adalet.az header logo
  • Bakı -°C
02 Aprel 2026 08:21
31
SAĞLAMLIQ
A- A+

TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir

Məlumatlara görə planlama departament rəhbəri tərəfindən verilən qərarlar nəticəsində ölkədə tibbi ləvazimat və dərman təminatında ciddi çatışmazlıq yaranıb. Hesablama Palatasının irad kimi qeyd etdiyi dərman və ləvazimatların alınmasına baxmayaraq ehtiyac sahiblərinə vaxtında çatdırılmaması faktı da bu vəziyyətin rəsmi təsdiqi kimi göstərilir.

Səhiyyə müəssisələrindən daxil olan məlumatlara əsasən vəziyyət daha da ironikdir ya dərman var amma onu istifadə etməyə ləvazimat yoxdur ya da ləvazimat var amma əsas dərman yoxdur. Bu isə artıq planlama yox xaosun sistemləşdirilmiş forması kimi qiymətləndirilir və bu xaosun mərkəzində yenə planlama delartamentinin adı çəkilir.

Maliyyə yoxlamalarında ortaya çıxan digər fakt isə xəstələrin özəl müəssisələrə yönləndirilməsidir. İddialara görə bu hal məhz dövlət müəssisələrində yaranan təminat boşluğundan qaynaqlanır. Beləliklə dövlət büdcəsinin özəl xəstəxanalara axmasının müəyyən hissəsinin planlama səhvləri ilə əlaqəli olduğu və bu kontekstdə planlama fəaliyyətinin də müzakirə olunduğu bildirilir.

Məlumatlara görə bəzi mallar alınsa da digər həyati əhəmiyyətli məhsullar ümumiyyətlə satınalma siyahısına daxil edilmir və nəticədə müəssisələr yarımçıq təminatla işləməyə məcbur qalır. Xəstələr isə bu boşluğu öz cibləri hesabına doldurur.

İddialarda qeyd olunur ki bəzi hallarda anbarda vaxtı keçmiş və ya istifadəsinə az qalmış məhsulların tibb müəssisələrinə göndərilməsi halları da müşahidə olunur. Əgər bu məlumatlar təsdiqini tapsa bu artıq sadəcə səhlənkarlıq yox idarəetmədə ciddi problemlərin göstəricisi hesab olunur.
Eyni zamanda əldə edilən məlumatlara görə departament rəhbəri daha əvvəl çalışdığı özəl strukturlardan da oxşar idarəetmə problemləri səbəbilə uzaqlaşdırılıb. Lakin buna baxmayaraq strateji əhəmiyyətli vəzifəyə gətirilməsi ilə bağlı suallar yaranır.

Etibarlı mənbələrin bildirdiyinə görə son yoxlamalar və gözlənilən struktur dəyişiklikləri çərçivəsində TƏBİB-in müşahidə şurası sədrliyinin səhiyyə nazirinə həvalə edilməsi müzakirə olunur. Bu səbəbdən səhiyyə nazirliyində aparılan bəzi struktur dəyişikliklərinin də müvəqqəti dayandırıldığı və birləşmə prosesinin gözlənildiyi qeyd olunur.

Məlumatlara görə artıq səhiyyə nazirliyində TƏBİB və onun tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nin əməkdaşlarının şəxsi işlərinə baxış keçirilir və gözlənilən birləşmədən sonra yalnız işi bilən uzun illər təcrübəsi olan və tibb müəssisələrinin real ehtiyaclarını anlayan kadrların saxlanılması planlaşdırılır.

Qeyd edilir ki, hazırda innovasiya və təchizat adı altında fəaliyyət göstərən lakin real nəticə ortaya qoymayan əməkdaşlarla bağlı da yaxın zamanda qərarlar verilə bilər.

Bütün bu proseslər fonunda bir sual daha qabarıq şəkildə ortaya çıxır planlama adı altında verilən səhv qərarların nəticəsində dərmansız qalan, ləvazimatsız müalicə alan və ya ümumiyyətlə xidmət ala bilməyən xəstələrin məsuliyyəti kimlərin üzərindədir.

Bu sualın cavabında isə yenə eyni adlar ən çox hallanan olaraq qalır: “İnnovasiya və təchizat mərkəzi”nin direktoru Nurlan Quliyev və Planlama departamentinin rəhbəri.

Məsələ ilə bağlı fakt və sübutlara əsaslanan daha geniş materialın hazırlanaraq ictimaiyyətə təqdim olunacağı da bildirilir.