24 Sentyabr 2025 13:56
104
ƏDƏBİYYAT

BƏNÖVŞƏ HƏYASI

Şairə Səlbi Baxış ədəbi mühitə gəldiyi gündən qələm həmkarlarının hörmətini qazanıb.

  Şairə ilə tanışlığım bir neçə il öncəyə təsadüf edir. Müəyyən tədbirlərdə onun yoldaşlarla ünsiyyəti zamanı çəkinəcəkli danışığı yazın gəlişini qarşılayan bənövşəni və çəmənlərin bəzəyi olan laləni  xatırladır.

 Dinləməyə üstünlük verən Səlbi xanım  danışanda sifətinə qonmuş bənövşə həyası və lalə qızartısı  istər-istəməz nəzərdən yayınmır.

 Bənövşə həyasına və lalə qızartısına bürünərək zamanədən "geri" qalan incə ruhlu Səlbi Baxışa tanıyan hər kəs hörmət və qayğı ilə yanaşır. Daxilən təmiz olan şairə sadəlövhlüyündən kim nə desə inanır. Belə  xarekterli insanlar cəmiyyətdə çox azdır. Ətrafı bürüyən çirkab içində  təmizliyini qoruyub saxlamaq üçün insanın xarekterində məhz o bənövşə həyası və lalə qızartısı olmalıdır. Oxucular həmin həya və qızartını şairənin kitabı ilə tanışlıq zamanı da görə biləcəklər.

 Səlbi Baxışın sayca beşinci kitabı "Gözlər danışanda" adlanır. Uluların belə bir deyimi var:"Göz görməsə könül sevməz". Doğru fikirdir. Təbiəti və cəmiyyəti görən gözdür. Görünən hər bir şeyin fotusu gözlər vasitəsi ilə çəkilərək təfəkkürə ötürülür. Və həmin "foto"nun görüntüsü təfəkkürdə" analiz" edilərək düşüncəyə qaytarılır və niqt vasitəsi ilə yazılı və yaxud şifahi formada özünü göstərir.

  Dahi Şekspir deyirdi:  "Görmək, hiss etmək-düşüncədir. Dərindən fikirləşmək isə həyatdır". İnsan gözəllik aşiqidir və gözəlliyi görüb qiymətləndirmək də məhz gözlər vasitəsilə mümkündür.

 Sevginin günahkarı gözlərin danışmasıdır. Göz ürəyin aynasıdı və heç vaxt yalan danışmır. Lal baxışların "söhbətini" yaşamayan insan yoxdur. Gözlər hər cür "danışa" bilir. Biz bu danışığın  yalnız ülvi məhəbbət mövzusuna toxunan tərəfini izləyəcəyik.

 O söhbətdə  Məcnunu səhrada, vəhşilər arasında, Kərəmi alov içində, Fərhadı isə  külüngü ilə Bisütun dağını parçalayan zərbəsində görürük.

Bunların hamısının səbəbkarı gözlərin danışığıdı. O danışıqda təmiz sevgi var. Həmin sevgi insanı həyata bağlayır. Böyük fransız yazıçısı Balzak nahaq yerə demirdi: "Yaşamaq üçün sevmək gərəkdir."

 Görək Səlbi Baxış həmən hiss və duyğuları oxucuya necə çatdırır? "Acı gerçək" şeirində:

 

   Axı bu sevdanın dərdi-qəmi var,

   Həsrət, intizarı, min sitəmi var.

   Qəlbin vüsal deyə coşan dəmi var,

    Bütün sevənlərin acısı gerçək.

 

Bu kitabda yer alan şeirlərdə Səlbi xanımın incə duyğuları, könül səsi, saf məhəbbəti, həyat müşahidələri öz əksini tapır. Onun poeziyaslnda həm ənənəvi lirikanın səmimiyyəti, həm də müasir düşüncənin aydın nəfəsi duyulur. O, sözün sehrinə inanır və sözü ilə insan qəlbinə yol açır.

  "Birgə gülək" şeirində  isə belə deyir:

 

    Sevgimi dər çiçək-çıçək,

    Şahid olsun hər kəpənək.

    Gəl, qəlbimdə bir yuva qur,

    Bir danışaq, birgə gülək.

 

 Onun misralarında daxili aləmi, arzuları, sevinci və kədəri oxucuya səmimi boyalarla çatdırılır.

 Şairənin poetik nəfəsində sadəlik və səmimiyyət ön plandadır. O, təmtəraqlı sözlərdən çox, sadə kəlmələrlə oxucuya təsir göstərməyi bacarır. Bu isə onun poeziyasını oxunaqlı və təsirli edir.

 

    Bu dəli könlümün gözü də sənsən,

    Dilimin söhbəti, sözü də sənsən.

    Mən sənə sevgimi necə bildirim?

    Axı bu sevginin özü də sənsən.

 

 "Səni gözləmişəm" şeirindən görünən bu nümunədə şairə "Bu dəli könlümün gözü də sənsən" deməyi ilə hər şeyə sevdiyinin gözü ilə baxır. Sənə sevgimi necə bildirim deməsində "Axı bu sevginin özü də sənsən" fikrinə gəlir. Burda gözlər danışır. Ürəkdən keçənlər "ürəyimin gözü sənsən" deməsi ilə sevgisini bildirir.

 Sonra isə -

    Sənə qurban olsun bu şirin canım,

    Səninlə zülmətdən sıyrıldı danım.

    Açıb ürəyimi görə bilsəydin,

    Görərdin adınla bir coşur qanım.

 

 Sevgini xoşbəxtlik kimi qəbul edən şairə xanım məhəbbətsiz dünyanı qaranlıq bir dünyaya bənzədir.

 Yazın ilk gəlşini kol dibində gözəlliyi ilə diqqəti cəlb edən bənövşəni müxtəlif qələm sahibləri müxtəlif formada vəsf ediblər. Çox az şair tapmaq olar ki, təbiətin bu nazlı, boynuəyri gözəlini nəzmə çəkməsin. Kitabda Səlbi Baxışın da "Bənövşə" adlı şeirinə yer verilib. Məlum məsələdi çox işlənmiş bir mövzuda şeir yazmaq çətin və məsuliyyətlidir. Səlbi Baxış bu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlibdir. Şairə orjinal, özünəməxsus fərqli "Bənövşə" şeiri ərsiyə gətirib.

  

    Nədir bu gözəllik səndə, bənövşə,

    Salmısan könlümü bəndə, bənövşə.

    Gizlətmə eşqini, məhəbbətini,

    Bilirəm saf eşqə sədaqətini.

 İlk baxışdan bənövşənin gözəlliyinə vurulan şairə eşqini gizlətməməyi məsləhət görür, eşqə sədaqətli olduğunu biıdirir.

 

    İcazə ver, edim məlhəm yarana,

    Yayılsın sevgimiz bütün cahana.

   

Şairə bənövşənin məhəbbətdən yaralanmış könlünə öz eşqi, məhəbbəti ilə məlhəm olmaq istəyir. Bu saf eşqin cahana yayılmasından ehtiyat etmir. Çünkü bənövşənin də şairənin də amalı sevib-sevilməkdir.

 

     Niyə kol dibində tənha qalıbsan?

     Hicrandan qəlbinə atəş salıbsan.

     Həsrət, intizarı çəkib içinə,

     Qoşulma vədəsiz ömür köçünə.

 

 Aşiqlər də sevda əzabını təklikdə çəkər. Bənövşə də kol dinində tənha qalıbdır. Bənövşənin bütün iztirabları içində çəkdiyini görən şairə, vədəsiz ömür köçünə qoşulmamağı məsləhət görür və son bənddə fikrini aşağıdakı kimi yekunlaşdırır.

 

    Naşılar dərdini qanmır, qanmasın,

    Səlbini tək Allah yanlış sanmasın.

    İlk bahara könül verib inandın,

    Az ömürlə bu cür sevgi qazandın.

 

 Axırıncı iki misrada fikir yeniliyi Səlbi Baxışın "Bənövşə" şeirini başqa "Bənövşə" şeirlərindən fərqləndirir.

 Həqiqətəndə "Bənövşə" baharın gəlişinə inanıb onu qarşılamağıyla öz sevgisini bildirir. Ömrünün az olmasına baxmayaraq "məhəbbət gülü" kimi sevənlərin rəğbətini və sevgisini qazanaraq gözəlliyinə şeirlər qoşulur. Naşılar, nadanlar bənövşəni duymasalar da bənövşə onu özünə dərd etmir. Çünki onun Səlbi Baxış kimi duyan, sevən, şəninə şeir qoşan şairəsi var. Burda bənövşə özünü xoşbəxt hesab edir. Oxucu  şeirdən göründüyü kimi Səlbi Baxışda bənövşə həyasını hiss etməməmiş olmaz. Bu qələm sahibinin xarakterinin yazılarında əks olunması deməkdir.

  Səlbi Baxışın şeirlərində sevgi əsas mövzu kimi çıxış edir. Lakin bu sevgi iki insan arasında olan hisslə məhdudlaşmır, həm də Vətənə, təbiətə, həyata duyulan məhəbbət kimi geniş mənada təqdim olunur.

 Səlbi Baxış yaradıcılığında Vətənpərvərlik mövzusu qırmızı xətt kimi keçir. İşğal olunmuş Qarabağ və onun azad olunması yolunda şəhid olan övladların nakam həyatı şair ürəyinin ağrısına səbəb olmaqla yanaşı, qələmində alovlu misralar ilə oxucu gözündə yaşa çevrilir.

 

    Sızladı yurdumun torpağı, daşı,

    Kədərdən ağardı dağların başı.

    Buludlar göynədi tökdü göz yaşı,

    Arzusu kəm qalmış mərd şəhidlərə.

 

 Şəhidlərin nakam ömründən yurdun torpağı, daşı da sızlayır, buludlar göz yaşı tökür. Torpağa tökülən şəhid qanı lalələr bitirdiyi üçün "Odur ki, ətirə bələnmiş hər yan" deyən şairın ürək ağrısı şəhid balaların unudulmaz xatirəsinin əksidir. İşğal olunmuş torpaqların azad olunmasından sevinən şairə fəxrlə yazır:

 

    Səlbi, yaz, durmadan titrət cahanı,

    Qoy ellər tanısın hər qəhrəmanı.

    Qələbə müjdəsi sardı hər yanı,

     Yağının qəddini əydi şəhidlər,

     Şəhidlik ehramı geydi şəhidlər.

 

 Şairənin sevinci yerə-göyə sığmır. Qələbə xəbərinin hər yana yayılmasından fəxarətlə danışır. Niyə sevinməsin axı Səlbi Baxış? Otuz ilə yaxın işğal altında  olan torpaqlar 44 günə düşmən tapdağından azad olunması hərb tarixində nadir hadisə kimi dəyərləndirilməsi "Ali zirvə sənindir" şeirində öz əksini tapır.

 

    Anacan mən ölmədim,

    Şəhadətə ucaldım.

    Üzün gülsün, ay ana,

    Düşməndən qisas aldım.

Misralarının yazılmasına səbəb olur. Şairə özünün qələm, dəftəri ilə torpaqların işğaldan azad olunması uğrunda döyüşən əsgərlərin sırasında hiss edərək yazır:

   

    Səlbi, qələm, dəftərin,

    Hərəsi bir əsgərdi.

    Yazıb elə çatdırmaq,

    Özü də bir hünərdi.

 

 Şairə fikrindən yayınmır. Ordumuzun qəhrəmanlığını, vətən uğrunda şəhadətlik zirvəsinə ucalan övladların iğidliyini gələcək nəslə ötürülməsi üçün qələmini mənəvi əsgərə çevirir. "Ey Ali Baş Komandanım" şeirində deyir:

 

    Gözünü heç qırpmadın sən,

    Nə vaxt gördüm sənğərdəsən.

    Tarix yazan sərkərdəsən,

    Ey Ali Baş Komandanım!

 

 Tarıxı həqiqətən danmaq mümkün deyil. Səlbi Baxış "Tarıx yazan sərkərdəsən" misrası ilə tarıxı həqiqətə işıq tutmaqla vətəndaş kimi öz sevincini oxucusu ilə bölüşür.

  "Şəhid anası" şeirində:

   

   Məğrur dayan ay qadın,

   Sevinməsin qoy yadın.

   Türk qızısan, türk adın,

    Sən ey, şəhid anası.

 

Şəhid anasının ümumiləşdirilmiş obrazını yaradaraq bütün şəhid analarına öz rəğbətini bildirmişdir. Səlbi Baxış "Sussun silahlar" şeirində müharibəyə nifrətini bildirir və gəncliyin də bu ruhda böyüməsini istəyir. Müharıbənin qanlı-qadasını görüb yaşayan şairə bir ana kimi həmin ağrıları içindən keçirərək qələmə almaqla insanları sülhə çağırmaqla müharıbəsiz dünya arzusunu bildirir.

  Çəmiyyətdə olan haqsızlıq şair ürəyində  dərdə çevrilir. Tarıxən həmişə belə olub və bundan sonra da belə olacaq. Çünki həyatda ideal insan olmadığı kimi, ideal cəmiyyətdə yoxdur. Müşahidə qabiliyyəti güclü olan qələm adamları həmişə haqsızlığa qarşı barışmaz olublar. Və əsərləri ilə insanları tərbiyə edərək arzuladıqları ideal cəmiyyəti qurmağa çalışsalar da bunun utopiyadan başqa bir şey olmadığını bilsələr də inadlarından əl çəkməyiblər. Səlbi yaradıcılığında da ictimai məzmunlu şeirlər az deyildi. Ətrafında olan haqsızlığı görən şairə belə bir dünyaya gəldiyinə peşiman olduğunu aşağıdakı kimi əks etdirir.

 

    Kimə baxırsansa gözləri qan-yaş,

    Dünyanın işinə qalmışam çaşbaş.

    Belə bir dünyaya gəlməzdim ki, kaş,

    Nadanın əlində solur gül-çiçək.

 

  "Verir" şeirində isə belə deyir:

 

    Günahı, babalı, savabı qanmır,

    Binəsivi görür, dərdinə yanmır.

    Dərd can axtaranda niyə utanmır,

    Bu Səlbi Baxışı nişana verir.

 

 Şairin ürəyi dərd yuvasıdır. Bütün haqsızlıqların ağrı-acısı şairin içindən keçdiyi üçün qələmin ucunda misralara çevrilməyi ilə şairə xanım təsılli tapır və ovunur. Ona görə dərd nadanı yox, Səlbi Baxışın ürəyini nişana alır və sonda "Verir" şeiri yaranır.

 Kitabda 27 bənd bayatı da verilib. Dörd misra, yeddi hecalı  şeir növü olan bayatıda qələmi sınamaq çətindir. Dörd misraya şair istək və arzusunu sığışdırmaq  üçün qabiliyyət və istedad tələb olunur.

     Əzizim, bax yağışa,

     Fələkdə tərs baxışa.

     Nə verdin alammadın,

     Axı Səlbi Baxışa.

 

Fələyin tərs baxışına etiraz edən şairə həzin bir səslə Səlbi Baxışa nə vermisən ki, ala bilmirsən deyir.

 

    Eləmi, yana-yana,

    Dərdim var xana-xana.

    Alışdı eşqin odu,

    Qığılcım saldı cana.

 

 Gözlərin danışmasından alışan eşqin odundan cana qığılcım düşərək tədricən alovlanmağa başlayır.

 Bayatının məzmuna görə bir növü ölüm və yas mərasimi ilə bağlı olduğuna görə ağı adlanır.

 

    Eləmi, düzüm ağlar,

    Dilimdə sözüm ağlar.

    Ana can, sən gedəndən,

    Qalıbdı gözüm ağlar.

 

 Göründüyü kimi ana itkisi şairənin ürəyində yaraya çevrilibdir.

 

    Eləmi, qara bağlar,

    Ürəyim yara bağlar.

    Şəhidə göydə quşlar,

    Yerdə dağ-daşım ağlar.

 

 Dörd misradan göründüyü kimi şairənin şəhidə sonsuz ehtiramı oxucu diqqətini çəkir.

 Bunlarla bərabər, oxucu kitabda ithaf şeirlərinə və deyişmələrlə də qarşılaşacaq. Səlbinin özünə həsr olunmuş şeirlər şairənin qələm həmkarları yanında hörmətinin təsdiqidir.

 Kitabda esse xarakterli publisist yazılarda  qələmini sınayan şairə Səlbi Baxış nəsr sahəsində də istedadını nümayiş etdirməsi gələcəkdə yazacağı hekayə, povest və s. siqnalıdır fikrini desək bizcə yanılmarıq. Bunu onun yazdığı resenziyalar və publisist yazılar da təsdiq edir.

 "Yalan şirin zəhərdir" və "Ailə müqəddəsdir, onu qoruyun" nəsr nümunələrində qoyulan problemlər günümüzün aktual mövzusudur.

 "Ailə müqəddəsdir, onu qoruyun" yazısında Səlbi Baxış "Kişi olmaq-yalnız güc deyil, məsuliyyətdir. Əsl güc sevdiklərini qoruya bilməkdir" deməsi ailəsi olanlara, xüsusən narahat ailələrə bir SOS-dur. (yəni həyacan siqnalı)

  İnanırıq ki, "Gözlər danışanda" kitabı hər bir oxucunu  sevgi ilə düşündürəcək, duyğulandıracaq və qəlbinə isti bir sığal çəkəcəkdi.

 Əminəm bu kitabı vərəqləyən hər kəs öz həyatlndan bir parça, öz hisslərindən isə bir iz tapa biləcək.

 Şairə xanıma yeni yaradıcılıq arzusu ilə...

 

              Fazil Sənan

       15.09.2025