Yolumuzda yolunuzun izi var
(Cahangir Məmmədlinin doğum gününə söz ithafı, yaxud qəlbin qəlbə öz ithafı)
Sartr deyirdi ki, ziyalı tənhadır. Əlbəttə, yazıçı təkliyin, yalnızlığın mənəvi tərəfini nəzərdə tuturdu. Biri də var ki, bütün aspektlərdə tənhalıq. Dünyaya gözlərini açıb görəsən ki, nə ata var, nə ana. Beləcə, ağır müharibənin ortası və sonrasında çətinliklə ötən uşaqlıq illəri. Bu azmış kimi ardınca da Rusiyanın ən şaxtalı, ən soyuq Kamçatka adlanan uzaq vilayətinə hərbi xidmətə yollanasan. Uzun ayrılıqdan sonra yenidən Vətənə qayıdıb və yenidən qismətinə yazılan ayrılığı yaşayasan. Bu dəfə doğma elin-obanın ayrılığı...
Beləcə, Tanrının yaratdığı "insan" adlı kamil yaradılış da, yaxud Talstoyun təbirincə desək, qələmə alınan ən möhtəşəm əsərlərin də taleyi sanki bir-birinə bənzəyir. Və yaxud belə başlayır: Ya bir insan yola çıxır, ya da bir şəhərə yad adam gəlir". Bu yolçu, yaxud yad adam — tənha adam ən əvvəl Tanrıyla doğmalaşır, sonra bəndələrlə... O, yaratdıqları ilə yaşayır. Dərindən anlayır ki, yaratmağın da, yaşamağın da, zəhmətin, əməyin, cəfanın da fəlsəfəsi insana məxsusdur. Elə Uşinskinin də dediyi kimi, "...əmək yer üzündə solğun işıq saçan müqəddəs şamdır, onu söndürsəniz, dünya zülmətə çevrilər..."
Bu fəlsəfəni doğru və düzgün yaşayan yaradıcı insana biz belə ad verərdik: İNSAN ADAM, yaxud TANRI ADAMI. Bizim hamımızın sevimlisi, böyük Ustad olan Cahangir müəllim də insan adam statusuna malikdir, həm də bu status onun “pasport”unda uzun illərdir ki, yaşayır – öncəki nəsillərdən bugünkü nəsillərə qədər... Ustad kimdir? sualının cavabını axtarırıq. Sonra bizdə belə bir qənaət hasil olur: “Ustadın kimliyi onun yaratdıqlarında gizlidir”. “Əkinçi”nin toxumlarının cücərməsində, yeni “Əkinçi”lərin yetişməsində; “Molla Nəsrəddin” fəlsəfəsinin yaşamasında, yeni “Molla Nəsrəddin”çilərin böyüməsində; “Füyuzat”ın millətçilik işığında, yeni “Füyuzat”çı Vətən keşikçilərinin elm və maarif işığına bürünməsində rolu olan bir əhli-qələmdir, O (cavabımız belə oldu, hələ ən lokanik formada). Ustad bu gün öyrətməkdən savayı, həm də öyrənir. O, bunu söyləməkdən çəkinmir. Çünki, sönməyən bir günəş olan mətbuat aləmində hər şey xaotikadan asılıdır; bu məngənənin daxilinə düşdünsə, istər 7 il, istər 70 il bu dünyanın sakini ol, öyrənəcəksən, istəsən də, istəməsən də öyrədəcəksən...
Cahangir Məmmədli isə öyrəndiyi qədərindən də çoxunu öyrətmək istəyir – çünki, O anlayır... Anlayır ki, O bu gün bizim gözümüzdə uzun bir yoldur — uzundan əlavə, şərəf dolu və amallarla boyanmış bir yol... Anlayır ki, bu gün ölkəmizin çiçəklənən mətbuat yolunda bir iz var. Cahangir Məmmədli izidir bu iz – tarixin sınağından və keşməkeşindən keçərək Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsi adlanan elm qibləgahında var olan bir iz.
Milli Mətbuat adlı kitabın səhifəsində ən böyük pay sahiblərindən biri elə məhz BİZİM USTADDIR!
O şəxs ki, sözü sənətə çevirir. Qiymətli sözü heç vaxt sabaha saxlamır, yerində işlədir, məqamında söyləyir. Gələcək nəsillər, sabahlar üçün çalışır. İdeyaları işıqlandırır. Beyinləri Vətənin müdafiəsi, müstəqilliyin əzəli və əbədi olması üçün hərəkətə keçirir. Buna görə biz Cahangir müəllimi peşəmizin ŞAHlarından adlandırırıq, çünki bizə sözü sənətə çevirməyi öyrədənlər arasında ələlxüsus qeyd edilməli müəllim, sevimli professordur.
Mükəmməliyyət qeyri-iradilikdən də formalaşa bilər – bizim Ustadda yaranan kimi. Hər zaman təvazökarlıq və nümunə zirvəsi olan Cahangir Məmmədli isə biixtiyar mükəmməldir. Bu cümlədən sonra avtomatik olaraq “NİYƏ?” deyərdik, lakin düşünürük ki, bu sualın cavabı elə hər kəsə bəllidir:
çün, O bir QƏLƏM ADAMIDIR;
çün, O bir MÜƏLLİM ADAMDIR;
çün, O bir DOST ADAMDIR;
çün, O bir İNSAN ADAMDIR, VƏTƏN ADAMDIR, USTAD ADAMDIR.
Çox yaşayın, USTAD ADAM!
Yolumuzda yolunuzun izi daimi olsun...
Əli Hüseynov, Əsgər İsmayılov