Həyatımda yaxından tanıdığım, dostluq etdiyim və heç tanımadığım, dostluq etmədiyim neçə insanın ölümünə, vaxtsız itkisinə təəsüflənmişəm. Ədəbi aləmdə Əli Kərimin, Sərdar Əsədin, Aydın Məmmədovun, Nadir Cabbarlının ölümləri sarsıdıb məni. Amma özümə böyük dost hesab etdiyim Fikrət Qocanın bu misraları ilə təsəlli tapmışam: “Şair nəğmə kimi gəlir cahana. Nəğmə ölümünə mən inanmıram”.
Görkəmli tənqidçı və ədəbiyyatşünas, tənqidçı və ədəbiyyatşünas, professor Nizaməddin Şəmsizadə ilə aramızda kiçik yaş fərqi olmasına baxmayaraq, həmişə səmimi münasibətdə olmuşam. Onun toyunda iştirak etmişəm. Onun övladı dünyaya gələndə adını mən qoymuşam – Fidan. İndi Fidan da atasının yolunu davam etdirir. Atası rəhmətə gedəndən sonra onun əlyazmasının ərsəyə gəlməsində Fidanın böyük rolu olmuşdur. Nizaməddinin ağır xəstəliyə düçar olması təkçə məni yox, bütün ədəbi ictimaiyyəti kədərə qərq etdi. Amma xəstəliyinə baxmadı, yenə elmi yaradıcılığından qalmadı, bir neçə kitab nəşr etdirdi, qəzet və jurnallarda məqalələri işıq üzü gördü. Budur: onun son kitabı – “Gənc ikən görkəmli alim”. Bu kitab 55 il ömr sürmüş, dögurdan da elə gənc ikən görkəmli alim kimi tanınan, professor Hüseyn Həşimlinin elmi fəaliyyətinə həsr olunub. Dəqiq bilirəm ki, Nizaməddinlə Hüseyn Həşimli yaxın dost olmayıblar. Amma Nizaməddin, onun yazılarını elmi fəaliyyətini çox yaxından izləyirmiş. (Nizaməddin filologiya elmləri sahəsində meydana çıxan bütün monoqrafiyalara, məqalələlərə yaxşı bələd idi).
Hüseyn Həşimli son 30 ildə Naxçıvan ədəbi elmi mühitinin yetirdiyi və təkcə Naxçıvanda deyil, Türkiyədə tanınan bir ədəbiyyatşünas idi. Onun ilk elmi məqalələrin işıq üzü görməsində mənim də əməyim olub. Sonralar onunla dost oldum. Amma çox yaşamadı Hüseyn...
Nizaməddin Şəmsizadə bu kitabı ilə Hüseyn Həşimliyə mənəvi bir abidə ucaldıb desəm, qətiyyən səhv etmərəm. Və bu kitabla o sübut edir ki, Hüseyn Həşimli dünyadan vaxtsız köçsə də, onun yaratdığı elmi irs Azərbaycan ədəbiyyatşünaslığının tarixində həmişə önəmli yer tutacaq.
Şəmsizadə bütün elmi yaradıcılığında obyektivliyi, dürüstlüyü və necə deyim, səliqə-səhmanı ilə seçilirdi. O, hansı mövzuda yazırsa-yazsın, hansı şəxsiyyətin (elm adamının, şair və yazıçının) yaradıcılığından bəhs edirsə-etsin, bu konsepsiya üzrə, hərəkət edirdi: Şəxsiyyət və Yaradıcılıq vəhdəti. Hüseyn Həşimli də Şəxsiyyətlə Yaradıcılığın vəhdətini özündə birləşdirən bir alim idi.
Əsər altı fəsildən ibarətdir və hər fəsil, Hüseyn Həşimlinin elmi dünyasına uzanan bir yolu bələdləyir. “Qədim və ulu Naxçıvan”, “Boy çiçəyi” adlı I fəsildə H.Həşimlinin həyatı və elmi fəaliyyətinin əsas sahə və istiqamətləri nəzərə çatdırılır. Onun “Azərbaycan ədəbiyyatında sentimentalizm” namizədlik dissertasiyası, “Azərbaycan ədəbiyyatında "Avropa mənşəli lirik janrlar” doktorluq dissertasiyası ədəbiyyatşünaslıqda yeni mövzular idi. Belə ki, bir ədəbi cərəyan kimi sentimentalizmin Azərbaycan ədəbiyyatında mövcudluğu sual altında idi. Hüseyn Həşimli sübut etdi ki, bəli, belə bir cərəyan Azərbaycan ədəbiyyatında mövcuddur. Məsələn, elə Divanbəyoğlunun “Can yanğısı” əsəri (və digər əsərləri) sentimentalizmin bütün tələblərinə tam cavab verir. Doktorluq dissertasiyası da, avropa mənşəli yeni janrların (himn, marş, sonet və s.) ədəbiyyatımızda artıq işlək janrlara çevrilməsindən söz açır. Qeyd edim ki, həm namizədlik, həm də doktorluq dissertasiyası ayrıca kitab halında çap olunmuşdur və Nizaməddin Şəmsizadə bu iki tədqiqatı, ədəbiyyatşünaslığımızda novator hadisə hesab edir. Mən burada Hüseyn Həşimlinin “Azərbaycan soneti” monoqrafiyası haqqında söz açmasam günah olar.
Sonet janrı Azərbaycan ədəbiyyatına keçən əsrin əvvəllərində “təşrif” gətirib. İllər keçdikcə bu janr, ədəbiyyatımızda əksər şairlərin sevimli şeir formasına çevrilib. H.Cavid, A.Şaiq, M.Müşfiq, Ə.Kürçaylı, A.Babayev, S.Mustafa, Abbasağa, Şəkər Aslan, Vaqif Hüseynov, Elşad Səfərli, Ağamir Cavid və başqaları sonetlər yazmışlar. Hətta Şəkər Aslan ilk sonetlər çələngini yaratmışdır. Hüseyn Həşimli avropada yaranan bu janrın (Fransada, İtaliyada, İngiltərədə və sonralar Rusiya və Türkiyədə) bütün struktur konponentləri üzərində dayanır. Ancaq onu da qeyd edim ki, artıq janra olan bu meylin özünəməxsusluğu da diqqətdən yayınmır – Azərbaycan milli soneti haqqında danışılır.
Nizaməddin Şəmsizadə Hüseyn Həşimlinin az öyrənilmiş və heç öyrənilməmiş mövzularda da qələm çalan bir tədqiqatçı kimi təqdim edir.
Onun bir sıra monoqrafiya və məqalələrində Ə. Səbri, Ə. Məhzun, S.Səlmasi, Ə. Qəribi, Ə. Səbur kimi sənətkarların yaradıçılığı tədqiq olunur.
Nizaməddin Şəmsizadə yazır: “H. Həşimlinin maraq dairəsi çox genişdir... H.Həşimi də akademik Nizami Cəfərov kimi, sərhədsiz düşüncə sahibidir”. Onun “Azərbaycan dilində lirik poeziyanın inkişaf yolu” kitabında İzzətdin Həsənoğlu, Hümman Təbrizinin, Nəsir Baküvinin lirik şeirlərindən söz açılır. Xüsusilə, onun “İzzətdin Həsənoğlunun ədəbi irsi” kitabı yaradıcı araşdırmaçının axtarışlarını ifadə edir. N.Şəmsizadə yazır ki: “Həsənoğlunun XIII əsrin sonları, XIV əsrin əvvəllərində yaşadığını söyləməsi çətin hökm sayıla bilməz. Şairin yaradıcılıq dövrü XIII yüzilliyin ikinci yarısına düşür”. Beləliklə, Həsənoğlunun doğum tarixi dəqiqləşir.
Daha bir fəsil: “XX əsrin əvvəllərində ədəbi-tarixi proses: Əli Səbri, Səid Səlmasi və Fərhad Ağazadə”... Hüseyn Həşimli bu üç lazımi dərəcədə öyrəlilməmiş yaradıcılığı təhlil edir. N.Şəmsizadənin doğru qeyd etdiyi kimi: “Əli Səbri, Səid Səlmasi, M.T.Sidqi, Məhzun və s. ədəbi prosesə faydalı təsir göstərmişlər”.
Kitabda ən maraqlı fəsil, zənnimcə: “Hüseyn Həşimli: Naxçıvan mühiti və türk dünyası”dır. Bu fəsildə müəllif bu bölgədə yaşayıb yaradan şairlərin yaradıcılıq irsi kontekstində naxçıvan ədəbi tarixi mühiti barədə yeni yanaşmalar var. Naxçıvanda yaşayanda şairlərin Türk dünyası ilə bağlılığı məsələsi ön plana çəkilir. Təbii ki, bütün bunlar Nizaməddin Şəmsizadənin diqqətindən yayınmır. Nəhayət, kitabda Hüseyn Həşimlinin milli mətbuatla bağlılığı, “Molla Nəsrəddin”, “Həyat”, “Zənbur”, “Dəbistan” və “Füyuzat” jurnalları ilə bağlı tədqiqatları sonuncu fəsildə əks olunub.
İki görkəmli tədqiqatçı – Nizaməddin Şəmsizadə və Hüseyn Həşimlinin bu kitabda “görüşməsi” belə bir həqiqəti sübut edir ki, ədəbiyyat – elm aləmində görülən böyük işlər, sanballı tədqiqatlar həmişə yol göstərici rol oynayır. Bu mənada mərhum deməyə dilim gəlmədiyi professor Nizaməddin Şəmsizadə və gənc ikən görkəmli alim səviyyəsinə yüksələn professor Hüseyn Həşimli də, məhz yol göstərən alimlərdir.
Onları yaşadan ölümsüzlükdür!