Bu dünyada çətin ki, dostsuz adam olsun. Kimi dindirsən deyəcək ki, dostum var. Nə gözəl! Yaxşı dost adama qardaşdır, sirdaşdır, arxadır. Allah heç kimi bu dünyada dostsuz eləməsin! Təbii ki, mənim də etibarlı, sədaqətli, duz- çörəyə hörmət eləyən dostlarım olub və var. Onlardan biri də 20 ilə yaxın bir yerdə işlədiyimiz filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafadır.
Onunla həddindən artıq çox yaxın olmuşuq. Və bir- birimizə qardaş qədər yaxın olmuşuq.Heç vaxt mənim tənqidimdən, zarafatımdan inciməyib, küsməyib. Bilib ki, onu qardaşım Qürbət qədər, Elxan qədər çox istəmişəm. Rəhmətə gedəndə də elə bil ki, qardaşımı itirdim....
Dekabrın 31-də Məhəmmədəli müəllimin qardaşı Yeni il münasibətilə telefonla məni təbrik edərək dedi ki, yanvarın 2-də bir yerdə görüşüb bir tikə çörək kəsək. Ürəyin istədiyi dostları da gətirə bilərsən! Təbii ki, mən də uzun müddət bir yerdə işlədiyimiz və Məhəmmədəli Mustafa ilə dostluq eləmiş Asif Talıboğlunu, Lətif Novruzovu, Daşdəmir Əjdəroğlunu Azər müəllimin adından həmin yerə dəvət elədim.
Biz dostlar hamımız qardaşımız Məhəmmədəlini çox istəyirdik və onunla gözəl günlər yaşamışıq. Bilirsiniz, Məhəmmədəli müəllimi niyə çox istəyirdik? Çünki o, bizim hamımızdan sadə və səmimi adam idi.
Və heç vaxt kimi isə aldatmamışdı. Göy üzü kimi təmiz, bulaq suya kimi təmiz idi. Və bu təmizliyə görə də iş yerində hamı onu çox istəyirdi.Süfərə arxasında əyləşdik, onun barəsində hər birimiz xatirələrimizi danışdıq. Asif Talıboğlu onun barəsində söhbət açanda kövrəldi və gözləri doldu...
Qırmızı qələmlə yazıları redaktə etməyindən və qardaşımız Məhəmmədəlinin zarafatla "Talıboğlu, sənin qırmızı qələmin sınsın" , - deməyindən və bir yerdə rayona ezamiyyətə getməyindən danışdı. Daşdəmir Əjdəroğlu isə onunla dostluğundan, İsmayıllıya səfər etməsindən və Məhəmmədəli müəllimim yeznələri və bacısıgildə süfrə arxasında çörək yeməklərindən söhbət açdı.
Və o xatirələr bizi ötən əsrin 90- çı illərinə apardı. Və onda qəzetlər " qaryaçı sex" deyilən yerdə çap olunurdu. Çox vaxt bizim əlimiz biləyimizə kimi mazuta batardı, amma bundan bezməz, əksinə ləzzət apardıq.Sonra da Elmira xanımın yeməkxanada bişirdiyi ləziz yeməyi gözümüzə təpərdik!
Lətif Novruzovun da Məhəmmədəli Mustafa ilə bağlı xatirələri zəngindir. Çünki dəfələrlə yol yoldaşı olublar, çörək kəsiblər, çətin və ağır anlar yaşayıblar. Lətif qardaşımızın da ürəyi ipək kimi çox yumşaqdır.O dedi ki, mən Məhəmmədəli kimi hər sözə inanan, sadə , təmiz ürəkli adam az- az görmüşəm.İnsan nə qədər səmimi, kövrək olarmış. Qanının qara vaxtında zarafat eləyirdim ki, qoy eyni açılsın! Axırda da özünəməxsus bir şirinliklə dəyərdi ki, " qurtar ə, qurtar! " Yeni bu zarafatları burax! Lətif Novruzov da şirin adamdı, söyüşü də şirin - şirin söyür.Və onun yaraşığı belə şirin söyüşdü... Uzun müddət " Ədalət" də məsul vəzifədə çalışmış Babək Yusifoğlu ilə də telefon əlaqəsi yaratdıq və o da Məhəmmədəli Mustafa haqqında xatirələrini bizimlə bölüşdü. Özü də , kövrəldi, biz də!
Yanvarın 1- axşamı Məhəmmədəli qardaşım yuxuma girmişdı.Gördüm ki, əynində gözəl kastyum, qalstuk var və televiziyada çıxış edir, mən də yaxınlaşıram onun yanına getməyə qoymur. Deyir ki, bura sənin yerin deyil.Bura mənim üçündür! Yuxumu belə yozdum ki, Məhəmmədəli Mustafa Cənnətidir və Cənnətə də hər adam qəbul edilmir! Deyirlər ki, insan o vaxt ölür ki, onu xatırlayan axırıncı adam rəhmətə gedir. Və Məhəmmədəli Mustafanı isə bizim kimi xatırlayan yüzlərlə dostu var. Və bir də Məhəmmədəli Mustafa ona görə xoşbəxt adamdır ki, onun Azər Mustafayev kimi ziyalı, ləyaqətli, sədaqətli qardaşı var. Sözün düzü, mən Azər müəllim kimi qardaşını çox istəyən, onun yolunda hər cür əziyyətə qatlaşan qardaş çox az görmüşəm.
Allah üzün ağ eləsin! Azər müəllim onu da dedi ki, mən sizin xatirələrinizdə qardaşımı bir daha yenidən kəşf etdim. Hiss etdim ki, Məhəmmədəli müəllim neçə böyük insan imiş və səmimi söhbətlərə görə sizin hər birinizə təşəkkür edirəm! Azər qardaşımız, biz Məhəmmədəli Mustafanı itirdik, qardaşı Azər müəllimi tapdıq. Və Azər müəllim tapmaqla Məhəmmədəli qardaşımızı yenidən tapdıq. Çünki Azər qardaşımız təpədən- dırnağa Məhəmmədəli Mustafaya oxşayır. Və indi biz onun qoxusunu Azər müəllimdən alırıq. Min şükür!!!