adalet.az header logo
  • Bakı -°C
16 Iyun 2026 13:43
52
İQTİSADİYYAT
A- A+

"Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına..." 

"ABŞ və İran arasında əldə olunan razılaşma bir çoxlarında münasibətlərin normallaşacağı təəssüratı yaratsa da, mənzərə əslində daha mürəkkəbdir". 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, tərəflər arasında əsas ziddiyyətlər olan nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və İsrail amili olduğu kimi qalır: 

"Sadəcə hazırda hər iki tərəf yeni müharibənin iqtisadi və siyasi xərcinin həddindən artıq yüksək olduğunu görür.
Bu səbəbdən yaxın dövr üçün ən real ssenari barışıq senarisi yox, idarə olunan gərginlikdir. Yəni tərəflər açıq müharibədən uzaq duracaq, lakin qarşıdurma tam bitməyəcək. Vaxtaşırı böhranlar, sərt bəyanatlar və təzyiqlər davam edəcək". 

İqtisadçı deyib ki, razılaşmanın ən həssas məqamlarından biri isə İsrail faktorudur: 

"Çünki faktiki olaraq İsrail bu razılaşmanın tərəfi deyil və onun təhlükəsizlik prioritetləri ilə Vaşinqtonun cari siyasi prioritetləri hər zaman üst-üstə düşmür. Bu isə gələcəkdə yeni fikir ayrılıqları və gözlənilməz gərginlik riskini artıran amillərdən biridir. 

Noyabr ayına qədər isə Vasinqtonun əsas hədəflərindən biri Yaxın Şərqdə gərginliyin minimum səviyyəyə endirilməsi və problemlərin nəzarət altına alındığı görüntüsünün yaradılması olacaq. Aralıq seçkilər səbəbilə Trmp administrasiyası həm daxili siyasi gündəm, həm də seçicilərə verilən vədlər baxımından yeni müharibədən daha çox sabitlik və nəticə nümayiş etdirməyə çalışacaq.

Elə bu məntiqin və startegiyanın nəticəsidir ki, ABŞ tərəfindən İran iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına və iqtisadi əlaqələrin müəyyən qədər yumşaldılmasına dair müsbət siqnallar da verilir. 

Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına kapital axını, enerji sektoruna investisiyalar və neft ixracının genişlənməsi ilə bağlı gözləntilər güclənə bilər. Lakin bu prosesin davamlılığı yenə də siyasi münasibətlərin sabitliyindən asılı olacaq.

Məhz buna görə də noyabrın ikinci yarısından etibarən gərginliyin növbəti mərhələsinin başlanması ehtimalını daha yüksək qiymətləndirirəm. Çünki həmin dövrə qədər təxirə salınan və ya dondurulan bir çox ziddiyyətlərin yenidən gündəmə qayıtması mümkündür. Əlqərəz, hazırda müşahidə etdiyimiz proses problemin həlli yox, onun idarə olunmasıdır". 

Vasif ƏLİHÜSEYN