28 Mart 2025 09:05
474
ƏDƏBİYYAT

Bizim Gülçöhrə xanım - Tərlanə Yaqubqızı yazır

Deyirlər, teatr asılqandan başlayır. Bu mənada bizim  Milli Kitabxanada da oxucularla  iş  birbaşa qeydiyyat bölməsindən başlanır. Belə ki, kitabxanaya ilk dəfə qədəm qoyan oxucu qeydiyyat bölməsinin əməkdaşlarından ilkin informasiyanı öyrənir, onların vasitəsilə oxucu biletini əldə edir, bununla da elm, bilik xəzinəsinin qapıları üzünə açılır.

Yarım əsrə yaxın bir müddətdə  Milli  Kitabxananın qeydiyyat bölməsində çalışan çox dəyərli Gülçöhrə xanım Məmmədovanın vəfatı xəbəri onu sevən bütün həmkarları kimi məni də çox məyus etdi. Mən Gülçöhrə xanımı hələ 90- cı illərin əvvəllərində- Bakı Dövlət Universitetində təhsil aldığım zamanlardan tanımışdım. O zaman M.F. Axundov adına Respublika Dövlət Kitabxanası adlanan indilki iş yerimə- Milli Kitabxanaya oxucu kimi gələndə ilk qarşılaşdığım adam Gülçöhrə xanım olmuşdu. Onun yüksək mədəniyyəti, sadəliyi, səmimiyyəti, təmkini diqqətimi ilk anda cəlb etmişdi. Milli Kitabxanaya oxucu biletini də mənə o təqdim etmişdi.  O zamanlar yaşıl rəngli cildi olan, indiki plastik oxucu kartından xeyli fərqlənən oxucu biletini uzun müddət digər sənədlərim arasında gənclik illərinin qiymətli bir yadigarı kimi qoruyub saxlamışdım.

Təsadüf elə gətirdi ki, uzun fasilədən sonra Milli Kitabxanaya oxucu kimi deyil, işçi kimi daxil oldum. İlk gündə gözlərim mənə əziz və doğma olan Gülçöhrə xanımı axtardı. O gün onu gördüyümə çox sevindim. Amma bu sevinc hissi uzun sürmədi. Demə, Gülçöhrə xanım buraya  işləməyə sənəd vermiş nəvəsi Nuranəyə mənəvi dəstək üçün gəlibmiş.  Təəssüf etdim ki, mənə bu gözəl xanımla əməkdaşlıq etmək qismət olmadı. Çünki mən işə qəbul olunduğum vaxtda  Gülçöhrə xanım artıq sevimli işindən ayrılmışdı. Amma buna ayrılmaq demək olmazdı. O, az qala ömrünün son günlərinə qədər istər iş yerində, istərsə də evində keçmiş iş yoldaşları ilə görüşüb dərdləşir, ad günlərini, bayramlarını onlarla keçirirdi. Öz növbəsində onunla bir şöbədə çalışan və yaş fərqinə baxmayaraq yaxından rəfiqəlik etdiyi keçmiş iş yoldaşları-Toma, Rəna, Aygün, Fərhundə Gülçöhrə xanımı darıxmağa qoymur, ona baş çəkməyi unutmurdular. 

85 yaşının tamam olmasına cəmi iki ay qalmışdı. Əzizləri, doğmaları Gülçöhrə xanımın yubileyinə hazırlaşdıqları bir vaxtda amansız əcəl onu bizdən alıb apardı. Adı kimi çöhrəsi də, ürəyi də gözəl olan Gülçöhrə xanım artıq haqq dünyasına qovuşub. Amma onunla bağlı gözəl xatirələr hələ də qəlbimizdə yaşayacaq.

Bİr qarışqanı belə incitməyə qıymazdın, bir ürəyi sındırmağa ürək eləməzdin, amma bizi bu əziz günlərdə ağlatmağa necə qıydın? Məkanın cənnət, ruhun şad olsun, gözəl insan, əzizimiz, doğmamız Gülçöhrə xanım!