21 May 2024 13:38
2202
MƏDƏNİYYƏT

"Boy çiçəyi" tamaşası oynanıldı - FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 20 may 2024-cü il tarixdə Şuşa Dövlət Musiqili Dram Teatrının "Boy çiçəyi" tamaşası oynanıldı. Tamaşa görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin 110 illiyi münasibəti ilə göstərildi. 

Tamaşadan öncə İttifaqın məsul katibi Aida Qafarova qonaqları salamladı. Qeyd etdi ki: “Bu gün oynanılan “Boy çıçəyi” tamaşası görkəmli yazıçı, dramaturq İlyas Əfəndiyevin 110 illik yubileyi münasibətilə təqdim olunur. İlyas Əfəndiyev milli teatrımıza çox sayda mükəmməl sənət inciləri bəxş edib. Onun yaradıcılığı bütün zamanlarda maraqla qarşılanıb, sevilib və bu gün də sevilməkdədir”. 

Sonra Aida Qafarova görkəmli dramaturqun zəngin yaradıcılığı haqqında daha ətraflı danışmaq üçün sözü rejissor, Azərbaycan Respublikasının Xalq artisti Mərahim Fərzəibəyova verdi. 

Mərahim Fərzəlibəyov İlyas Əfəndiyevin yaradıcılıq yolundan, onun səhnəmizə bəxş etdiyi mükəmməl əsərlərdən söhbət açdı.

Çıxışdan sonra söz Şuşa Teatrının aktyorlarına verildi. Böyük maraq və alqışlarla qarşılanan “Boy çiçəyi” tamaşasından sonra rejissor, Əməkdar artist Loğman Kərimov uğurlu quruluşa görə, iştirakçılar – Əməkdar artist Nazir Rüstəmov (Həsənzadə), Əməkdar artist Azad Məmmədov (Fərəc), aktrisalar Zəhra Salayeva (Nargilə) və Püstəxanım Zeynalova uğurlu çıxışa görə İttifaqın Fəxri fərmanları ilə təltif olundular

Şəlalə Camal.