adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Yanvar 2022 11:14
1337
MƏMLƏKƏT

Şuşada gördüklərimin və görmədiklərimin təəssüratları: II REPORTAJ+ FOTOLAR

Şuşanı küçəbəküçə gəzmək böyük arzum olsa da ən əsas yerlərə gedə bilmədim. Məsələn, çox istərdim ki, Şuşa mədəniyyət evinin qalıqlarını görüm. Bilirsiniz niyə?

 

 

Deməli, 2020-ci il oktyabrın 4-də erməni polisin Şirak, Lori və Tavuş vilayəti idarələrinin təxminən 500 əməkdaşı Lori vilayəti idarəsinin rəisi, polkovnik Tiqran Karapetyanın komandanlığı altında cəbhəyə göndərilir.

 

Ermənistanın Məlumatlı Vətəndaşlar Birliyinin koordinatoru, İctimai Şuranın üzvü Daniel İoannisyan “Facebook” səhifəsində yazır ki, “avtomobil karvanı Şuşaya çatanda Xankəndidə hava həyacanı qoşulur və hələlik Şuşada dayanmaq qərarı qəbul edilir. Tiqran Karapetyanın əmri ilə 500 polis Mədəniyyət Evində (onun zirzəmilərində) yerləşir. Polislər arasında müəyyən bir şikayət başlayır ki, onlara yaşıl kamuflyaj verməyiblər və mavi kamuflyajla cəbhəyə göndərilirlər.

 

 

 

Polkovnik Karapetyan nə polisləri yolu davam etdirmələrinə inandıra bilir, nə də yaşıl forma tapa bilir. Ordunun komandirinin şəxsi heyət üzrə müavini Artur Sarkisyan polislərlə müzakirə üçün Şuşaya gəlir. 500 nəfərin bir yerə toplandığının artıq çox təhlükəli olduğunu dərk etmədən polislərə zirzəmidən dəhlizə qalxmağı tapşırırlar”.

Dəhlizə toplaşan zaman ballistik raket binanın damına zərbə vurur, nəticədə 27 polis ölür, 400-ə yaxın isə yaralanır. 500 erməni polis əməkdaşından daha 21 nəfəri xəstəxanalarda ölür.

İndi bu “gözəlliyi” gedib yerində qeyd etməmək günah olardı və oldu.
Şuşanı tanıyanlar bilir, şəhərdə 17 məscidi olan 17 məhəllə, 6 karvansara, türbələr, mədrəsələr və başqa mühüm tikililər mövcud idi. Ancaq bu tarixi abidələrin çoxu erməni işğalı dövründə dağıdılıb.

 

 

Aşağı Gövhər ağa məscidi, Culfalar məscidi, Çöl Qala məscidi,, Hacı Yusifli məscidi, Xoca Mərcanlı məscidi, Köçərli məscidi, Quyuluq məscidi, Malıbəyli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Saatlı məscidi,, Seyidli məscidi,Təzə məhəllə məscidi, Yuxarı Gövhər ağa məscidi...

Şuşada olarkən darmadağın olmuş Seyidlər məhəlləsi, Telman küçəsi, 16-da  yerləşən Seyidli məscidini gördüm. Cıdıra gedən yolun üstündəydi, deyə. İndiyənə qədər təmir olunmadığına təəccübləndim.


         Keçən dəfəki yazımda Yuxarı Gövhərağa məscidi haqqında məlumat vermişdim. 2019- ilin sonlarında erməni işğalçıları Şuşadakı məşhur Gövhərağa məscidini “fars məscidi” kimi restavrasiya edib işə salmışdılar deyə məsciddə elə də böyük dağıntı və problem yox idi. Ermənilər bununla Azərbaycan ərazilərinə gələn xarici turistlərə məscidi “fars məscidi” kimi təqdim edərək guya bu torpaqlarda müsəlman irsinə hörmət bəslədiklərini təbliğ edirdilər. Bu səbəbdən də qonqlara yalnız həmin məscidi göstərdilər. Amma çox istərdim ki, diğər 16 məscidin hazırkı durumu ilə bağlı bir reportaj hazırlayım.

Şuşaya gələ bilmək imkanı olmayan camaatımız da, xarici KİV-də ermənilərin dinimizə qarşı amansızlığını həmin məscidlərin timsalında görmüş olsun... Gördüyüm Seyidli məscidi və görə bilmədiyim digər məscidlər ermənilərin imicinə zərbə ola bilərdi. Şuşadakı karvansaralar haqqında da eyni fikirləri demək olar...

Səfər müddətinin qısa olması səbəbindən təəssüf ki, alınmadı.

 

 

Şuşadakı 6 karvansaradan yalnız birində, Gövhərağa məscidinin 2 addımlığında yerləşən, şuşalıların “Həftə bazarı” dedikləri qədim karvansaranı ziyarət etdim. Həmkarlarımın diqqətindən yayınan o bazarı ürək ağrısı ilə izlədim. Qarşı tərəfindən şüşələri sındırılmış qapıdan ehtiyyatla keçib içəri daxil oluram. Şuşanın vurğunu və bilicisi, tədqiqatçı-jurnalist Vasif Quliyevin təqdimatı ilə sizi Şuşa karvansaraları ilə tanışdıracağam.

 

 

Vasif müəllimin verdiyi məlumata görə, qalada ilk karvansara XIX əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbalayi Hüseyn oğlu tərəfindən tikilib və el arasında sahibinin adı ilə də tanınıb.
Tədqiqatçı-jurnalist fotolarını sizə təqdim etdiyim bu karvansara-bazar haqqında danışaraq bildirdi ki, “ Qalanın yuxarı hissəsində isə hər meydanının qərb hissəsində “Şeytanbazar” da Hacı Əmiraslan bəyin karvansarası vardı. XIX əsrin ilk illərində İbrahimxəlil xan Cavanşirin böyük oğlu Məhəmmədhəsən ağanın lələsi Hacı Əmiraslan bəy Məhəmməd bəy oğlu (Mir Möhsün Nəvvabın ana babası) tərəfindən tikilmişdi. Karvansara sahibinin vəfatından sonra kürəkənləri Hacı Mir Əhməd ağa Mir Fəseh ağa oğlu və Mirzə Qasım bəy Məşədi Həsən ağa oğlu karvansaranı Məşədi Hüseyn Mirsəyyaf oğluna satmışdılar.

 


XIX əsrin ikinci yarısında (1888-1889) dindar varlılardan olan Məşədi Hüseyn Mir Səyyaf oğlu Hacı Əmiraslan bəyin Şuşanın “Şeytanbazar” hissəsində mehmanxana tipli ikimərtəbəli karvansaralarını alandan sonra söküb yerində təzəsini tikdirmiş və xalq arasında “Mirsiyab oğlunun karvansarası” kimi tanınmışdı. Məşədi Hüseyn vəfat edəndən sonra oğlanları Ağa Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayıblar. Karvansara istər böyüklüyünə, istərsə də memarlıq xüsusiyyətinə görə şəhərdəki digər karvansaralardan seçilirdi.

 

 

Birinci mərtəbədə 25 dükan, dəlləkxana, çəkməçi, dərzi, sərrac, papaqçı, nalbənd və s. dükanlar, bir neçə ticarət kontoru, dini ayinləri icra etmək üçün şəhərdəki məscidlərin bəzilərindən böyük məscid, ikinci mərtəbədə isə tacirlərin, səyyahların, ümumiyyətlə, şəhərin qonaqlarının dincəlməsi üçün 25 mənzil vardı. Şimal tərəfdən- çöl tərəfdən əlavə 4 dükan, 3 böyük dalan və qapançı vardı. Karvansarada təkcə Qafqazın şəhərlərindən deyil, həm də İran, Türkiyə, Ərəbistan. Orta Asiya, Rusiya və başqa Avropa ölkələrindən gələn tacirlər də qalırdı. Son dövrlərə qədər burda örtülü şəhər bazarı fəaliyyət göstərirdi”.

 

 

Şuşalı həmkarım daha sonra bildirdi ki, bunlardan başqa Şuşa qalasında Uğurlu bəyin, Murad bəyin, Hacı Hüseynin, Gövhər ağanın, Hacı Abbas bəyin, Cavad ağanın və Xanlıq Muxtarın karvansaraları da olub. Gördüyünüz kimi karvansara təmir edilsə də hələlik təmir tam başa çatdırılmayıb.

Bura da  2 il əvvəl ermənilərin “şuşi” adlandırdığı rayonun “raykom” binasıdır. Üstündə əvvəl erməni bayrağı dalğalanırdı. İgidlərimiz həmin bayrağı ayaq altına atıb, ora Azərbaycan bayrağını sancdılar. Hazırda Şuşa rayon   İcra hakimiyyətinin inzibati binası yenidən təmir edilir.

 


Ən böyük arzularımdan biri də Şuşanın rəmzi sayılan İsa bulağında olmaq idi. Təəssüf ki, ora da gedə bilmədim. Dedilər ki, İsa bulağına gedən yol Xankəndinə gedən şosse yola yaxın olduğu və ora Rusiya sülhməramlıları nəzarət etdiyi üçün mütləq Rusiya SM-ın komendantından izin alınmalıdır. Saat 2-yə güclə Şuşaya çatmışdıq, neçə müddətə də “izn” gözləməliydik. Çatdırardıqmı, bilmirəm. İznsiz gedə biləcəyimiz yerləri ziyarət etmək bir fürsətdi axı...

 


Gedib gəzməli, görməli yerlərdən olan Şuşa qalası haqqında ötən yazımda məlumat vermişdim. Amma etinasız keçə bilmədiyim Şuşanın Gəncə qapısının arxasındakı "Şor bulaq" deyilən bulaq –kompleks oldu. Deyilənə görə, bulaq 1854-cü ildə Rəsibala Zəkəriyyə oğlunun vəsaiti hesabına tikilib. Zəng edib şuşalı Raymonda Əliyeva xanımdan bulağa niyə belə ad qoyulduğunu soruşdum. Dedi ki, suyu minerallarla zəngin olduğundan, onun suyunun şor olduğunu söylədi. Məlumata görə, bulağın üstündə bulağı tikdirənin adı, soyadı, bulağın tikildiyi tarixi olubmuş. Amma ermənilər hər yerdə olduğu kimi burda da Azərbaycanın varlığını inkar etmək üçün ərəb dilində olan həmin yazıları siliblər.
Bulağın yanındakı tikili isə şuşalı polkovnik Azay Kərimovun sözlərinə görə, vaxtı ilə Süleymanın çayxanası olub. İndi restoran üslubunda təmir olunur.

 


Sizə bir çoxunuzun bildiyi və çox maraqlı bir məlumatı da bildirim. Qələbəyə qədər Bakıda İncəsənət Muzeyinin həyətində nümayiş etdirilən köçkünlük həyatı yaşamış 3 dahinin “güllələnmiş heykəllərini xatırladacağam. Üzeyir Hacıbəyli, Bülbül və Natavanın heykəlləri... 1992-ci ilin mayında ermənilər Şuşanı işğal edərkən hər üç büst güllələnib, daha sonra Gürcüstana adi metal kimi satılıb. Sonradan Azərbaycan hökuməti həmin büstləri geri alaraq Bakıya gətirib, İncəsənət Muzeyinin həyətində yerləşdirdi. 2021-ci ilin 15 yanvarında Şuşaya ilk “gələn” şuşalı məhz bu üç dahi oldu.

 

Şuşa köçkünlərin gəlişinə hazırlaşır. Artıq şəhərdə çörək sexi, “Koç Ət” restoranı, “Bravo” və”Araz” kimi böyük marteklər, iaişə obyektləri, SOKAR benzin stansiyası və sair gündəlik tələbata xidmət göstərən obyektlər çoxdan fəaliyyətə başlayıb.

 


 Elə bilirəm nə qədər görə bildimsə, elə bir o qədər də yaza bildim. Şuşanın görmədiyim hissələrini görmək arzusu ilə…



P.S. 7 noyabrda şəhərin qayalıqlarını çox böyük əziyyətlə dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olan, erməni qoşunlarını şəhərdən qovan və 8 noyabrda Şuşanı işğaldan azad etdiyini bəyan edən Azərbaycan Ordusuna dərin ehtiramımı sevgimi bildirirəm! Şəhidlərimizin ruhu qarşısında baş əyirəm.


 

Əntiqə Rəşid