adalet.az header logo
  • Bakı -°C
17 Dekabr 2025 12:13
67
GÜNDƏM
A- A+

“Vəzifədə olan şəxslərin etdiyi haqsızlıqlar cəzasız qalmır...”

Xəbər verdiyimiz kimi, Balakənin sabiq icra başçısı İslam Rzayevin rüşvət alması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayılan videosu ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Görüntülərdən də açıq-aşkar məlum olur ki, icra başçısı ancaq rüşvət yığmaqla məşğuldur. 

Məsələylə bağlı Adalet.az-a danışan professor Qulu Məhərrəmli bildirdi ki, DTX tərəfindən bu cür əməliyyatların keçirilməsi çox vacibdir:

“Son dövrlərdə Dövlət Təhlükəsizlik Xidməti nə qədər əməliyyat keçirib, icra başçıları, vəzifədə olan şəxslər yaxalanıb, həbsxanaya düşüb. Amma görün heç nəticə çıxaran varmı?! Ona görə də bunların nəticə çıxartması üçün belə əməliyyatların aparılması vacibdir. Digər tərəfdən vəzifə sahibləri dərk etməlidir ki, onları o vəzifəyə ona görə təyin etmirlər ki, çapıb-talasınlar, insanlardan rüşvət alsınlar. Həm mənəvi mühiti çirkləndirsinlər, həm də insanların qəzəbinə səbəb olacaq hərəkətlər etsinlər. Onları ona görə vəzifəyə təyin ediblər ki, hakimiyyəti, dövləti təmsil etsinlər. İnsanlar onlara inanır, Prezident onlara etimad göstərir. Amma bunun üzərindən tutaq ki, hər şeyi rüşvətlə həll etmək, insanların əsəbləri ilə oynamaq, onların haqqını tapdamaq. Belə addımlar istər-istəməz qəbul olunmur. 

Professor deyib ki, heç kim düşünməməlidir ki, etdiyi ədalətsizliklər, haqsızlıqlar, aldığı rüşvətlər, insanların səhhətinin pozulmasına səbəb olan davranışlar cəzasız qalacaq:

“Bu cür əməliyyatlar göstərir ki, belə hallar cəzasız qalmır. Ona görə vəzifədə olan hər kəs düşünməlidir ki, onları vəzifəyə öz ciblərinə yox, insanlara xidmət etmək üçün təyin edirlər. Əsas məsələ budur. Ona görə də DTX bu əməliyatları heç vaxt dayandırmamalıdır, əksinə davam etdirməlidir”. 

Vasif ƏLİHÜSEYN