adalet.az header logo
  • Bakı -°C

SİZİN ZƏNG ETDİYİNİZ TELEFONU  KÖKÜNDƏN  ÇIXARIB  ATIBLAR...  - Aqil ABBAS yazır

AQİL ABBAS
1275 | 2026-01-09 17:54
A- A+

Nömrəni yığıram: 0-822-5-55-77. 

Cavab:

- Sizin aradığınız nömrə təyin edilməmişdir.

Ola bilməz axı. Təkrar yığıram. 

Eyni cavab:

- Sizin aradığınız nömrə təyin edilməmişdir.

Vallah, ola bilməz. Axı bu mənim ev telefonumdur.  Bu  telefonla,  bu nömrəylə azı min dəfə,  iki  min  dəfə  danışmışam.  Bu  telefona,  bu nömrəyə azı min dəfə zəng etmişəm. Necə yəni təyin  edilməmişdir?  Axı mən elə bu nömrəyə zəng edib demişəm:

- Voyeniddən imtahanımdı, atama  deyin  yüz  manat  göndərməsə  işlər uruscadı. Mən də urus dilin bilmirəm.

Elə bu nömrəyə zəng edib demişəm:

- Dalaşmışam, məni məktəbdən qovurlar. Kişi özün çatdırsın.

Elə bu   nömrəyə zəng  edib  demişəm:

- Şahmar Əkbərzadə deyir, atam gəlsin, getsinlər Məmməd Arazgilə.

Elə  bu   nömrəyə  zəng  edib  demişəm:

- Könül avariyaya düşüb, gətirirəm,  mağar  qurun.

Bu  nömrəyə   mənə  zəng  edib  deyiblər:

- Anan öldü,  gəl.

Bəs  indi   necə  olur  ki,  min dəfə, iki  min  dəfə  zəng  elədiyim telefon  nömrəsi təyin  olunmamış  olur.

Bir də yığıram. Bir də həmin cavabı eşidirəm:

- Sizin aradığınız  nömrə   təyin  edilməmişdir.

Heç  olmasa desəydi  ki:

- Sizin  aradığınız  nömrə şəbəkə  xidməti  xaricindədi,  xahiş edirik  bir azdan zəng  edəsiniz.

Onda  həm  inandırıcı  olardı,  həm  də  bir  ürəyim açılardı.

Ola bilsin "bir az" lap bir il də çəkə bilər, iki il  də  çəkə  bilər, üç il də. Eybi yox. Amma əvvəl-axır bu "bir az"ın vaxtı qurtarır da.
Düzdür, nə qədər ki, ölkədə iqtidar-müxalifət davası gedir,  nə  qədər ki, iqtidarın içində bir dava, müxalifətin içində bir dava  gedir,  nə qədər ki, bir balaca ölkədə  70-dən  yuxarı  partiya  millətin  başını qarışdırır,  70-dən  yuxarı  partiya  hakimiyyət  üstündə   bir-birini qırır, bu "bir az" bir az da çox çəkə bilər.

Ay başınıza dönüm, ay  sizə  qurban  olum,  ay  başıma  dönəsiniz,  ay qurbanım olasınız, axı mən evimizə zəng etmək istəyirəm.
Yenə nömrəni yığıram, yenə eyni cavab. Heç bir möcüzə baş  verməyəcək.

Nə qədər ki, bu ölkə bu gündədi, nə  qədər  ki,  bu ölkənin  iqtidarı elə, müxalifəti belədi, nə qədər ki,  bu  ölkədə  hakimiyyət,  kreslo, pul davası gedir, nə qədər ki, bu ölkədə  milləti  bir,  beş,  səkkiz, doxsan doqquz yerə  bölürlər,  nə  qədər  ki,  bu  ölkədə  hətta  eyni səngərdə düşmənlə  vuruşan  və  şikəst  olan  insanları  da  iki  yerə bölürlər, eyni cavabı alacam.

Özü də bu cavabı təkcə mən almayacam. Yüz min adam alacaq. Və bu  eyni cavabı alan yüz min, yüz əlli min ailənin başçısı da niyə  evinə zəng edə  bilmədiyi  barədə  düşünməyəcək.  Evinə-eşiyinə  getmək  haqqında düşünməyəcək,  oturub  hansısa  xeyriyyə  təşkilatından  2  kilo   un, kiloyarım pesok, 750 qram yağ, 4  dənə  də  şirniquş  gözləyəcək,  elə mənim aldığım cavabı alacaq.
Yenə yığıram nömrəni, deyəsən mənə cavab  verən  də  artıq  hövsələdən çıxır, bu dəfə deyir:

- Ay yazıq, sənin zəng elədiyin telefonu kökündən çıxarıb atıblar.

Çox böyük hörmət eləyir. Belə də deyə bilərdi:

- Ay..., sənin zəng elədiyin telefonu kökündən çıxarıb atıblar.

Dəfələrlə  zəng  elədiyim və  eyni  cavabı  aldığım, 0-822-5-55-77 mənim Ağdamdakı  evimin   telefon   nömrəsidir.
Görəsən başqa bir ağdamlı,  kəlbəcərli,  laçınlı,  şuşalı,  qubadlılı, zəngilanlı,  füzulili,  cəbrayıllı,  xankəndili,  əsgəranlı,  ağdərəli, hadrutlu, xocavəndli, martunili mənim kimi axmaqlıq  edib  heç  olmasa bircə dəfə evlərinə zəng edibmi?

Yazını  yazanda Ağdamdan  bir  dostum kompüter otağına girdi.  Dedim:

- Bizim  telefon  cavab  vermir, sizin  nömrə  neçədi, zəng  eləyək.

Tutuldu. Bir  alnını  ovuşdurdu,  sonra da dilxor-dilxor dedi:

- Evimizin   telefon  nömrəsi  yadımdan  çıxıb.

Nömrəmiz də yadımızdan çıxıb, evimiz də, torpağımız da,  sabah  adımız da yadımızdan çıxacaq. Bəs, yadımızda nə qalacaq? Alı bəyinki!?

1998

P.S.  İl 2020. Noyabr ayının sonu. Telefonumuzu çıxarıb atanların özlərini Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin sərkərdəliyi ilə şəhid və qazilərimiz çıxarıb torpaqlarımızdan atdılar bayıra. Və mən Ağdamda, öz həyətimizdən dadının qaçıb-qaçmadığını öyrənmək üçün bir çimdik torpaq götürüb yeyəndən sonra gördüm torpağımızın dadını qaçıra bilməyiblər. Zəng etdim evimizə və dedim:

- Xanım, həyətimizdəyəm. 

Mən o vaxt  yuxarıdakı yazını yazanda ağlaya-ağlaya yazmışdım, həyətimizdən zəng edəndə də ağladım. Amma sevincdən ağladım. İndi Qarabağda bütün telefonlar işləyir. Laçının, Kəlbəcərin ən ucqar kəndlərində belə.

  • Yanvar:
  • 9

TƏQVİM / ARXİV