Türkiyə İslama rəhbərlik etmək haqqı qazanıb - Elxan Şükürlü yazır
Fələstin, Suriya və Livan ərazilərini işğal edən İsraillə bizə qardaş Türkiyə arasında münasibətlər getdikcə gərginləşir. Bu gərginlik hər an irimiqyaslı müharibəyə də çevrilə bilər.
Hazırda həm Suriyada Türkiyəyə yaxın qüvvələr hakimiyyətdədir, həm də Fələstin mövzusu Türkiyənin islamçı AKP hökuməti üçün prinsip məsələsidir.
Qısa desək, İsrail işğalına qarşı Türkiyənin Suriya üzərindən birbaşa hərbi əməliyyatlara başlaması üçün istənilən anda əsas yaradıla və beləliklə, regionda İrandan sonra daha bir aparıcı müsəlman dövləti açıq şəkildə anti-İsrail cəbhəsində yer ala bilər.
Bu, həm də İslam həmrəyliyinin yeni bünövrəsi kimi qurulan "Məkkə İttifaqı"nın nə dərəcədə işlək və çevik birlik olacağının real döyüş şəraitində ilk ciddi sınağı olar.
Ümumiyyətlə, Türkiyə İsrailə qarşı uğurlu hərbi əməliyyatlara başlayarsa, bu, Qüdsün azadlığı uğurunda bütün dünya boyu yeni bir islamçı hərəkata təkan verməklə rəsmi Ankaranın İslam dünyasında mövqeyini də xeyli gücləndirə, hətta onu yer aldığı NATO-dan qopararaq, gələcəkdə İslam dünyasının "özək dövlət"inə çevirə bilər.
Müsəlman dövlətlər içərisində yalnız Türkiyənin belə bir imkanının olduğunu əsaslı şəkildə Harvard Universitetindəki Araşdırmalar Mərkəzinin rəhbəri, professor Samuel Hantinqton hələ 30 il əvvəl - 1996-cı ildə çap olunan "Sivilizasiyalar arasında toqquşma və dünya nizamının yenidən təşkili" kitabında yazıb.
Mövzunun aktuallığını nəzərə alaraq, kitabdan həmin hissəni olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
"... Özək dövlətin mövcud olmaması İslam üçün xarakterik hesab edilən davamlı daxili və xarici münaqişələrin başlıca səbəbidir. Birliksiz özünüdərk İslamın zəifliyinin, eləcə də, digər sivilizasiyalar üçün təhlükə mənbəyidir.
Bu cür vəziyyətin uzun müddət davam etməsi ehtimalı nə qədərdir?
İslamın özək dövləti iqtisadi resurslara, hərbi qüdrətə, təşkilati bacarıqlara, ümmətə, həm siyasi, həm də dini rəhbərliyi həyata keçirmək üçün İslam kimliyinə və öhdəliklərə sahib olmalıdır.
6 dövlət müxtəlif zamanlarda İslamın mümkün liderləri kimi qeyd olunurlar, lakin hal-hazırda onların heç biri effektiv özək dövlət olmaq üçün ilkin şərtlərə cavab vermir.
İndoneziya - ən böyük müsəlman dövlətidir və iqtisadi cəhətdən sürətlə inkişaf etməkdədir. Lakin o, İslamın periferiyasında yerləşir və ərəb mərkəzindən çox uzaqdır. Bu ölkədəki İslam Cənub-Şərqi Asiyadakı mülayim İslam növünə aiddir; ölkənin əhalisi və mədəniyyəti yerli, müsəlman, hind, Çin və xristian təsirlərinin qarışığıdır.
Misir - çoxsaylı əhalisi, Orta Şərqdə mərkəzi və strateji coğrafi əhəmiyyətə malik, eləcə də, İslam təhsilinin aparıcı təsisatı olan əl-Əzhər Universitetinin yerləşdiyi ərəb ölkəsidir. Lakin o həm də kasıb bir ölkədir, iqtisadi cəhətdən ABŞ-dan, Qərbin idarə etdiyi beynəlxalq təşkilatlardan və neftlə zəngin ərəb dövlətlərindən asılıdır.
İran, Pakistan və Səudiyyə Ərəbistanı özlərini dəqiq şəkildə müsəlman dövləti kimi müəyyənləşdiriblər. Onlar ümmətdə liderliyi həyata keçirmək və nüfuzlarını tətbiq etmək üçün fəal və ardıcıl cəhdlər göstərirlər. Bunu edən zaman onlar təşkilatlara sponsorluq etməkdə, İslam qrupları yaratmaqda, Əfqanıstandakı döyüşçüləri dəstəkləməkdə və Orta Asiyadakı müsəlman xalqlara diqqət göstərməkdə bir-biri ilə yarışa girirlər.
İran - onu İslamın özək dövləti kimi müəyyənləşdirməyə icazə verəcək geniş əraziyə, coğrafi mövqeyə, əhaliyə, tarixi ənənələrə, neft resurslarına və orta səviyyəli iqtisadi inkişafa malikdir. Lakin müsəlmanların 90 faizi sünni, İran isə şiə dövlətidir. Fars dili ərəb dilindən sonra ikinci İslam dilidir. Həmçinin, farslarla ərəblər arasında tarixən düşmənçilik münasibətləri olub.
Pakistan - böyük ərazisi, əhalisi və hərbi gücü var. Pakistan liderləri bu ölkənin İslam dövlətləri arasında əməkdaşlığı gücləndirən roluna və bütün dünya qarşısında İslamın sözçüsü statusuna davamlı şəkildə iddia ediblər. Amma Pakistan nisbətən kasıbdır, ciddi daxili etnik və regional parçalanmadan, siyasi qeyri-sabitlikdən, habelə Hindistanla təhlükəsizlik məsələsinin həllindəki problemlərdən əziyyət çəkir. Bu, Pakistanın başqa İslam dövlətləri ilə, habelə Çin və ABŞ kimi qeyri-müsəlman ölkələri ilə sıx əlaqələr yaratmağa olan marağını müəyyən mənada izah edir.
Səudiyyə Ərəbistanı - İslamın tarixi beşiyidir. İslamın ən müqəddəs məkanları burada yerləşir, onun dili İslam dilidir, ölkə dünyanın ən böyük neft resurslarına və bundan qaynaqlanan maliyyə imkanlarına malikdir. Hökumət Səudiyyə əhalisinin həyatını tam islami qaydalara uyğun formalaşdırır. 1970–1980-ci illərdə Səudiyyə Ərəbistanı İslamın yeganə nüfuzlu qüvvəsi idi. O, məscidlərdən və kitablardan başlayaraq, siyasi partiyalar, İslam təşkilatları, terrorçu hərəkatlar da daxil olmaqla bütün dünyada islami təşəbbüsləri dəstəkləyirdi və bu işlərdən çox da baş çıxara bilmirdi. Lakin digər tərəfdən, Səudiyyənin nisbətən azsaylı əhalisi və coğrafi həssaslığı təhlükəsizlik baxımından onu Qərbdən asılı vəziyyətə salır.
Nəhayət, Türkiyə - tarixə, əhaliyə, orta səviyyəli iqtisadi inkişafa, milli vəhdətə, hərbi ənənəyə və İslamın özək dövləti olmaq üçün səriştəyə sahibdir. Lakin Atatürk Türkiyəni tam olaraq dünyəvi dövlət kimi müəyyən etməklə Türkiyə Respublikasını bu xüsusda Osmanlı imperiyasının varisi olmaq şansından məhrum etdi. Türkiyə öz konstitusiyasındakı dünyəviliklə bağlı öhdəliyə görə, hətta İKT-nin nizamnaməsinə belə qoşula bilməz. Türkiyə özünü dünyəvi dövlət kimi təqdim etdiyi müddət ərzində İslam dünyasında liderlik ona qadağandır.
Bəs əgər Türkiyə öz mənsubiyyətini və mövqeyini yenidən müəyyənləşdirsə, onda necə?
Türkiyə Avropa İttifaqına üzvlüklə bağlı Qərbə yalvarmaqdan, bu yorucu və alçaldıcı rolundan imtina edə, əsas İslam təmsilçisi və Qərbin düşməni kimi daha təsirli və yüksək tarixi rolunu yenidən geri qaytara bilər.
Fundamentalizm Türkiyədə inkişaf mərhələsindədir. T. Özalın rəhbərliyi altında Türkiyə özünü ərəb dövlətləri ilə yaxınlaşdırmaq və eyniləşdirmək istiqamətində böyük səylər göstərmişdi. O, Mərkəzi Asiyada müəyyən sadə rol oynamaq üçün etnik və dil yaxınlığı bağlarından istifadə etdi. Ölkə Bosniya müsəlmanlarını təşviq edir və onları dəstəkləyirdi.
Müsəlman dövlətləri içində Türkiyə Balkanlardakı, Orta Şərqdəki, Afrika və Mərkəzi Asiyadakı müsəlmanlarla tarixi əlaqələrə malik olması baxımından İslam dünyasında unikal yer tutur. Bəlkə də, “yeni Cənubi Afrika Respublikası” ola bilər: Cənubi Afrika aparteiddən imtina etdiyi tək, Türkiyə də yad ideya kimi dünyəvilikdən imtina edə bilər. Beləliklə, o, öz sivilizasiyasının “tənha dövlət”i olmaqdan çıxaraq, bu sivilizasiyanın aparıcı dövlətinə çevrilə bilər. Xristianlıq və aparteid məsələlərində Qərbin yaxşısının və pisinin şahidi olan Cənubi Afrika Respublikasının Afrika qitəsinə liderlik etməyə xüsusilə hüququ var. Qərbin pisinin və yaxşısının, yəni dünyəviliyin və demokratiyanın şahidi olan Türkiyə də İslama rəhbərlik etmək haqqı qazanıb. Lakin bunu etmək üçün Türkiyə Rusiyanın Lenin mirasından imtina etməsindən də əsaslı şəkildə Atatürk mirasından imtina etməlidir. Ola bilsin ki, Türkiyəni parçalanmış dövlətdən özək dövlətə çevirmək üçün dini və siyasi legitimliyi bir araya gətirən, Atatürk səviyyəsində bir rəhbərə ehtiyac olacaq".
Bir daha xatırladırlq ki, bu, hələ 30 il əvvəl dünyada gedəcək geopolitik qarşıdurmaların nə ilə nəticələnəcəyini ən yaxşı proqnozlaşdıran məşhur amerikalı strateq Samuel Hantiqtonun fikirləridir.
30 il öncə yazılanları indi bir də Yaxın Şərqdə gedən proseslərlə tutuşdurun
Digər Xəbərlər
20 Avqust 2026 11:16
“Ermənistan Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sistemindən çıxmağa çalışır...”
20 Avqust 2026 10:51
“Kremlin yeni layihəyə müraciət etməsinin bir neçə səbəbi var” – Politoloq
20 Avqust 2026 10:35
“Suren yəqin ki, erməni qadınları döyüş növbətçiliyinə cəlb etməklə...”
20 Avqust 2026 10:19
“Artıq güc yalnız güclü dövlət və zəif dövlət münasibəti ilə izah olunmur”
20 Avqust 2026 08:24
“Laçın Zəfərin yaratdığı müasir şəhərə çevrilib”
19 Avqust 2026 16:29
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi
19 Avqust 2026 16:16
“ABŞ zərbələrinin bərpa olunması ehtimalını yüksək dəyərləndirə bilərik...”
19 Avqust 2026 10:56


Bakı -°C

