Sözün və Ədəbiyyatın məmnun qaldığı ANlar...- Aydın Canıyev yazır

AYDIN CANIYEV
4086 | 2023-03-31 12:21

Bu gün Aqil Abbasın çapını istədiyim kitabının təqdimatında oldum - Şəki-Bakı-Lənkəran marşrutu üzrə: yolum da elə Seyran Səxavətin çıxışında kitabın adı və müəllifi haqqında dediyi kimi oldu  uzun adlı, ağır dərdli, kalibr - məzmunca dərin və sanballı, fiziki parametrləri sarıdan kiçik, amma və lakin...

Deməli, bu kitabın qəhrəmanları və mövzusu haqqında yazmışam da, tədbir gedə-gedə Eminquey Akifə qısaca mahiyyətini də çatdırmışam, müəllifdən də nə istədiyimi özünə bəyan eləmişəm - özü də münasibət bildirib. Qaldı ki tədbirə və tədbirdə çıxış edənlərə... hə-ə, hamıdan əvvəl gəlsəm də, heç bir stulu məşğul etmədim, Qəşəm Nəcəfzadə öz yerini mənə buraxıb gedəndən sonra Ayaz Arabaçı ilə Elxan Şükürlü mənə "törən sağdış-soldışı" oldular! İncəlikləri vird etməyimin bir səbəbi var: hamı yaxşı və doğru danışırdı - akademik Nizami Cəfərov da, cavanlığında şair, sonrasından ta bu günəcən yazıçı Seyran Səxavət də, eks-deputat Gülər Əhmədova da (eşq olsun səsləndirdiyi problemə və təklifə görə), ədəbi tənqidin patriarxı Cavanşir Yusifli də, ustadlaşan tənqidçi Əsəd Cahangir də, "törən sərpayısı" Elçin Hüseynbəyli də, Aqil Abbasın dost həmkarları və imzaları Etibar Əliyevlə Ayaz Arabaçı da. Hamı yaxşı danışırdı və o qədər yaxşı danışırdılar ki... bütün ədəbi müqəddəslərin - Şeyx Nizamidən, Seyid Əzimdən, Mirzə Sabirdən Qraf Tolstoya, Ser Bayronacan - hamısının ruhuna and olsun ki, Söz və Ədəbiyyat məmnun idi bu səmimiyyətdən! Bəlağət (bizim indiki özünü "tretiyskiy sud" sayan üzdə postmodern, mahiyyətdə yas mollası olan "münsif-fətvaçılar"ın "ritorika" dediyi nəsnə) tamarzı qalmışdı ki, ona da şans versinlər, "ədəbi şeytanlar" "mız" qoymağa bir ipucu əldə etsinlər!

Etibar Əliyev fb-də yazdığı statuslarından, Elçin İsgəndərzadə texniki-filoloji memuarlarından qəşəng bir çələng-kompozisiya təqdim etdilər, Seyran Səxavət kitabın özünü bir kənara qoyub, birbaşa mahiyyətə keçdi - Aqil Abbasın lap yaxşı oğlan olduğu vaxtları, 50 yaşdakı qonaqlığı xüsusi vurğuladı (mənə və əminəm də hamıya ləzzət elədi Ağsaqqalın bu ərkyana zarafatı)...

Bəs mən neyləyirdim?

Hə-ə, mən qalmışdım qapı ağzında ayaq üstə! Niyə?

Dedim axı, hamıdan əvvəl gəlib, törən iştirakçıları olan dostlarımı bir-bir salamlayıb, öpüb, bağrıma basıb, qayıdıb durmuşdum qapı ağzında!

ONA GÖRƏ Kİ...

Eminlərin hər ikisinə dediyimi sizlərə də deyim: bu tədbirdə çıxış edənlərə AYAQ ÜSTƏ qulaq asmaq lazımdır! Ki... onların dediklərinə qiymət verməmək şansı qalmasın! Özün ayaq üstə qalmısan axı! Musa peyğəmbərin sözü olmasın, bizə yazığın gəlmir, gəlmir, bəs özünə niyə zülüm edirsən?

Çıxış edənləri AYAQ ÜSTƏ DİNLƏMƏYİN BİR FAYDASI VAR: öz ayaq üstə durmağına qiymət verib deyilən sözü dəyərləndirirsən!

Mən ayaq üstə dinlədiyim hər bir çıxışı dəyərləndirdim və gördüm ki, burda çıxış edənlərin hər biri Sözü və Ədəbiyyatı məmnun etmək üçün ciddi hazırlaşıb... çıxışa!

Müəllif də gərək bunu haqq edə!

Aqil Abbas haqq edənlərdəndir... bu son povesti ilə (düzdür, arada çıxışçılar "roman" deməklə Aqil Abbasın boynuna qoymaq istəyirdilər ki, bu, romandır, eybi yox, "texniki səhv" saymaqla söhbəti bağlamaq olar).

p.s. bu şəkli paylaşmaqla demək istədiyim o( deyil ki, mən ayaq üstə qaldım, yox, istədiyimi əldə edəndən sonra Qəşəm Nəcəfzadəni "zamen" elədim, demək istədiyim o)dur ki... Yazıçılar Birliyində düzənlənən tədbirə gedəndə AYAQ ÜSTƏ... durun, lütfən - oradakı stullarda oturanda adamı hal aparır: kimin nə dediyi də qulağına girmir!

p.p.s. Bu gözəl günə görə Aqil Abbasa və törən iştirakçılarına təşəkkür, amma və lakin... bu gün deyəsən və həm də Paşa Qəlbinurun ad günü idi!

Çox istərdim ki, sevimli Paşa Qəlbinurun da ad günü Aqil Abbasın povesti kimi ürəklə və ürəkdən fiksasiya olunaydı (mən gec bildim və telefonu məndə olmadığından şəxsən zəng edib təbrik edə bilmədim - bilən varsa, yazsın, sabah dəyərli həkim-şairimizi də mən öz adımdan təbrik edim!)

TƏQVİM / ARXİV