17 Fevral 2025 20:17
422
KRİMİNAL

Suallara cavab vermədi, məhkəməsi 8 gün sonraya təyin edildi

Fevralın 17-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Adalet.az xəbər verir ki, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxs Ruben Vardanyanın ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrini elan edib.

Bildirilib ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Bununla da iş üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb.

Daha sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxsə ona qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, ona istinad olunan əməllərin hüquqi tövsifini və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı, həmçinin təqsirləndirilən şəxsin malik olduğu hüquqları izah edib.

Ardınca məhkəmə iclasında hakim qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə özünü təqsirli bilib-bilməməsinə dair suallar ünvanlayıb.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlara etiraz əlaməti olaraq verilmiş suallara cavab verməkdən imtina edib.

Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin olunub.