adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Dekabr 2021 13:32
1333
ƏDƏBİYYAT

TƏNHALIĞIN FƏLSƏFİ İZAHI - Tural Cəfərli yazır

Əvvələ qayıtsaq, lap əvvələ- sözlə qarşılaşmış olarıq. Sözdən sonra nə varsa, indidi, bugündü, ancaq sabah deyil. Söz dünən, bu gün və sabahdı. Sözə bağlanan ömür isə dünəni, bugünü, sabahı göstərir. Göstərir, ona görə ki, söz həm də şəkildi, kadrdı, səhnədi...

Sözlə ömür sürən, sözə ömrünü verən, sözdən dünyasını quran Əbülfət Mədətoğlunun yaradıcılığı ilə tanış olanda gərək hisslərini, duyğularını və qəlbini bu görüşə hazır edəsən. Çünki həssas bir aləmə səyahət etmiş olursan. O qədər həssas bir aləmə ki, anidən ürəyin sanca, gözlərin dola, əllərin əsə bilər. Yox, qorxmaq lazım deyil, əksinə buna cəhd eləmək lazımdır. Bu mənada mən də həyatın reallıqlarını - küçədə, yeraltı keçiddə, metroda, hər yerdə qarşılaşdığımız əhvalatları sözə salan, sözə çevirən bir şairin şeirləri haqqında düşündüklərimi və duyduqlarımı yazmağa çalışacam.

Bu istək bir ani çağırışdan, ya belə demək mümkünsə "vəhy”dən başladı... İnanmayacaqsınız, amma mən bu yazını yazmağa hazır deyildim. Bu yazı özü məni hazır elədi. Yazmağa yox, düşünməyə, bir daha müşahidə etməyə və... Və yazdım... Necə yazdım bilmirəm, necə duydum bilmirəm, bildiyim odur ki, mən bir dejavu yaşadım, zamanla səyahət etdim, səhraları gəzdim, ağrıları daşıdım, unuduldum və xatırladım...

Əbülfət Mədətoğlunun şeirləri fəlsəfi, irfanidir. Onun şeirləri yun əba geyinib çölləri dolaşan dərvişi xatırladır... Onun şeirləri küləyin səsində gizlənir, gecənin qaranlığında aydınlanır, Günəşin istisində sərinlənir...

Əbülfət Mədətoğlunun şeirlərinin mərkəzində insan dayanır, o insan ki, bütün təlatümləri ilə alidir, bütün günahları ilə bağışlanılandır, bütün ağrıları ilə yaşayandır... Bu təlatümləri, bu günahları, bu ağrıları şair dərin müşahidə və intuitiv daxili dünyası ilə təsvir edir. Əbülfət Mədətoğlu sözlə şəkil çəkir, sözlə kadr qurur, sözlə səhnə düzəldir. O təkcə bir şair kimi yox, həm də bir bəstəkar kimi düşünür, sözləri müəyyən notlara alır, sözü cilalayır, sözü itiləyir, onu korşalmağa qoymur...

Şairin yeni çap olunmuş "Dörd divar...Allah, O və Mən” kitabında yer alan şeirlərinə diqqət yetirsək, bütün insan əzablarını, bu əzablardan doğan kədəri, qəmi, həm də ümidi görə bilərik. Bu kədər, bu qəm, bu ümid fərqlidi, təkrarlanmır, yamsılanmır, başqalarına oxşamır. Əbülfət

Mədətoğlunun şeirindəki kədər həm də sufidir, qəm bir az da düşündürücüdür, ümid isə... Ümid ən sonda ölür, ancaq Əbülfət Mədətoğlunun şeirlərində ümid heç vaxt ölmür...

 

Gözümdə dan sökülsün,

Sökülsün, qan tökülsün...

"Can!”-denən, can bükülsün,

Ümidtək ürəyimə!

 

Şair ümiddən bir dünya yaradıb. Bu dünyanın sonu yoxdur, bu dünya ucsuz-bucaqsızdır, bu dünya bütün fizika qanunlarına ziddir. Bu dünyada nə ətalət qanunu var, nə təkamül qanunu... Bu dünyada iki anlayış var: Varlıq və yoxluq... Varlıq şairin ruhunda, yoxluq isə cismani arzularındadır... Şair bilir ki, hər şey nisbidir, şair nağılların başlanğıcındakı "biri vardı, bir yox” cümləsini tez-tez xatırlayır... Bir vardı, o ümid idi, bir yox idi, o da vüsal...

Gizlin şəklin çəkən gözüm,

Az bax, düşər ləkən, gözüm!

Elə bilmə təkəm, gözüm-

Mənə bu məhəbbət qaldı...

 

Əgər düşüncədə şübhə varsa, bu araşdırma istəyidir, yox qətiyyətli inam varsa, bu sevgidir. Sevginin də acıları göz yaşlarından çıxır. Göz yaşı sanki o acılara məlhəm kimidir, göz yaşı saflıq, duruluq, təmizlik məqamıdır. Şair şeirlərində bu məqama çatır. O bu məqamın müqəddəsliyini anlayır, aşiqləri bu məqamda görüb düşünür... Düşündükcə saflaşır, durulaşır, paklaşır...

Tənhalıq insanın qaranlığıdır. Qaranlıq isə mövcudatın əsl üzü. Deməli insanın əsli, həqiqi kimliyi tənhalığındadır. Şair də tənhalığın sirrinə və sehrinə qapılır. O bu sirri çözməyə çalışır, o bu sehrdə özünü tapmağa çalışır. Sirr çözülmür, özünü isə tapa bilir. Bəlkə də elə tənhalığın sirri budur: "Özünü tapmaq”...

 

...Bir daş atıb səksəndirdim zamanı

Necə gəldi əritmişdim mən onu...

Sovuraraq indi dənsiz samanı-

Nağıl kimi yaşayıram bu sonu...

 

Zaman geri qayıtmadan keçir. Bunu şair səmadan, buludlardan, fəsillərdən yox, kədərinin ölçüsündən anlayır. Kədəri azalmır, kədəri böyüyüyür, deməli insan kimi zamanla kədər də boy atır...

Əbülfət Mədətoğlunun şeirlərində əsas xətt tənhalıqdırsa, paralel xətt isə insandır. Yəni tənhalıqla insan yanbayandır, qoşadır, ayrılmazdır. Şair insanı tənhalığın ən pik nöqtəsi hesab edir, hətta Tanrının tənhalığını da insan tənhalığı ilə müqayisə edir, Tanrının yanına gedən insan Tanrı ilə qovuşandan sonra bu yalnızlıq bitmiş olur...

Çəkdiyin xətti keçmirsən,

Yır-yığış edib köçmürsən...

Ölçməyə qamış seçmirsən-

Ağrının qəlbinə, Tanrım!..

 

Əbülfət Mədətoğlunun şeirləri obrazlılıq, ifadəlilik və müqayisəlilik baxımından çox zəngindir. Bu obrazlılıq, ifadəlilik, müqayisəlilik quru, monoton və təkrar deyil, bütün bunlar fərqli, yeni və ovqat halına uyğundur. Şairin şeirləri həm gəncləri, həm də nisbətən müdrik çağında olan adamları bir araya gətirir. Əbülfət Mədətoğlunun şeirləri gənclərin səsinə yaxındır, müdriklərin dilinə yatımlıdır... Şairin kitabda yer alan "Dəvə çöküşü” şeiri öz unikallığı və rahatlığı ilə seçilir. Aşağıdakı bəndə nəzər salaq:

Sızlayır az qala saçımın dəni,

Elə bil bükülüb ağrı balınca...

Hər yerə ayağım çəkirdi məni-

İndi sürüyürəm onu dalımca...

 

Saçdakı dən zamana işarədir, sızlamaq zamanın tez ötməsindən doğan təəssüf hissini bildirir, ağrı yaşananların təzahürüdür, "Hər yerə ayağım çəkirdi məni-" ümidlə yaşayan birinin izahıdır, "İndi sürüyürəm onu dalımca...” daha yaşamaq da ümid vermir... Şair bir bənddə həyatını əvvəldən və sona qədər təsvir etməyə çalışır. Növbəti bəndə baxaq:

 

Gözləyən, arayan yoxdu-bu bəlli

Xəyal da nalını itirib yolda...

Bircə şəkillərdi...sözsüz təsəlli-

O da asılıbdı bu kirpik kolda...

 

Gözləmək-ümidin işartısı olsa da, daha əvvəlki kimi deyil. Gözləmək, həm də getmək deməkdir. İnsan özündən gedəndə, gözləmək məqamına yetişir. Gözlədikləri isə... Gözlədikləri isə, gəlmir ki gəlmir... Bəlkə də gözləməyin elə ən ağrılı hissəsi budur. Gəlməyəni gözləmək... Xəyal isə artıq gerçəkliyin fövqündə azıb qalan insanın boşluğudur. Bu boşluğu doldurmaq üçün xəyallar qurmaq lazımdır. Bu həm də boşluqdan qaçışdır... Şəkillər... Təsəlli yeri... Bir təskinlik, bir sakitlik, bir rahatlıq yeridir şəkillər... Şair incə bir təşbehlə şeirin bədii ovqatını müəyyən edir...

Əbülfət Mədətoğlunun şeirlərində fəlsəfi yozumlar xüsusi yer tutur. Onlar da oxucunu düşünməyə, müşahidə etməyə, öyrənməyə səsləyir. Şair oxucunu göndərmələrlə, fəlsəfi abstraktlarla və asketik yanaşma tərzi ilə özünə çəkir. Bu şairin şeirlərində tez-tez rast gəlinən nəsnələrdi. Məsələn, "Dəvə çöküşü” şeirin son bəndinə nəzər salaq:

Bu çöküş dəvənin diz qatlaması,

Filin məzarlığa üz tutmasıdı...

Bir aşiq ürəyin bu çatlaması-

Bir qızın sevgini unutmasıdı...

Əbülfət Mədətoğlunun yaradıcılığında "insan” fenomenini hər zaman öndə tutur. O, insanı hər halı ilə görməyə çalışır, o insanı bir fərd kimi yox, bir şəxsiyyət kimi analiz edir, o insanı sözə, sözü də insana çevirir... Çünki insanı sözsüz, sözü də insansız təsəvvür edə bilmir. İnsanın mayasındakı sözü diri saxlamağa çalışır, söz ölərsə insan da ölər, bu məsələni unutmaq istəmir... "Unutmaq” şairin ən sonucu görməli olduğu iş kimidir, "unutmaq” şairə yaddır, şair "unutmaq”dan qorxur, çünki o Allahın hüzurunu daima xatırlayan və düşünəndir... Unutmaq isə xatırlamağa və düşünməyə zidd bir anlayışdır...

 

Özüməm, dörd divar, bir də ki, ahım-

Məni ovutmağa cəhd edən kimdi ?..

Gedib Allaha da çatıb günahım-

Günahla ölməmi əhd edən kimdi ?!.

 

Günah... Şair günahla yaşamadığı kimi, günahla da ölmək istəmir. Şair düşünür ki, sevgidən etmiş olduğu günahlarla bağışlanmaq olar, ancaq bu günahlarla ölmək olmaz. Ölüm şairin dua yeridir. Bütün duaları ölümə, sonsuzluğa sarı gedir. Ölüm həm əbədiyyətin başqa adıdır. Tənhalığında özünü tapan şair, dörd divarı kainata, bütün mövcudata oxşadır. Ahı isə bu mövcudatı, kainatı gəzib dolaşır, onu yerlərdən qaldırır, göylərə aparır, günahlardan arındırıb, müqəddəsliyə qovuşdurur... Bu müqəddəsliyi şair dərk etdikcə daha çox düşünür, düşündükcə günahlarını daha yaxşı dərk edir...

Dörd divar... bir də ki, özümdəki sən

Ruhumuz sarmaşıq, cismimiz girov...

Sən elə əzəldən özümdəkisən-

Sevmək günahım da əriyən qırov...

 

 

Əbülfət Mədətoğlunun şeirləri bir çox sualların cavabıdır. Onun şeirlərində sual yaranmır, onun şeirləri özü sualdır, axtarışdır, tapınmaq istəyidir, onun şeirlərində cavabı olmayan sual yoxdur, oxucunun öz ixtiyarındadır bütün cavablar. Bu da şairin spesifik xüsusiyyətlərindən biridir. Cavabı oxucuya buraxmaq, ancaq əsla oxucunu çaşdırmamaq...

Oxucuları cavabsız qoymayan şairdi Əbülfət Mədətoğlu!..