Qazimiz xeyirxah insanların dəstəyi ilə Türkiyədə əməliyyat olundu
Xəbər verdiyimiz kimi Vətən müharibəsində iki gözünü itirən qazimiz İsmayıl Hüseynov Türkiyədən əməliyyatdan qayıdıb.
Adalet.az-ın əməkdaşı qazimizlə görüşmək üçün Cəlilabad rayonuna yollanıb və İsmayılın evində qonaq olub.
Söhbət zamanı Vətən müharibəsi qazimiz İsmayıl Hüseynov bildirib ki, döyüşlər zamanı oktyabrın 21-də qarşısına raket düşərək onun gözlərini yandırıb.
Bir müddət öncə isə qazimizin gözlərinin altında dərisi sallanmağa başlayıb və bu isə onu narahat edib. İsmayıl buna görə ağrıların da olduğunu etiraf edib. Ona görə də İsmayıl adlarını çəkmək istəməsə də xeyirxah insanların dəstəyi ilə Ankaraya xəstəxanaya göndərilib.
Ankara Koru Xəstəxanasında əməliyyat olunub. İsmayıl deyib ki, o, növbəti dəfə iyunun 18-də yenidən Ankaraya xəstəxanaya yollanacaq. Həkimlər növbəti proseduru həyata keçirəcəklər.
Qazimiz ona dəstək olan xeyirxah insanlara təşəkkür edib. Bildirib ki, Cəlilabad rayonunda qazilər heç vaxt diqqətdən kənardan qalmayıb.
Qeyd edək ki, İsmayıl Hüseynov ölkə başçısı tərəfindən “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarıyla təltif edilib. Bununla yanaşı, prezident təqaüdü, əlillik pensiyası alır və avtomobillə də təmin olunub.
Allahdan qazimizə şəfa diləyirik.
Vasif Əlihüseyn