30 Oktyabr 2025 14:14
115
MƏMLƏKƏT

“Hamiləlik faktı üzə çıxanda, bəzən ailələr qızlarını ayıbdan xilas etmək üçün...”

Xəbər verdiyimiz kimi, Astarada 17 yaşlı Əfsanə İmanovanın 7 aylıq hamilə ola-ola ona gizli toy edilməsi və bir gün sonra vəfat etməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. 17 yaşlı qızın faciəvi şəkildə ölümü hamını məyus etdi. Təbii ki, ilk qınaq obyekti oğlan və qızın valideynləri oldular. 

Məsələylə bağlı Adalet.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, bu faciə təkcə bir ailənin deyil, bütün cəmiyyətin probleminin göstəricisidir.

Onun sözlərinə görə, erkən yaşda evliliklər və azyaşlıların hamilə qalması halları çox zaman maarif çatışmazlığı, ictimai təzyiq, ənənəvi düşüncə tərzi və qorxu mədəniyyəti ilə əlaqəlidir:

“Yeniyetməlik dövrü insanın şəxsiyyətinin formalaşdığı, emosional stabilliyin hələ tam oturuşmadığı bir mərhələdir. Bu dövrdə qız uşaqlarının nikaha məcbur edilməsi və ya hamilə qalması onların psixoloji və fiziki sağlamlığına ciddi zərbə vurur. Onlar nə emosional, nə sosial, nə də bioloji baxımdan bu cür məsuliyyətlərə hazır olmurlar. Belə hallarda qızlar çox zaman günahlandırma, utanma, qorxu və təcrid hissləri ilə üzləşir. Bu isə onlarda dərin psixoloji gərginlik yaradır, bəzən depressiyaya, özünü dəyərsiz hiss etməyə, hətta həyatdan əl çəkməyə qədər gedib çıxır. Bu hadisədə də görünür ki, ailə və cəmiyyət məsələyə düzgün yanaşmayıb”. 

Psixoloq bildirib ki, hamiləlik faktı üzə çıxanda, bəzən ailələr qızlarını “ayıbdan xilas etmək” məqsədilə tələsik evləndirməyə çalışırlar: 

“Halbuki bu addım uşağın rifahını yox, sadəcə cəmiyyətin baxışından qorunma instinktini əks etdirir. Azyaşlı evlilik, xüsusilə məcburi xarakter daşıyırsa, uşaqda dərin emosional zədələr buraxır. Qız uşağı ailədən, cəmiyyətdən və öz bədənindən qorxmağa başlayır. Qız uşağı özünü “günahkar” kimi görür, bu isə onun gələcəkdə sağlam münasibət qurma qabiliyyətinə mənfi təsir edir. Bu cür hadisələr digər gənclərdə də ümidsizlik və qorxu yaradır, “məni də qorumazlar” düşüncəsini gücləndirir. Bu hadisə bir daha göstərir ki, erkən nikahlar və azyaşlı hamiləliklər təkcə ailə problemi deyil, ciddi sosial-psixoloji problemdir. Valideynlər və cəmiyyət bilməlidir ki, qız uşağını evləndirməklə “ayıbdan xilas olmaq” mümkün deyil, əksinə yeni faciələr yaranır”. 

Z.Əyyubova bildirib ki, yeniyetmələrə qarşı zorakı qərarlar onların gələcək həyatını məhv edir: 

“Hər bir uşaq və yeniyetmə təhsil, qayğı və psixoloji dəstək almaq hüququna malikdir. Təhsil müəssisələrində, ailələrdə və ictimai mühitdə seksual maarifləndirmə, psixoloji dəstək və valideyn təlimləri həyata keçirilməlidir. Uşaqların və yeniyetmələrin təhlükəsizliyi hər şeydən üstün olmalıdır. Bu faciə təkcə bir gəncin itkisi deyil – ictimai şüurun hələ də susqun qaldığı bir reallığın göstəricisidir. Əgər biz uşaqları qorumasaz, bir gün onların hər biri bu cəmiyyətin qurbanına çevrilə bilər”.

Vasif ƏLİHÜSEYN