adalet.az header logo
  • Bakı -°C
11 Dekabr 2025 15:07
91
İQTİSADİYYAT
A- A+

“Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”

“Niyə Azərbaycan tərəfi kredit reytinqinin yüksəlməsinə rəğmən onu geri götürüb? Düzdür, bununla bağlı rəsmi açıqlama var. Amma suallar yenə davam edir. Belə ki, bununla bağlı suallar yarandığı üçün Maliyyə Nazirliyi rəsmi qurum statusuna uyğun olaraq yetəri qədər peşəkar açıqlama verib. Açıqlamanın mətni geniş olduğu üçün jurnalistlər tərəfindən daha konkret izahı xahiş edilir”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, bu açıqlamanın qısa formada izah belədir: 

“Azərbaycan hökuməti beynəlxalq təcrübələrə uyğun olaraq iki reytinq agentliyi ilə ödənişli müqaviləyə malikdir. Bunlar Fitch Ratings və Moody’s Ratings-dir. Üçüncü olan S&P ilə isə əməkdaşlıq müqavilə çərçivəsindən çıxarılıb. Bu səbəbdən S&P tərəfindən verilmiş reytinq texniki səbəb əsasında emitentin müraciətinə uyğun olaraq, sistemdən götürülüb”. 
Bəs daha konkret hansı hallarda ölkələr öz reytinq göstəricilərinin çox yüksəlməsinin deyil, sabit qalmasının tərəfdarı olurlar? 
İqtisadçının sözlərinə görə, əvvəlcə nəzərə alaq ki, kredit reytinqi bir ölkənin borc öhdəliklərini yerinə yetirmə qabiliyyətini qiymətləndirən beynəlxalq ölçü vahididir:
“Məhz bu ölçü vahidi ölkəyə maraq göstərən investorların risk qavrayışını formalaşdırır. Yəni reytinqlər ölkənin maliyyə sabitliyini, borclanma səviyyəsini, xarici uçotlara davamlılığını, müəyyən göstəricilər əsasında bilavasitə beynəlxalq bazarlara siqnaldır. Bir sözlə, reytinq nə qədər yüksəkdirsə, ölkə qlobal maliyyə bazarlarında etibarını artırır və daha sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb edə bilmə imkanlarına malik olur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin kredit reytinqi yüksək olduqda bunun müsbət təsiri daha ucuz borclanma imkanı yaradır, ölkə investorun etibarını qazanır, maliyyə sektorunda sabitlik güclənir, dövlət layihələrinin maliyyələşdirilməsi optimallaşır”.

Eldəniz Əmirov deyib ki, müəyyən məqamlarda isə bunun mənfi tərəfləri də ola bilir: 

“Odur ki, beynəlxalq təcrübədə reytinqin geri götürülməsi ilə bağlı hallar olub. Bunun konkret səbəblərə gəlincə, adətən bir ölkənin borclanma ehtiyacının aşağı olması halında yüksək reytinqə ehtiyac duyulmaya bilir. Məsələn, Azərbaycanın xarici borcu hazırda çox aşağıdır, valyuta ehtiyatlarımızın 1/17 hissəsinə bərabərdir. Belə bir şəraitdə kredit reytinqi ölkənin maliyyə bazarına çıxış üçün həyati (diqqət: həyati) əhəmiyyət daşımır. Digər tərəfdən, reytinqin saxlanması xərclər və öhdəliklər tələb edir. Azərbaycan kimi ölkələrdə isə borclanmaya ehtiyacın minimum olması bu istiqamətdə xərci azaltmağı daha məqsədəuyğun edir”. 

O, deyib ki, "S&P" reytinqi artırarkən, səbəblərdən biri kimi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müsbət amil kimi qeyd edib:

“Bəzi hallarda bu məsələ dövlətlər üçün həssas mərhələdə kredit reytinqinin yüksəlməsinə kömək edir, amma bununla bərabər siyasi məqamları da ortaya çıxarır. Bunun yaranmaması üçün prosesin müvəqqəti dayandırılması, yaxud geri çevrilməsi nəzəri cəhətdən mümkündür. Eyni zamanda strateji çevikliyi əldə saxlamaq üçün bəzi ölkələr reytinqin yaratdığı gözlənti çərçivəsindən çıxmağa çalışırlar. Fiskal siyasətdə daha sərbəst qərar vermək üçün kredit reytinqinin bir qədər geri götürülməsi daha məqsədəuyğun hesab edilir. Ümumilikdə isə Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”.

Vasif ƏLİHÜSEYN