14 Oktyabr 2024 09:00
1718
ƏDƏBİYYAT

Bahar duyğulu arzu... - Pərvanə Bayramqızının şeirləri

İnciklik

Dağ deyilsən, sən xırdaca təpəsən.

Yox zirvəndə tülə bənzər duman, çən.

Qəribədir, ay vəfasız, bəs görən,

Hansı dağın dumanında azmışam?

 

Gözdən axan yaşlar mavi gölümdü.

Niyə onun saf suları bölündü?

Bu məhəbbət mənim üçün ölümdü…

Öz qəbrimi əllərimlə qazmışam.

 

Küsdüm bəxtdən eşitdikcə dilini

İtirmişəm ömrümün çox ilini.

Sızıldatdın ürəyimin telini

Qəm üstündə köklənən bir sazmışam.

 

Dərd gözləyir məni hələ qabaqda.

Öləziyir ömrümdəki çıraq da

Yan-yörəmdə hamı gülən bir çağda

Mən kədəri uda-uda yazmışam.

 

09.06.2003

 

Bu axşam

Hər yağış damlası min kəlmə, min söz

Göy nağıl söyləyir yerə bu axşam.

Buludlar çaxnaşıb yandıqca köz-köz

Təbiət sirrini verə bu axşam.

 

Ömrümü ən şirin yuxu sanıram,

Göyün nağılından xumarlanıram.

Deyirəm sehirli bir dünya quram

–Ruhumu gözlərim görə bu axşam.

 

Bu duyğu, bu ilham qonağım ikən

Bar verən bəhrəli bağlar kimiyəm.

Bağbantək sevinclə, zəhmətlə qələm

Könlünün barını dərə bu axşam.

 

Gəlimmi

Hicran tufan kimi kəsdi yolumu

Üzdü əllərimdən əlini sənin.

Qırıb ayrılığın dəmir qolunu

Təzədən yanına gəlimmi sənin?

 

Bir ömür gizlicə bir eşq yaşadım

Bu peşə sayılsa, ustaddır adım.

Dönüb köhnə izlə hey addım-addım

Təzədən yanına gəlimmi sənin?

 

Heyif itirdiyim günümə heyif,

Dadıma yetməyən ünümə heyif,

Hələ də “səninəm” sözünü deyib

Təzədən yanına gəlimmi sənin?

 

Yağdırma üstümə bu qarı yenə,

Qəlbim dara çəkir vüqarı yenə,

Götürüb sevgitək nübarı yenə,

Təzədən yanına gəlimmi sənin?

 

Bahar duyğulu arzu

İçimdə oyanan bahar sevincim,

Şairlik dünyamdan gələn bir elçim.

Torpağın bağrını dələn otlartək

Misralar göyərdir yenə də ürək.

 

İlhamım könlümün məhsulu, barı,

Duyğular səmanın nur damlaları.

Öz yaşıl donunu geydikcə çöl-düz

Rəssama çevrilir hər kəlmə, hər söz.

 

Yubanır qocalıq uzandıqca gün,

Yozur o birtəhər başını ömrün.

Həyatın dadından xəlvətcə dadır

Bu qısa sevincə ürək aldanır.

 

Demirəm dünyatək yaşa dolaydıq,

Demirəm sönməyən işıq olaydıq,

Deyirəm aratdan çıxan əkintək

Canlanıb təzədən yaşıl olaydıq.

 

19.03.2008

 

Köhnə şeir

Şeir də köhnələrmiş…

Birnəfəsə geynilən nimdaş paltarlar kimi

şeir dəbdən düşərmiş.

Köhnəlmiş paltarları

alırsan bir-bir ələ

Bəyənmirsən atırsan.

Bəzən bəxşiş verirsən,

bəzən ucuz satırsan.

Şeirisə satmaq olmur.

Nə qədər incisən də

övladı atmaq olmur.

Oxunmayan şeirlər elə bil ki, yetimdir.

Qayğısına qalan yox,

kifir bir insan kimi üzünə də baxan yox.

Amma…

nə qədər köhnə olsa,

nə qədər kifir olsa

şeir elə şeirdir.

Kəlmə-kəlmə yaranır.

Ruhun dərbədər olur,

Beynin əlinə “enib”

Bir ovuc sözə dönür.

Ətrafı unudursan,

Bir şeiri yazan zaman nə qədər dərd udursan.

Köhnəlmiş  şeirlər də bizdən bir nişanədir.

Bəlkə, əlavəniz var

köhnə şeir daha nədir?

 

Güllü yaylıq

Nənəsinin protez dişlərinə nəvə gülür

O hələ bilmir ki, dişin ağızda deyil,

Qabda olan vaxtı var.

Nənə bürünür, nəvə gülür…

Sümüklər sızıldayanda

Cırıq cins geymək olmur, qız.

Bir vaxt gələcək səni də od-ocaq

qızdırmayacaq.

Qarderobundakı paltarlar bədənini

İsitməyə azlıq edəcək.

Onda özünə yun şal alacaqsan.

Bu qədər geyimin üstündən

çiyninə şal salacaqsan.

Sonra “nənəm də belə edərdi”

deyəcəksən.

Nənənin güllü şalını xatırlayanda

gözlərin dolacaq.

“Ona babam bircə dəfə də olsun

gül  vermədi”

deyəcəksən.

“Elə şalının güllərini qoxuladı”.

Babanın yumruğunu “qismət” deyə

qəbul etdi.

Sən əziyyət çəkməyəsən deyə

özünə heç vaxt xərcləmədiyi puluna

anana cehiz aldı.

Müharibədəydi atan.

Yaylığının arasında gizlicə saxladığı

pulu aldın,

amma qarıdan iyrəndin…

su tökmədin əlinə…

Bəs sən

nənə olanda şal bağlamayacaqsanmı belinə?

Hələ

yaylığı qoxulamaq var gül yerinə…