbəlalı ölkələrin şairlərinin bir də vətən yükü olur. Yurdunun, xalqının, cəmiyyətinin dərdini çəkən, içində alışıb-yanan, bunu heç kəsə minnət kimi yükləməyən şairlər daha çox sevilirlər. Sevdiklərinə canından bağlı olanlar sevgisini bağırmadan sübut edirlər. Əslində, sübut etməyə cəhd göstərmirlər, bu özü özünü təsdiqləyir.
Yazdıqları özündən böyük olanlar söz ömrü yaşayırlar. Sözü özündən qabaq ölənlərin deyil, özündən sonra sözü ilə birgə yaşayanların səbəbinə Azərbaycan poeziyası var və o, Azərbaycan dilinin ahəngini qoruyur. Bəzi şairlərin özünü, bəzilərinin də yalnız sözünü sevirik. Həm özü, həm də sözü dəyərli olanların varlıqları gözəl təsəlli, böyük ümiddir. 
Mənə elə gəlir, əsl şairin günahını şeirinə bağışlamaq olar.


Bəxtiyar Vahabzadə

Şairlər

(ixtisarla)

Şairə heykəllər qoyulan zaman,
Deyirlər, ona bax, nə bəxtəvərmiş.
Ancaq demirlər ki, mən yaşayırkən,
O öz sinəsini masaya gərmiş.

O keçib canından ömrə qıyanda
Sənin nəşələrin aşıb-daşırdı.
O ki yaşamırdı sən yaşayanda
Sənin yerinə də o alışırdı.

Dəryanın dibindən çıxmamış hələ
Tanımaq olmayır mərcanı, dürrü.
Sən həsəd aparma o daş heykələ
Ömürdən sonradır onların ömrü.

Şairlər, şairlər bircə söz üstə
Sübhədək yaxdınız ürəyinizi.
Sizi görmədilər heç vaxt diz üstə –
Qəribə yaradıb təbiət sizi.

Hamıdan gec yatıb qalxdınız erkən
Ağardı dan yeri gözlərinizdə.
Min əzab çəkdiniz siz yaşayırkən
Ölüb yaşadınız sözlərinizdə. 

Şair – fikirlərin çırpınan seli,
Şair – həqiqətin müğənnisidir.
Şair – təbiətin danışan dili,
Şair – cəmiyyətin üsyan səsidir.

Şair – zəmanənin, əsrin vicdanı,
Şair – tarixlərin şərəfi, şanı,
Şair – bu dünyaya zamanın sözü,
Şair – həqiqətin, haqqın güzgüsü! 

Nəriman Həsənzadə

Şairlər oyaq qalır

 - Bir işin varmı, şair, 
necə keçir günlərin?!
Elə ki, iş yerimi 
öyrəndilər, bildilər, -
-    Yenə başın qarışar, 
iş yaxşıdı, - deyirlər. 
Təbrik də eləyirlər.
Xəbərsizdi, təəssüf, - 
bir para oxucular, - 
oxuduğu misranın 
neçə variantı var. 
Şairlər oyaq qalır, - 
nə bir vərəq ağ qalır, - 
bir sözün arxasınca 
düşürsən tapanacan.
Tapa bildinmi, haçan?!
Pozursan yaza-yaza, 
yazırsan poza-poza.
Soruşma nədən, niyə?
Qayıt görüm geriyə, 
hardaydı, o qafiyə...

Cabir Novruz

Şairi öldürdülər
(ixtisarla)

Şair kimdir, nədir axı?
Öz elinin ən ağıllı ağsaqqalı,
Ən sadəlövh bir uşağı.
Şairləri öldürməyə nə var axı?
Ümidini, inamını al əlindən,
Dəryasını, ümmanını al əlindən,
Vətənində azad-azad oxumağı
al əlindən
ölər şair.
Böyüdüyü düzü, dağı al əlindən
ölər şair.
Tapdadımı yad ayaqlar yollarını,
İtirəcək aylarını, illərini.
Təyyarəylə, gəmi ilə, maşınlamı
Sərvətləri yad ellərə daşındımı,
Dağlarında yad kölgələr göründümü,
Eli, xalqı, parça-parça bölündümü,
Polad sədlər qoyuldumu cəh-cəhinə,
Yad ləhcələr qarışdımı ləhcəsinə
Qara əllər onu xalqdan ayırdımı,
Ana dili məhəlli dil sayıldımı,
Donar şair,
yanar şair,
ölər şair,
Pələng kimi nərildəyər,
Quzu kimi mələr şair.
Şair kimdir, nədir axı?
Öz xalqının güllə tutmaz şah zirvəsi,
Topdağıtmaz uca dağı,
Çox çətindir məhv eləmək şairləri.
Mümkün deyil asıb-kəsmək,
Güllələmək şairləri.
O, xalqının daim görən gözləridir,
O xalqının rəhbəridir, əsgəridir.
O, xalqının daim ayıq vicdanıdır,
El ürəyi ən sonuncu ünvanıdır.
Mümkün deyil məhv eləmək şairləri,
Mümkün deyil asıb-kəsmək
Güllələmək şairləri.
Parça-parça ətini kəs diriləcək,
Gözünü ov, başını kəs diriləcək,
Nişan alıb odla onu, diriləcək,
Öldür min bir adla onu, dirilləcək,
Diri-diri soy şairi, diriləcək.
Top ağzına qoy şairi, diriləcək.
Yandır gündə,
öldür gündə, diriləcək,
O, xalqının ürəyində diriləcək,
Həqiqətə, əfsanəyə bürünəcək.
Doğma ana ləhcəsində görünəcək.
Əsrlərlə kəs səsini, diriləcək.
Azad görsə, ölkəsini, diriləcək.
O, xalqının yaddaşında dieiləcək.
Yüz yaşında, min yaşında diriləcək.
Mümkün deyil məhv eləmək şairləri,
Mümkün deyil asıb-kəsmək,
güllələmək şairləri.


Ayaz Arabaçı

Şair

(ixtisarla)

Şair gərək əzəl gündən yaltaq olmasın,
Əyilməsin, sürünməsin şah qabağında.
Bir dağ kimi məğrur dursun, mətin dayansın,
Qoşub gələn dərd önündə, ah qabağında.

Hər nəfəsdən güzgü kimi ləkələnməsin,
Həm özünü, həm sözünü bayraq eləsin.
Şair gərək nalda-mıxda “bəlkə”lənməsin.
Onu görən sevincindən bayram eləsin.

Şair gərək şərəf kimi baxsın həyata,
Qılınc olsun, nizə olsun qələm əlində.
Şair gərək tamam dönsün mənəviyyata,
Həm işində, həm sözündə həm əməlində.


Əli Tudə

Sən 

(ixtisarla)

Şairlik fikrinə düşəsi olsan,
Bacar deyilməmiş söz deyəsən sən.
Sənət döyüşündə qələbə çalsan
Özünü nə çəkib, nə öyəsən sən.

Bil ki, min şeirlə deyişən şeirin,
İnsanla inamla dəyişən şeirin,
Son gücünə qədər döyüşən şeirin,
Beşiyi başında bir dayəsən sən.

Döyüş meydanının sən harasında,
Qalsan da od ilə su arasında,
Unutma mərdlərin ön sırasında 
Həm qələm, həm silah, həm qayəsən sən.

Çalış sabaha da təməl qoyasan,
Hətta bugünkündən gözəl qoyasan. 
Arzudan yoğrulmuş əməl qoyasan
Dəmir yumruğunla daş döyəsən sən.

Qadir hünərinlə cəsur olsan da,
Nadir sənətinlə məşhur olsan da,
Zirvə vüqarınla məğrur olsan da
Gərək xalq önündə baş əyəsən sən.


Zəlimxan Yaqub

Şair baxtı

Vaxt olar, zəhmətin zay olar, heç olar,
Vaxt olar qurbanın xınalı qoç olar,
Vaxt olar qazancın vədəsiz köç olar,
Bu dünya bir dəniz sən onun adası,
Bu şair baxtıdı, darılma qadası!

Çəkilməz ağrısı, daşınmaz yükü var,
Buludda budağı, torpaqda kökü var,
Şeşindən min dəfə çox gələn yeki var,
Dünyanın zəhrini şairlər dadası,
Bu şair baxtıdı, darılma qadası!

Söz olub dodaqdan-dodağa qonmaqdı,
Köz olub yandırmaq, od olub yanmaqdı.
Ayazda üşümək, şaxtada donmaqdı,
Axırda qismətin ya oddu, ya da su.
Bu şair baxtıdı, darılma qadası!

Ulu söz gözlərə işıqdı, çıraqdı,
Əllərdə silahdı, dillərdə yaraqdı.
Səninki qələmdi, dəftərdi, varaqdı,
Kiminin işi çox, kiminin ədası.
Bu şair baxtıdı, darılma qadası!

Vaxt olar qoruyub üstündə əsəllər,
Vaxt olar küsdürər, vaxt olar küsəllər,
Dərini soyallar, başını kəsəllər,
Min ildən sonra da kəsilməz sədası.
Bu şair baxtıdı, darılma qadası!

Baxma ki başında tufan var, şimşək var,
Bağında həmişə dərməyə çiçək var,
Allahın sənə ki verdiyi ürək var,
Hamının odudu, hamının odası.
Bu şair baxtıdı, darılma qadası!