24 Sentyabr 2025 11:27
103
HADİSƏ

“Mənə çatmır Xanı kimi belə təcrübəli insan bu cür səhv buraxsın”

“Xanı ilə uzun müddət bir yerdə xidmət etmişik. O, Kəşfiyyat bölüyünün tağım komandiri, mən isə qərargahda əməliyyatçı idim. Cəsarətli, sadə, olduqca ziyalı bir insan idi. Düşmən arxasına keçib  dərinliklərə girib qayıdıb əməliyyat barədə məlumat verirdilər”.

Adalet.az xəbər verir ki, bunu ehtyatda olan polkovnik Azay Kərimov dünən minaya düşərək həlak olan kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov haqqında danışarkən deyib. 

Onun sözlərinə görə, ən çətin işləri gecələr səngər qazmaq olub:

“Hər axşam zabit, gizir, əsgər fərq etməzdi, dizlərimiz üstündə erməniyə tərəf səngərlər qazırdıq. Ayağa durmaq olmazdı, ya uzanıqlı, ya da dizi üstə qazmalıydıq. Məqsəd ermənilərlə bizim aramızda olan 15 km neytral və baxımsız ərazini 20-25 metr ara məsafəsinə   yaxınlaşdırmaq idi. Yəni erməni asqıranda belə biz bunu bu məsafədən eşitməli idik. 

 Eləcədə əksinə, hətta elə olurdu ki, iki erməni postunun tən ortasını gizlicə qazaraq arxalarına keçirdik. Mühasirəyə düşməsinlər deyə ermənilər məcbur olub geri çəkilməli olurdular. Bax belə dizlərimiz üstə 30-35 km torpağı geri özümüzə qaytardıq. Xanı ilə bir dəfə düşmən arxasına kecdik. Xeyli iş gördük geri qayıdanda qəfil qabağımıza yerin altından bir qapı açıldı və içəridən işıq göründü. Təsadüfən   ermənilərin yeraltı tunellərinin üstünə çıxmışdıq. Xanı çölə çıxan ermənini vurdu, dalınca da içəri 2-3 əl qumbarası atdıq və ermənilərin səs-küyləri də kəsildi. Ancaq mənə çatmır belə bir təcrübəli insan bu cür səhv buraxsın. Çünki rəhmətlik ərazini yaxşı tanıyırdı. Allah Rəhmət eləsin”.

Vasif ƏLİHÜSEYN