21 Iyul 2024 12:30
62
GÜNDƏM

Şuşa Qlobal Media Forumu çərçivəsində panel müzakirələri keçirilib - YENİLƏNİB

İyulun 21-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun ikinci günü panel müzakirələri ilə davam edir.

Adalet.az xəbər verir ki, forumun ikinci günündə "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək" mövzusunda panel müzakirələri keçirilib.

Müzakirələrdə "TRT World"-ün aparıcısı və müxbiri Caffar Hasnain, TASS İnformasiya Agentliyinin Baş direktorun birinci müavini, Professor Mixail Qusman, Əl-Cəzirə Media İnstitutunun Media Təşəbbüsləri Meneceri Montaser Marai, CeSPI-nin (Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzi) Türkiyə üzrə Müşahidə Mərkəzinin akademik və elmi direktori Valeria Giannotta, Təsisçisi, MTP-nin (Ən çox səyahət edənlər) klubu təsisçisi Charles Veley iştirak edib.

Müzakirələr zamanı M.Qusman bildirib ki, informasiya müharibəsi bəzən başa çatmır. O qeyd edib ki, peşəkarlar informasiyanı fərqləndirlməlidir. "Bəzən dezinformasiyanı kommersiya məqsədilə istifadə edirlər, bəzən bilməyərəkdən və s. Dezinformasiya məqsədli şəkildə yalan məlumatların istifadəsidir. Bəzən dezinformasiya hansısa qruplar tərəfindən hansısa ölkəyə qarşı xüsusi məqsədlərlə istifadə edilir. Dezinformasiya xüsusi informasiya silahının bir növüdür və ələxsus da informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə kifayət qədər güclü silahdır. İnsanlar daha çox çalışır ki, informasiyaları qısa formada telefondan alsınlar. Cəmiyyət düşdüyü bu kütləvi dalğalara hazır deyil. Bir çox insanlar doğruluğunu yoxlamadan informasiya yayırlar. Blogerləri jurnalist hesab etmirəm. Jurnalisika bir peşədir və sən ona görə məsuliyyət daşıyırsan. İnformasiyaya peşəkar yanaşmaq lazımdır", - deyə o əlavə edib.

M.Marai qeyd edib ki, bu gün siravi insanlar arasında çoxlu dezinformasiyalar var. "Sosial media bir növ dezinformasiyaların yayıldığı bir məkana çevrilir. İnformasiyanın mənbəyini yoxlamaq lazımdır. Gün ərzində sosial şəbəkələrə o qədər videolar yüklənir ki, insanın ağlını alır. Təsəvvür edin biz köpüklərin içərisindəyik, biz alqoritmlərin və çoxlu informasiyanın içərisindəyik və sosial media, rəqəmsal media getdikcə bizi daha çox köpük içərisinə salır. Biz qərar verməliyik ki, biz bu köpüklərin içərisində qalırıq ya yox", - deyə o əlavə edib.

Digər çıxışçılar da dezinformasiyanın mənfi təsirlərindən və ona qarşı mübarizənin vacibliyindən danışıblar.


***12:10


"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək" adlı birinci panel sessiya iyulun 21-də işə başlayıb.

Adalet.az xəbər verir ki, sessiya üzrə ən son yeniliklər nəzərə alınmaqla, dezinformasiya anlayışının təhlili, yeni media müstəvisində dezinformasiya dinamikalarının, mənbələrinin və növlərinin araşdırılması, müasir informasiya platformaları üzrə dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.