16 Iyul 2024 11:15
2313
ƏDƏBİYYAT

SÖZ və QƏLƏM FƏDAİSİ.

Çətini yazmağa başlamaqdır...

Əlimə qələm alıb yazmağa başlarkən Milli mətbuatımızın banisi və ilk qaranquşu Həsən bəy Zərdabini, onun "Əkinçi"qəzetini xatırladım.Ustad dediyim vəfalı dost,gözəl insan,nümunəvi ,istedadlı ziyalımız, Əməkdar jurnalist,vətənpərvər eloğlu,millətinə ,dövlətinə sadiq vətəndaş İdris Şükürlünü dahi Azərbaycan ziyalısı və  azadlıq təşnəsi Həsən  bəy Zərdabinin müasir davamçılarından biri hesab edirəm.

Dünyanın əşrəfi sayılan  insanı Allah bütün canlılardan fərqli olaraq daha mükəmməl yaradıb.Əslində bu dünya insan üçün sınaq meydanıdır. Bəlkə də elə ömürün mənası da insanın öz Yaradanı qarşısında bu çətin sınaqdan necə çıxmasından asılıdır. Kimi öz yaxşı əməlləri, xeyirxahlığı, səmimiliyi, dürüstlüyü, nəfsinə qalib gəlməsi və təqvalı olması nəticəsində bu sınaqdan üzüağ çıxır, kimi də bu dünyanın ötəri, heç kimə qalmayan bər-bəzəyinə aldanıb dünya malının əsirinə çevrilərək nəfsinə alçalır, pisliyi, namərdliyi, nankorluğu özünə peşə seçərək bu işıqlı dünyanı üzüqara tərk edir. Elə insanlar da var ki, ömürləri şama bənzəyir.Şamın ömrü çox qısa olur. Ancaq şam öz işığıyla ətrafa nur saçır. Yəni bu işıq, bu nur ətrafı öz hərarətinə və istiliyinə bələyir. Xoşbəxt o insandır ki, yaşadığı ömrü yada salanda heç vaxt peşmançılıq hissi keçirmir. Kimyagər və filosof Paulo Coelho yazır:"İnsanın yeganə borcu var: Öz yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün kainat sənin arzunun həyata keçməsinə kömək edəcək." Öz yolu ,öz dəst-xətti olan belə gözəl əməl sahibi ,xeyirxah insan,ömrünü millətin tərəqqisi üçün şam kimi əridən ,yeganə borcunu ləyaqətlə yerinə yetirən,taleyin sınaqlarından üzüağ və alnıaçıq çıxan ,ustadımız,nasir, publisist, politoloq,SSRİ  Jurnalistlər İttifaqı (1984),(indiki Azərbaycan Jurnalistlər Birliyi) AzərKİVİHİ-nin (2000) üzvü, Əməkdar jurnalist İdris Mütəllim oğlu Şükürlüdür.O,1957-ci il mayın 1-də Lerik rayonunun Şingədulan kəndində  baş milis leytenantı Mütəllim kişi ilə çörəkli,səxavətli,,süfrəsi bərəkətli Rahilə xanım Bəşirova  ilə qurulan nümunəvi bir ailədə anadan olmuşdur.İdris sözünün mənası oxuyan ,təlim keçən deməkdir.Bəlkə övladına ad qoyan dəyərli valideynlər bu adı seçməklə  İdris Şükürlünün həyatının ziya,işıq ,nur olacacağını sanki öncədən hiss  etmişdilər.Həyatda təsadüf yoxdur,təvafüq var.Bu ailənin əsli hal-hazırda mövcud olmayan Kerəbın kəndindəndir.Ana tərəfdən babası Səfərəli kişi böyük alim Şeyx Qulamrzanın (Şeyx Qələm) böyüyüb təhsil almasında böyük zəhmət çəkmişdir.İndiki şəhid Azər Mirzəyev adına tam orta məktəbdə 1964-1974-ci il oxumuşdur. Bir müddət sıravi kolxozçu işləmiş,1975-ci ildən 1976-cı ilə kimi “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti redaksiyasının mətbəəsində mürəttib işləmiş,1976-1984-cü ildə BDU-nin Jurnalistika fakültəsini qiyabi yolla bitirmişdir.1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və Arxangelsk vilayətinin  Xalmaqor rayonunda hərbi xidmətdə olmuşdur.Hərbi xidmətdə olarkən akademik M.V .Lomonosovun adını daşıyan Lomonosovo kəndində alimin ev muzeyində 2 dəfə olmuşdur.Hərbi xidmətdə olarkən müxtəlif mövzulardakı yazıları  "Bolluq uğrunda"(indiki " Lerik"), "Azərbaycan gəncləri " qəzetlərində,"N"saylı hərbi hissənin qəzetində publisistik yazıları çap olunur .Bu yazılara görə ona redaksiyadan qonorar da göndərilir.Hərbi xidmətdə "Əla hərbi xidmətə görə" medalı ilə təltif olunur və 2 dəfə növbəti məzuniyyətə  buraxılır.1978-ci ildə ADU-nun(indiki BDU-nun) Jurnalistika fakültəsində təhsilini davam etdirməklə yanaşı, rayon qəzetində kitabxanaçı işləmiş,1981-1989-cu illərdə “Bolluq uğrunda” qəzeti redaksiyasında ədəbi işçi,1989-cu ildən məsul katib kimi çalışmışdır.

Dahilər olmasa,fenomen şəxsiyyətlər yetişməz! Jurnalistika ixtisası üzrə oxuyarkən alim və  professorlardan -Nəsir İmanquliyev,Qulu Xəlilov,Şamil Qurbanov,Tofiq Rüstəmov ,Əliş Nəbili,Nurəddin Babayev ,Seyfulla Əliyevdən dərs almışdır.Hətta elmi rəhbəri Əliş Nəbilinin rəhbərliyi ilə buraxılış işini-"Lerik qəzetinin nəşrinin  tarixi"ni uğurla müdafiə etmişdir.1989-1991-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu,yəni  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani şöbəsini bitirmişdir.1991-ci ildə “Kənd həyatı” jurnalının cənub bölgəsi üzrə xüsusi müxbiri işləmişdir.1992-ci ildə “Lerik” qəzetinin redaktoru təyin edilmişdur.Qələmin əsas vəzifəsi həqiqətləri yazmaq,jurnalist və yazarın əsas vəzifəsi cəmiyyətdə gördüyü,müşahidə etdiyi bütün hadisələrə obyektivmünasibət bildirib, toplumun tərbiyəsi məqsədilə,hər şeyi uyğun bir dillə çatdırmaqdır. Bu amala xidmət edən çox az sayda jurnalist və yazar var.Öncül ziyalımız İdris Şükürlü bu müqəddəs vəzifənin öhdəsindən uğurla gəlmiş və 32 ildir ki ,bu şərəfli və məsuliyyətli vəzifədə çalışır.Belə ki ,söz ustası İdris Şükürlü təkcə 15-dən çox  kitabın müəllifidir.Böyük iftixar hissi ilə oxuduğum əsərlərinin adlarını qeyd etmək istəyirəm:“Ölsəm, inanma!” (oçerklər), Bakı,(1996),“Gözəlliyi gözlərimdə apardım” (mənsur şeirlər), Bakı, (1998),“Ömür çırağı sönmədi” (sənədli povest-Milli Qəhrəman Əsgər Əliyev  haqqında), Bakı( 2002),“Adsız qəhrəman” (Süleyman Bədəlov haqında  sənədli povest), Bakı( 2003),“Seyid Mir Saleh Ağa ocağının nuru” (oçerklər), Bakı( 2003),“Əliheydər müəllimin arxeoloji cənnətdə tapıntıları”(oçerklər),Bakı( 2004),“Kitabların işığında”(Ağaş Mirzəyev haqqında oçerklər), Bakı( 2007),Dünyadan bir loğman köçdü.(Cərrah Elxan Bədəlov haqqında)(2010),“Çəkirəm dünyanın şəklini sözlə”(şeirlər)(2012),“Açılmayan səhər”(şeir-esse),“Əsl insan haqqında düşüncələr”(Cərrah Əli Bədəlov haqqında sənədli povest)(2012),"Şeyx Qələm",Xatirə-memuar(2013),"Bədənində dəfn etdilər ölümü",(Şəhidlər haqqında oçerklər)(2017),"Nakam ömrün nəğməsi",(xatirə-oçerklər)(2021),Qalib xalqın qalib lideri(oçerklər)Bakı(2023) və s...

İlk kitabı " Ulduz" jurnalının məsul katibi, şair-publisist Allahverdi Məmmədlinin redaktorluğu ilə  1996-cı ildə çap olunmuş və bu əsərdə ilk dəfə Lerikdən Vətənin müdafiəsinə qoşulan Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla şəhadət şərbətini içmiş 85 nəfər  şəhid ,4 nəfər Milli Qəhrəman haqqında avtobioqrafik məzmunlu esse yazılmışdır.88 səhifəlik bu əsəri yazarkən İdris Şükürlü şəhid ailələri görüşmüş,qəlbi  yaralı bu əzizlərimizdən iftixarımız olan şəhidlər barədə çox böyük həssaslıqla məlumat almış,bununla kifayətlənməyərək şəhidlərin yaralı döyüş yoldaşları, komandirləri ilə əlaqə yaradıb onların verdiyi əvəzsiz məlumatlardan bəhrələnib bu bənzərsiz əsəri ərsəyə gətirmişdir.Əsər şəhid ailələrinə təmənnasız verilmişdir .Əsəri oxuyarkən məhbus olan  göz yaşlarını göz zindanında saxlamaq olmur və  vətənpərvərlik,mərhəmət hissi oxucunu ixtiyarsız kövrəldir..."Ölsəm,inanma"kitabında son söz əvəzi yazmış şair-publisist Allahverdi Məmmədlinin qeydlərini oxumaq kifayətdir ki,Vətəni özü qədər sevən İdris Şükürlünü duyasan ,hiss edəsən.Məhz  bu əsərə görə vətənpərvər ziyalımız İdris müəllim Azər KİVİHİ-nin "Nailiyyət " diplomuna ,"Qızıl qələm "media mükafatıına layiq görülüb.

Əməkdar jurnalist İdris Şükürlü y ədəbi-bədii və publisistik üslubda yazıb yaratmış, 50-yə yaxın kitabıntərtibçisi və redaktoru ,çoxunun isə  ön söz müəllifi olmuşdur.Hər bir ön sözü bənzərsiz  məqalədir.Novator yazar "Pərvanə" dərgisinin (2009) və "Azad təfəkkür " qəzetinin (2003) redaktoru və təsisçisi olmuşdur.Müxtəlif janrlarda yazıb çap etdirdiyi əsərlər:məqalə, oçerk, hekayə, publisistik yazılar,şeir və sənədli povestlərdən ibarət həyatın bir parçası olan bu  canlı lövhələr yaddaşlarda dərin iz salır.Söz və qələm fədaisi İdris Şükürlü yaradıcılığında elmiliyə, fəlsəfi-etik baxışlara, uzaqgörənliyə, xalq ruhuna, milli-əxlaqi dəyərlərə üstünlük verir. Müraciət etdiyi mövzular çox vaxt özu onu axtarıb  tapır.Əsərlərini oxuyarkən düşünürsən ki, cərəyan edən hadisələr sanki sənin gözlərinin önündə baş verir. Müqayisəli paralellər onun əsərlərində bədii ümumiləşdirməyə aparır.İdris Şükürlünün bədii yaradıcılığı bir neçə istiqamətdə və ədəbi janrda inkişaf edir: onun əsərlərinin qəhrəmanları müasirlərimizdir. Qanı Vətən torpağına çilənmiş fədakar əsgərlərimizin,şəhidlərimizin həyatı, döyüş yolu sənədli-bədii lövhələrlə, yeni ruhda təqdim edilməsi, milli-əxlaqi dəyərlərə hörmət, tarixí keçmişimizin, maddi-mədəniyyətimizin tədqiq edilməsinə yeni baxış, insan amili, onun müasir cəmiyyətdəki mövqeyi, arzu və düşüncələri, üzləşdiyi adalətsizliyə sərt münasibəti, dünyanı yaşadan təbiətə bəşəri sevgi  onun yaradıcılığnın ana xəttini təşkil edir.

Söz candır ,əgər bilirsə insan...

Dünya var olandan bəri söz, kəlam qədər qiymətli, əziz və ürəkləri fəth edən heç bir şey yaranmayıb.Söz haqqında istər Şərqin, istərsə də bütün dünyanın söz ustaları, dahi şəxsiyyətləri qiymətli fikirlər söyləmişlər. Söz- dünyanın sirrini açan ilk ən gözəl vasitədir. Ürəyin sirlərini izhar edən sözdür. Kainatın bütün sirləri söz vasitəsi ilə bəyan olunur. Sözün qədir-qiyməti o qədərdir ki, danışmaqla bitməz.Söz qələmin bəyanı,qələm isə insanın bəyanıdır.Düşünürəm ki, söz yerində deyiləndə gözəldir, yerində deyilən sözün təsiri çağlayıb məcrasına sığmayan sellərdən daha güclüdür.Ustad İmadəddin Nəsimiyə görə söz ruhdur və o uca göylərdən enib.Üsyankar və cəsur şair belə yazır:

Dinləgil bu sözü ki,candır söz,

Aliyü asiman məkandır söz.

 Həzrət Əli (ə) buyurub:Hər kəs dilinin (sözünün) altında gizlənibdir".Söz sənətimizin zirvəsi, dahi şairimiz Məhəmməd Füzuli bu ibrətamiz kəlama şərik çıxaraq “Söz” qəzəlində deyir:

“Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa, eylər əhlin ol miqdar söz”

Başqa bir beytdə ustad Füzuli belə buyurur:

“Can sözdür, əgər bilirsə insan;

Sözdür ki, deyirlər özgədir can”.

Həqiqətən, SÖZ ayrı bir aləmdir.O ,Lahut aləmindən Nasut aləminə nazil olan ilk varlıqdır,ruhdur,candır, abi-həyatdır,Səlsəbildir,Kövsərdir,Leylətül-Qədrdir.Söz həm aydın, həm də gizlidir, həm zahirdir,həm də batindir.Sözün qüdrəti də, gözəlliyi də bundadır, gizli söz, yəni bədii, obrazlı söz deməkdir.Sözün qatına enə bilən,obrazlı təfəkkürün sahibi İdris  Şükürlünün  yaradıcılığını nəzərdən keçirib  tədqiq edərkən müxtəlif baxış bucağından təhlil etdim:

Müharibənin yaraları sağalmır...

Zaman keçir, illər ötür. 9 May faşizm üzərində Qələbə Gününün mahiyyəti, qələbənin mənası və tarixi əhəmiyyəti bütün dünya üçün böyük məna kəsb edir. Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində şücaət göstərmiş, xalqın qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişlər. Bu baxımdan,  deyə bilərik ki, alman faşizmi üzərində çalınan qələbədə Azərbaycan xalqının da böyük payı vardır. Bu gün də alman faşizminin qarşısını almaq üçün həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edir, baş əyirik. Onların qəhrəmanlığı qəlbimizdə əbədi olaraq yaşayacaqdır.

İdris Şükürlü  zaman-zaman  Böyük Vətən müharibəsinin gizlin qəhrəmanlarını-veteranlarını axtarmış ,araşdırmış və onlarla görüşərək dövrü mətbuatda ictimaiyyəti məlumatlandırmaq məqsədilə publisistik yazılar,maraqlı oçerklər ,məqalələr çap etdirmişdir.

Böyük Vətən müharibəsi qəhrəmanı Əli Hüseynov  Stalinqraddan Berlinə qədər döyüşmüş ,Reyxstaqın divarlarına öz adını həkk etdirmişdir."Şöhrət "ordeninin hər 3 dərəcəsini almış (bu ordenin hər 3 dərəcəsini almaq Sovet İttifaqı Qəhrəmanı adına bərabər tutulur.),Ali Sovetin deputatı seçilən,"Əsgər cəbhəyə getdi" filminə  çəkilən əfsanəvi döyüşçü Əli Hüseynov ilə Daster kəndində görüşmüş ,ondan müsahibə alaraq mətbuatda onun döyüş şücaəti dəyərli bir oçerk  yazmışdır."Stalinqraddan Berlinədək" oçerkində İdris Şükürlü  topçu batareyasının komandiri ,76 millimetrlik  topla  Berlinədək döyüş yolu keçən Əli Nəcəf oğlu Hüseynovun cəbhə yoldaşı Pyotr İqnatyeviç Sitnikovla məktublaşmış,ondan dəyərli məlumatlar əldə etmişdir.

1975-ci ildə faşizm üzərində Qələbənin 30-cu  illiyində İdris Şükürlünün  mərhum atası Mütəllim kişi ilə birgə işləyən Yunsur Həziyev İdris müəllimə ərkyana tərzdə deyir:

"Əmmim Əbutalıb Cavadovdan niyə yazmırsınız?!"."Sənin əmin harada işləyir?"-deyə İdris Şükürlü soruşur.Sonra İdris Şükürlü Əbutalıb kişi ilə görüşüb sənədlərini nəzərdən keçirir.Məlum olur ki,Belorusiyanın Qomel vilayətində Qastello adlı partizan dəstəsinə qoşulmuş,Sovet partizanına verilən xüsusi medala layiq görülmüş,bədənində qəlpə yaraları ola-ola alman əsirliyindən qaçaraq yenidən partizanlara qoşulmuşdu. Anatoli ləqəbli Əbutalıb Cavadov haqqında tədqiqatçı-jurnalist İdris Şükürlü "Bolluq uğrunda "qəzetində "Partizan Anatoli kimdir?!"oçerk çap etdirmişdi və bu yazı böyük marağa səbəb olmuşdu.

Təcrübəli yazıçı-jurnalist ldris Sükürlünün novaorluğu, özunəməxsusluğu, onun əsərlərində obrazlı təfəkkürün, publisistik ruhun güclü olması müxtəlif janrlara yeni ruh verir, əsərlərin yığcamlığı, lakonikliyi, poetik düşüncənin çalarları qüdrətli sözün ruhuna , bədii  təxəyyülə sanki siğal çəkir.Mənim diqqətimi cəlb eləyən odur ki,İdris Şükürlü kiminsə deyə bilmədıyi fikirləri,problemləri  qələmə alır, oxucunu bu problemlərin həllinə yönəldir, onun düşüncəsinə və davranışına təsir edir,vətənpərvərlik duyğularını alovllandırır sanki pərvanəyə dönür.Ruhani aləmin sirri kimi söz öz çərçivəsini adlayıb başqa zamanlara qovuşur,yaddaşlara hopur, yaşamaq hüququ qazanır,həm əsər,  həm də müəllif yaşayır.Sözün ecezkarlığı, qüdrəti də bundadır...

ldris Şükürlünün nəsrdə yazdığı mənsur şeirləri, nəzmdə yazdığı şeirləri, esseləri insanı vəcdə gətirir,insanın,oxucunun hiss və duyğularını silkələyir sanki bəşər övladına deyir ki,huşyar ol,ağlına hakim ol,təbiəti qoru,dünyanı yaşat və özünü yaşat...

İnsan və təbiətin harmoniyası...

İnsan da təbiətin bir parçasıdır.Lerikin təbiəti haqqında İdris Şükürlünün publisistik yazılarını təkcə qəzet və dərgilərdə deyil,internet səhifələrində tez-tez görmək olar.Lerikin uzun ömürlüləri haqqında  İdris müəllimin Türkmənistanın "Gənc kommunist"("Yaş kommunist")qəzetində , respublika və rayon qəzetlərində 168 yaşlı Şirəli Müslimov,150 yaşlı Mahmud Eyvazov,141 yaşlı Məcid Ağayev haqqında publisistik yazıları çap olunmuşdur.İnsanın Təbiətlə harmoniyası daim İdris Şükürlünü düşündürmüş və bu mövzuda "Ekologiyanın vətəni bütün dünyadır!" analitik oçerki, "Təbiət anadır,qoruyaq onu","Təbiətin qisası yaman olur" ,"Təbiətin yaşıl ciyəri","Su həyatdır" və sairə publisistik yazılar  çap etdirmişdir.Qaraçöhrə(latınca Taxus baccata) -4-cü dövrün nadir ağaclarındandır və 2 hektar ərazidə olan bu nadir ağac növü Hamarat kəndində "Alçalıq"adlanan ərazidə qorunur ki,İdris Şükürlü şəxsən ora gedərək bu ağac haqqında məlumat toplamış və bizi bu nadir təbiət nümunəsini qorumağa çağırış etmişdir.Yarpaqları ,zoğları zəhərli olduğu üçün el arasında bızkışt,yəni "keçi öldürən" adlanan bu endemiķ bitki qorunmalıdır.Lerik rayonundakı qaraçöhrə meşəliyini Qafqazda qoruyucu örtüksüz şəkildə ,yəni təmiz ağaclıq halında bitən yeganə meşə sahəsi haqqında İdris Şükürlü respublikanın müxtəlif qəzetlərində  geniş analitik yazı ilə çıxıb edib bu  nadir meşəliyin qorunması barədə həyəcan təbili çalaraq ictimaiyyətin  diqqətinə çatdırmışdır.

Şəhidim -şah igidim…

Qələmi özünə qardaş,sirdaş və sədaqətli dost hesab edən  İdris Şükürlü qəzet və jurnallarda  Vətən Müharibəsinin Qəhrəmanı şəhid mayor Amid Rəbbil oğlu Heydərov ,Şuşa fatehi  Əliqismət Mükafat oğlu Yaqublu,  zabit Samir Şükürov, Cəlil Cavadov,Samir Tağıyev , Sadiq Rəhimov , Elnur Əsədullayev ,Orxan Dənziyev  və digər şəhidlərimiz haqqında coxlu sayda  esselər yazmışdır.Onu da qeyd edək ki,yüksək erudisiyaya sahib olan İdris Şükürlünün çap etdirdiyi  təkcə 4 kitabı vətənpərvərlik mövzusunda-Qarabağ şəhidləri haqqında yazılmışdır.Vətənpərvər jurnalist 2023-cü ilin dekabrın 26-da  100-ə yaxın jurnalist və yazarın iştirakı ilə Qarabağın tacı olan Şuşaya səfəri zamanı İdris Şükürlü əzəmətli Qala divarını 28 il sonra görmüş ,Gövhər ağa  məscidini,Molla Pənah Vaqifin məqbərəsini ziyarət etmiş ,bədöy atlarının məskəni olan Cıdır düzünü,İsa bulağını gəzmişdir.Bu unudulmaz səfər haqqında "Ruhunu dəyişməyən qala-şəhərdir Şuşa!"publisistik yazını 17 yanvar 2024-cü ildə "Lerik"qəzetində çap etdirmişdir.

İdris Şükürlü qədim tarixə boylanır...

48 ildir ki,qələmi ilə xalqına ,millətinə xidmət edən dəyərli ziyalımız İdris Şükürlü tarixini sevən,onu yazan,təbliğ edən bir vətənpərvər jurnalistdir.İdris Şükürlü hələ keçən əsrin 80-ci illərində  görkəmli ziyalımız, fəxrimiz, tarixçi,istedadlı jurnalist Gülməmməd Məmmədzadə ilə birlikdə ( İlk dəfə "Bolluq uğrunda" qəzetinin redaksiyasında tanış olmuşdular.) Lerikdəki Qız qalası ,Oğlan qalası ,Babagil türbəsində olmuş,Mastayıl və Əvilə kəndlərdəki yerüstü abidələri,habelə Yardımlıda,Lənkəranın Şıxəkəran, Cil kəndlərində ,Gəncədə ,Şəmkirdə olarkən bu axtarışlar və tədqiqatlar haqqında publisistik yazı və elmi məqalələri müzakirə etmişlər.

Daim axtarışda olan jurnalist İdris Şükürlü hələ 19-cu əsrin sonlarında Leriki "arxeoloji cənnət"  adlandıran Jak de-Morqanın arxeoloji qazıntıları haqqında, habelə 1927-ci ildə Veri kəndində torpaq sürüşməsi nəticəsi nəticəsində tapılan və 7-ci Mixail Dukkə(1067-1078) aid olan Bizans sikkələri haqqında "Lerik" qəzetində elmi-publisistik yazılar çap edərək ictmaiyyətə məlumat vermişdir.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun arxeoloqu ,professor Əsədulla Cəfərov 1985,1990,2007-ci illərdə Lerikin Büzeyir kəndində olmuş və Büzeyir mağarasını tədqiq etmiş,arxeoloji qazıntılar aparmışdır. İdris Şükürlü professor Əsədulla Cəfərovla görüşmüş ,ondan 2 dəfə müsahibə almış  "İkinci Paleolit düşərgəsi","Ən mühüm yenilik(Büzeyir mağarası)" yazılarını mətbuatda çap etdirmişdir.Azıx mağarasından sonra Azərbaycanın ən qədim Paleolit düşərgəsi olan,80 min il əvvəl qədim insanların yaşadığı Büzeyir mağarası 6 mədəni təbəqəyə malik  Cənubda ən qədim insan məskənidir.2002-ci ildə və 2011-ci ildə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun arxeoloqu Abuzər Ələkbərov Mondigah kəndində arxeoloji qazıntılar aparmışdır.Son Tunc və İlk dəmir dövrünə ,yəni tarix elmində  Talış-Muğan mədəniyyəti dövrünə aid olan daş qutu qəbirlər aşkarlandı. Son tunc dövrünə aid maddi və mədəniyyət nümunələri aşkarlanmasında çayrudlu alimimiz ,arxeoloq Samir Kərimov da iştirak edirdi.İdris Şükürlü arxeoloq Abuzər Ələkbərovdan müsahibə almış və bu arxeoloji qazıntılar haqqında "Lerik" qəzetində elmi publisistik yazılar çap etdirmişdir.

Mədəniyyət və İncəsənət xadimləri, ədiblər İdris Şükürlünün maraq dairəsində...

Azərbaycanın  xalq rəssamı ,xalçaşünas Lətif Hüseyn oğlu Kərimovdan ( 1906– 1991),Tibb üzrə akademik Vaqif Rəhmanovdan,Xalq şairi,professor Bəxtiyar Vahabzadədən, Əməkdar incəsənət xadimi,yazıçı  Məhəmmədhüseyn Əliyevdən,fəlsəfə doktoru,şair-qəzəlxan  Mirhaşım Talışlıdan ,haqq aşığı Qurbanəlidən , AJB-nin sədri, yazıçı-publisist mərhum Hacı Hacıyevdən,Sosialist Əməyi Qəhrəmanı məşhur neftçi Xanoğlan Bayramovdan,Xalq artisti Ramiz Novruzovdan ,tanınmış yazıçı Qəni Camalzadədən,millət vəkili olmuş Miri Qənbərovdan ,muğamları ilə ürkləri fəth edən Sabir Mirzəyevdən müsahibə almış və bu dəyərli ədiblər, mədəniyyət və incəsənət xadimləri haqqında "Bolluq uğrunda ","Lerik",     “Amin", “Azad təfəkkür” qəzetlərində, "Məşəl" jurnalında publisistik yazılar,məqalələr çap etdirmişdir.

Bəs görəsən ,bu qədər zəngin bədii-publisistik yaradıcılığa malik bir söz ustasının,saçlarını jurnalistkada ağardan dostumun  ən böyük arzusu nədir?! Dəyərli ziyalımız İdris Şükürlü özü AJB-nin üzvü, tədqiqatçı-filoloq, "Qızıl qələm" mükafatçısı Qədir Kərimova verdiyi müsahibədə deyir ki,onun ən böyük arzusu çap olunmamış əsərlərinin işıq üzü görməsidir."Yazılmamış əsərlərimə ithaf "şeirində dəyərli ziyalımız bu arzusuna işarə edib.Görkəmli yazar,publisist İdris Şükürlü onu da qeyd etdi ki,işıq üzü görəcək əsərləri indiki nəsillərlə gələcək nəsilləri,keçən əsrlərlə gələn əsrləri görüşdürən vasitədir və öz ömrümü kitabsız ,informasiyasız, məlumatsız təsəvvür etmirəm.

Fədakar dostum İdris Şükürlünün bədii və publisistik yaradıcılığında Qarabağ müharibəsi, şəhidliyin tərənnümü, qələbəyə inam, vətənpərvərlik, dövlətçiliyə sədaqət hissləri mühüm yer tutur.Məhz xalqımızın,millətimizin  tərəqqisi yolunda gecə-gündüz yorulmadan,usanmadan  qələmlə,ziya ilə xidmətini nəzərə alan Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Milli Mətbuat Günü ilə əlaqədar 2010-cu il 21 iyul tarixli 1036 nömrəli  sərəncamı ilə İdris Mütəllim oğlu Şükürov “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür.Bu təltif yazdıqlarımın əyani təsdiqidir.

2023-cü ilin dekabrında İdris Şükürlünün daha bir əsəri işıq üzü gördü."Qalib xalqın qalib lideri"adlı bu kitabda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və  20 sentyabr 2023-cü il tarixində lokal antiterror tədbirlərinin uğurlu nəticələri müstəqil Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuş, şanlı tariximiz bədii-publisistik üslubda öz əksini tapmışdır.Müəllifin  qeyd edir ki, möhtərəm cənab prezidentimiz cənab İlham Əliyev tarix yaradan liderdir!Möhtərəm cənab Prezidentimizin qələbəsi hər birimizin, o cümlədən Lerik rayon İctimaiyyətinin qələbəsidir! Bu Zəfər bizim qarşıdakı nailiyyətlərimizin müjdəçisi, daha xoşbəxt gələcəyin, güclü və qüdrətli Azərbaycanın rəhnidir!Bu Zəfər dünyaya yaxşı bir mesajdır.

Yaradıcı insan ,yorulmaz qələm sahibi,ömrünü millətin tərəqqisi naminə kitab, qəzet və dərgilərdə şam kimi əridən İdris Şükürlü  mətbuatda uzunmüddətli  əbədi-bədii, publisistik yaradıcılığına, hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə, vətəndaş mövqeyinə görə AzərKİVİHİ-nin “Nailiyyət”, “Kamil sənətkar”, “Qızıl qələm” mükafatlarına, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurasının ,Lerik Rayon İcra Hakimiyyətinin Fəxri fərman və Diplomlarına layiq görülmüşdür. O, “Avropa” Nəşr Mətbu Evinin “İlin vətənpərvər jurnalisti” adına layiq görülməklə diplom və medalla təltif olunmuşdur.

Gözəl ailə başçısı İdris Şükürlü 1980-ci ildə Qızılgül xanımla  ailə həyatı qurmuş və 4 oğlu ,1 qızı dünyaya gəlmişdir.(Müşfiq,Təranə,Fədail,Müqəddəs,Babək) Müqəddəs qəza nəticəsində faciəli şəkildə dünyasını dəyişmiş,İdris Şükürlü "Açılmayan şəhər" əsərini bu nakam övladına ithaf etmişdir...Qeyd etdiyim kimi  İdris Şükürlünün  ömür  yolu heç  də rahat olmayıb.Əgər  o  istəsəydi  indi  hər şeyi  vardı...Lakin fədakarlıq  və  cəfakeşlik  tələb  edən jurnalistikanı,qələmçalanlar  sahəsini  seçdi.Onun var-dövləti kitabları ,dərgiləri,qəzetləri  və  özünəməxsus dəst-xətti olan Azərbaycan mətbuat tarixində silinməyən  adıdır.

Əziz dostum , qardaşım,ustadım İdris Şükürlü ,Sizə Allahdan uzun ömür və cansağlığı arzulayıram.Sayəniz və bərəkətli nəfəsiniz,gücdən düşməyən qələminiz üstümüzdən əskik olmasın!Allah Sizi qorusun və pənahında saxlasın.70 illik yubileyinizi qeyd  edək,inşallah!Var olun. Nə yaxşı ki,Siz varsınız...Sizin səmimiyyətini bizə örnəkdir.

 P.S.Əzizimiz İDRİS müəllim  Sizin haqqınızda silsilə yazılarımdan birini qələmə aldım.48 illik zəngin həyatınızı və ədəbi-bədii yaradıcılığınızı bir yazıya sığışdıra bilmədim.Etirafımı qəbul edin.

Qədir  Kərimov,

Tədqiqatçı-filoloq ,AJB-nin üzvü