“Münaqişənin həllindən sonra Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir”
Prezidentin Londona səfəri və “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında Azərbaycanın iştirakı dövlət başçımızın uğurlu və çoxşaxəli xarici siyasətinin göstəricisidir.
Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masada da Pezident çox vacib mesajlar verdi. Dövlət başçımız bir daha bəyan etdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. Belə ki, 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr olduğu halda, cari ildə bu rəqəm 13 milyard kubmetrə yaxın olacaq. Artıq Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Əsas hədəf isə Avropanı 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etməkdir.
Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırması bu platformadan bir daha diqqətə çatdırıldı.
Dövlət başçımız eyni zamanda səfər çərçivəsində ikitərəfli formatda səmərəli görüşlər keçirdi. Bu görüşlər də faydalı müzakirələrlə yadda qaldı.
Ümumiyyətlə, bu ay Prezidentin Astana səfəri, ŞƏT çərçivəsində səylər, Çinlə imzalanan srateji tərəfdaşlıq sazişi, Astanada Rusiya prezidenti ilə görüş, Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRİKS-lə münasibətlərin güclənməsi yeni imkanlar açıldığını təsdiqləyir. Eyni zamanda Mərkəzi Asiya ölkələri ilə münasibətlər, birgə təlimlər, dövlət başçımızın Pakistan səfəri, ondan əvvəl Şuşada türk dövlət başçılarının sammiti və digər rəsmi görüşlər ölkəmizin imicinin daha da möhkəmləndiyini göstərir. Məlumdur ki, artıq İranla da münasibətlər normallaşıb və Azərbaycan səfirliyinin fəaliyyətinin bərpa olunması cənub qonşumuzla münasibətlərdəki gərginliyin aradan qalxdığını təsdiqləyir. Bir sözlə, 44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir. Ölkəmiz etibarlı tərəfdaş kimi qəbul olunur. Noyabrda keçiriləcək COP 29-la əlaqədar Azərbaycan dünya ölkələri, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində səylərini davam etdirməkdədir.