20 Fevral 2025 11:36
278
ƏDƏBİYYAT

TƏNHALIĞA ƏYİLMƏZ QADIN

 (Qafar Cəfərlinin “Tənha qadın”  hekayəsi  üzrə)

“Tənha qadın” tanınmış yazıçı-dramaturq Qafar Cəfərlinin çoxsaylı hekayələri arasında öz xüsusi bədii çəkisi, komfozisiya quruluşu, şirin axıcı dili ilə seçilir. Yazıçı hekayədə ustalıqla, təfərrüata varmadan Nərmin adlı dul bir qadının iç dünyasını və bu dünyanın oxucuya  müsbət tərəflərini işıqlandırır, Nərminin yaşadığı tənhalığın dəhşətlərini nasiranə şəkildə epikləşdirir. Epikləşdirir müəllif Nərminin universitet bufeti və Nihatla görüşünü, üç il Nihatla bir dam altda xoşbəxt yaşadığını, rəfiqələri Gülnarın toylarında hər ikisinə “bir ömür xoşbəxtlik” arzuladığını, Nihatın qəzaya düşüb ölməsindən sonra Nərminin tənha yaşadığını, övlad həsrətilə yanıb-qovrulduğunu, nəhayət, uşaq həsrətinə son qoyulduğunu. Əlbəttə, hekayənin canı-ruhu bu qısa-yığcam epizodlarda yox, Nərminin təklik və tənhalıq yaşamağında, təklik və tənhalıq ağrılarına mərdanəliklə sinə gərməsindədir.

Hekayədə iki obraz üz-üzədir, iki obraz ölüm-dirim uğrunda çarpışır. Biri təcrübəsiz, fəqət inadlı Nərmin, digəri isə yaşı min illərlə ölçülən Tənhalıq. Biri Ölüm, digəri isə Dirim. Məğlubiyyəti heç biri qəbul etmir. Mübarizədən heç biri çəkilmir. Hər ikisi qələbə, uğur arzusundadır.

Tənhalıqla döyüş-savaşda bir arxası, bir yardımçısı yoxdur Nərminin. Məsləhət verəni, yol göstərəni varsa da, heç biri gözə dəymir, heç biri özünü bu ağır yük altına salmaq istəmir. Tək-tənhadır Nərmin. Qohumu-doğması olsa da yüz-yüz, olsa da min-min. Heç Nərmin özü də kimsədən kömək istəmir və bu döyüşdən qələbə ilə çıxmasına əmindir. Gücünə təkcə güc qatır Nihatın yoxluğu, Nihatla bağlı xatirələri: “Çay dolu fincanı götürüb qonaq otağına keçdi. Fincanı divanın qarşısındakı yazı masasının üstünə qoydu. Otağın hər tərəfi Nihatla bağlı xatirələrə bürünmüşdü. Otaqdakı divarda, servantda, kitab şkafında, televizorun üstündə Nihatla olan xoşbəxt anları əks edən şəkillərə baxmaqdan doymurdu”. (səh 158)

Tənhalıq görünməz ağır əlləri ilə sıxır-sıxırdı Nərmini. Dərd yükləyirdi ürəyinə. Yaxıb-yandırırdı Nərmini. Həyat və məişətdən qoparmağa çalışırdı onu. Lakin Nərmin bir an da olsun belə yaddan çıxarmırdı Nihatını-ömrünün-həyatının bu ilk sevgi varidatını. Çünki Nihat  sağikən, varikən hər nə, hər şey etmişdi Nərmin üçün.Nərminə həyat dolu, istək dolu xatirələr qoyub getmişdi Nihat. Gülnar bir gün Nərminə gələcəkdə ailə quracağını təklif etsə də, Nərmin bunu qəti rədd etmiş, halı pisləşmiş, haldan-hala düşmüş və sözarası Gülzara xatırlatmışdı ki, Nihatla keçirdiyi üç il bir qadın olaraq qalan bütün həyatına bəs edir (səh 158). Yazıçı təqdimatından da hiss olunur ki, Nihat bir qadın və bir xanım olaraq Nərminə çox şey vermişdi. Bircə övladdan başqa (səh158).

Ərsizlik və övladsızlıq əzir, yeyir ac qurd kimi Nərmini. Nərmin yaxşı bilir ki, ər-arvad birliyi gətirir evə-ocağa diriliyi. Qaldırır evdən hər əyər-əskikliyi, hər cür geriliyi. Evə buraxmır çirkinlik və əyriliyi. Dözür ərsizliyə, dözür Nərmin. Yüzcə günün ərsizliyi yaşatmadı Nərminə hünərsizlik. Qeyrətsiz etmədi bu yüzcə gün bir an belə Nərmini.Ərsiz yaşaya-yaşaya belə ərli oldu Nərmin, hünər-təpərli oldu Nərmin. Dözürdü ərsizliyə. Fəqət dözmürdü övladsızlığa. Dözmürdü ailə həyatından bir nişanə-ya qız, ya da oğlan uşağının yoxluğuna. Bu, odsuz-ocaqsız yandırır, kül edirdi Nərmini. Və bir gün Nərmin xəyalən Nihata müraciət edərək ah dolu, fəryad dolu bir səslə övladsızlıq dərdini belə bəyan edir: “...bir bunu bil ki, sənsiz yaşamaq mənə çox ağırdır, çox. İşləməsəydim bu dərdə dözə bilməzdim, inan mənə. Məni ən çox ağrıdan bilirsən nədir? Bizim ailə həyatımızdan heç bir nişanə qalmadı!!(səh160)

Sirdaş, qardaş idi Nihatın yoxluğu ilə Nərmin. Ağrı və ehtiyaclarını, hər kiçik-böyük problemini  yalnız Nihatla bölüşür, ondan yardım-məsləhətlər alır. Səhhətinin gün-gün pisləşdiyini, həkim müayinəsinə getdiyini, dəva-dərman qəbul etdiyini - hamısını, bir-bir Nihata söyləyir: “Dedilər (həkimlər nəzərdə tutulur-M.X) problem, əsəb stresdir. Hələ bəzi müayinələrin cavabı sonraya qaldı. Məncə, dəqiq diaqnozum onda bilinəcək. Zəng edib çağıracaqlar. Dəva-dərman da yazdılar. Dünəndən qəbul edirəm, hələ ki,təsirini görmürəm”. (səh160)

Tənha qadınların halına acıyır Nərmin. Həm onların sosial durumları, həm də kişilərin onlara riyakar münasibətləri kəsir Nərminin səbrini, artırır gün-gün əzab-cəbrini. Xüsusən, kişilərin dul qadınlara qeyri-səmimi münasibətləri, onlara yataq partnyoru kimi yanaşması hiddətləndirir, hövsələdən çıxarır Nərmini və o anlayır ki, dul qadınların iyrənc bir həyata yuvarlanması kişi tayfasının ən bağışlanılmaz səhvi və günahıdır: “Niyə kişilər xanımları duymur,onların hislərini dəyərləndirib ruhlarını oxşaya bilmirlər. O, zərif məxluqun qəlbini ağrıtmaq, onun hislərini tapdalamaq böyük günah olduğunu kişilər nə vaxt anlayar, görəsən? Niyə cəmiyyətimiz bu günə qalıb, niyə? (səh162).

Tənha qadınlar, o cümlədən Nərmin də bilir ki, böyük yaradan onların da ümidlərini göyərdəcək, onların da qarşılarına elə bir namuslu kişi çıxaracaq ki, dərdini biləcək, kədərinə qəmxarlıq edəcək və o kəs bu və ya digər bir qadının ürəyinin lap dərinliklərində bir ümid işığı kimi parlayar və dul bir qadını özünə, öz ağuşuna haraylayar və dodaqlarında qeyri-ixtiyari olaraq bu və buna bənzər poetik misralar səslənəcək:

                                                       Qadın, qadın!Sən tənha.Mən tənha.

                                                       Gəl sığınaq Allaha, gedək üzü sabaha.

Nihatda tapmışdı özünü Nərmin. Nihatda tapmışdı xoşbəxtlik və səadətini Nərmin də.  Nihat olmayan yerdə yoxdur Nərmin də, yoxdur xoşbəxtlik də. Nihatsız dünya boşalmışdı Nərmin üçün. Yetim, kimsəsiz idi Nərmin. Arxasız-köməksiz idi Nərmin. Can atırdı Nərmin Nihata doğru. Tələsirdi Nihata qovuşmağa: “Hər gün əzablar içində ölürəm, yanıb kül oluram. Birdəfəlik ölməyim yaxşı olmazmı? Bu cür yaşamağım kiməsə lazımdırmı? Yox, yox heç kimə lazım deyil. Sən (Nihat nəzərdə tutulur-M.X) vəfasız çıxdın, mən isə səni tək qoymaram, yox qoymaram. Gəlirəm yanına, Nihat, məni qarşıla”.(səh163) Və Nərmin tənhalığın dəhşətlərindən qurtulmaq üçün ölüm qoxusu gələn havanı içinə çəkir. Ayaqlarını bir-bir ölüm pillələrinə qoyur. Özünü pəncərədən atmaq istəyir, elə bu an mobil telefonuna ard-arda bir neçə mesaj gəlir.Tez pilləkəndən düşür. Tumbanın üstündəki telefonu əlinə alır. Mesaj blokunu açır. Ekranda yazılanları həyacanla oxuyur: “Nərmin xanım! Müayinə zamanı sizin üçaylıq oğlan uşağına hamilə olduğunuz təsdiq olundu. Təbrik edirik. Müayinənin nəticəsi ilə bağlı sənədi gəlib götürə bilərsiniz”.(səh.164)

Bu xoşxəbər mesaj sevindirir Nərmini yer-göy qədər. Sevinir Nərmin ona görə ki, artıq onun üzünə gülür qədər. Sabahda, birigündə ana statusu qazanacaq, təkliyin-tənhalığın binəsinə od vuracaq. Əridəcək həsrətlərin-hicranların buz bağlamış divarlarını. Pərdə-pərdə axıdacaq uşaq qığıltısına həsrət ev-eşiyə ana laylalarını. Minnətdarlıq edəcək öz şirindən-şirin Nihatına-ilk eşqinin, sevdasının toy-büsatına. Atacaq biryolluq təklik və tənhalığı. Tapacaq könül rahatlığı, könül abadlığı. Yurduna-vətəninə layiq bir övlad kimi böyüdəcək Nihatının yadigarını.

Qafar Cəfərlinin “Tənha qadın”ı nikbin sonluqla bitir və bu sonluq itirir-batırır Nərminin ruhuna hopmuş bədbinliyi, özünə laqeydlik və biganəliyi. Qalib gəlir bu hekayədə, eyni zamanda, Nərminin uşaq-övlad nisgili, Nərminin divanəliyi, uşaq məcnunluğu, ana cünunluğu.  Və Nərmin həyatının analıq dövrünə qədəm qoyur analıq sevgisi, analıq məhəbbətilə. Yol gedir Nərmin sabahlara son qoyaraq amanlara-ahlara. Yol gedir Nərmin-tənhalığa əyilməz qadın yeni-yeni ümid və istəklərə.

P.S.  Məqalədə istifadə olunan nümunələr Qafar Cəfərlinin “Qıl körpüsündə rəqs” (Bakı- “Ecoprint-2024) kitabından alınmışdır.

P.P.S. Yaradıcılığına bələd olduğum və bəyəndiyim yazıçı, dramaturq Qafar Cəfərli yazdığı bədii, publisistik və dramatik əsərləri ilə  oxuculara yaxşı tanışdır. Onun hekayələr, povestlər, romanlar, novellalar və publisistik yazılardan ibarət  bir neçə kitabı işıq üzü görüb,  pyesləri Lənkəran və Füzuli  Dövlət Dram Teatrlarında tamaşaya qoyulub. Əsərlərinə  filmlər çəkilib. Qafar Cəfərli  özü də  filmlərdə və serialda (“İzi itməyən cinayətlər” layihəsi üzrə çəkilən filmlərdə, “Günəşim ol” serialında) aktyor kimi çəkilib. Bütün bunlar onun hərtərəfli istedadından xəbər verir.

Bu yazımda mən Qafar Cəfərlinin “Tənha qadın” hekayəsi ilə bağlı çoxdan beynimdə dolaşan fikir və düşüncələrimi sizlərlə bölüşdüm. Məqsədim həm də bu yazımla dostum Qafar Cəfərlini  yeni - 68 yaşının (7 mart 1957-ci ildə anadan olub) tamam olması münasibəti ilə təbrik etmək, ona  şəxsi həyatda və yaradıcılıqda uğurlar diləmək idi.


                                              

 Musa Xanbabazadə,  Filoloq-ədəbiyyatşünas :-                                                                                                        

Lənkəran.10.02.2025.