adalet.az header logo
  • Bakı -°C
29 Iyun 2026 14:04
70
ƏDƏBİYYAT
A- A+

“TƏBRİZDƏN ZƏLİMXANA SALAM!”

ADLI   AUDİODİSK   İŞIQ ÜZÜ GÖRÜB

 

Xalq şairi Zəlimxan Yaqub artıq on ildir ki, cismən həyatda olmasa da, bir-birindən gözəl şeirləri, poemaları, unudulmaz xatirələri ilə milyonların qəlbində yaşayır. Dünyasını dəyişməsindən keçən bu illər ərzində onun şeir və poemalarından və eləcə də haqqında yazılanlardan ibarət ondan artıq kitab nəşr olunub.

Bu günlərdə aşıqların ifasında onun şeirlərindən ibarət audiodiskin Türkiyədə işıq üzü görməsi isə onun təkcə Azərbaycanda yox, bütün Türk dünyasında sevilən söz ustadı olduğunu bir daha göstərir. Bu barədə məlumat verən Əməkdar mədəniyyət işçisi, Z.Yaqub irsinin yorulmaz tədqiqatçısı Musa Nəbioğlu bildirib ki, Z.Yaqubun şeirləri aşıqların repertuarında mühüm yer tutur və indiyədək ayrı-ayrı aşıqların ifasında onlarla audio və videodisklər buraxılıb. Türkiyədə yaşayıb fəaliyyət göstərən iş adamı Əli Poladın maliyyə dəstəyi ilə “Volkan” qrupu (bədii rəhbəri və aranjmançı Aydın Mehdipur) tərəfindən ərsəyə gətirilən bu diskin özəlliyi isə ondan ibarətdir ki, burada dinləyicilər eyni şeiri sazın müşayiəti ilə həm Z.Yaqubun özünün, həm də aşığın ifasında eşidə biləcəklər.

Türkiyədə ərsəyə gətirilən “Əli Polad təqdim edir: Təbrizdən Zəlimxana salam!” adlı bu audiodiskdə şairin 12 şeiri (“Mən öz dastanımı yazıb gəlmişəm”, “Vəfalıymış”, “Bu yaşıl ağacın altı bizimdi”, “Gözəl dünya, gözəllərin var olsun”, “Gözəllər”, “Ay sədəfli saz”, “Belə qocalasan”, “Çəkərsiniz”, “Xatirələrdə”, “Dünya”, “Dedilər məclisdə bədnəzər olar” və “Allah, gözlərə bax”) Təbrizli aşıqlar Salar Mehdipur, Məhbub Əbdi, Əmir Novruzi və Ramin Mollapur tərəfindən “Sultanı”, “İncəgülü”, “Dastanı”, “Bəhməni”, “Bayramı” və digər klassik aşıq havaları üstündə ifa olunub.

Audiodiskə əlavə olunan bukletdə Zəlimxan Yaqubun həyat və yaradıcılığı barədə qısa bilgi verilir.