19 May 2025 19:16
290
DÜNYA

Ukrayna Rusiya ilə təmaslar üçün daimi genişləndirilmiş danışıqlar qrupu yaradacaq

Ukrayna böhranın həlli üzrə Rusiya ilə danışıqlar aparmaq üçün daimi nümayəndə heyəti formalaşdıracaq.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mayın 16-da İstanbulda Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rustem Umerovla görüşündən sonra özünün teleqram kanalında bildirib.

“Daimi genişlənmiş milli danışıqlar qrupunun yaradılmasına dair göstəriş vermişəm”, - Zelenski yazıb.

Məlumatda həmçinin o da qeyd olunub ki, Kiyev əsas məsələlərin həlli üçün liderlər səviyyəsində görüşə hazırdır. “Ukrayna Rusiya ilə birbaşa danışıqlardan qorxmur”, - Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, mayın 16-da İstanbulda Moskva və Kiyev nümayəndə heyətlərinin son üç ildə ilk ikitərəfli görüşü baş tutub. Danışıqlardan sonra tərəflər “1000-ə 1000” prinsipinə əsasən əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, Rusiya və Ukrayna atəşkəslə bağlı fikirlərini ətraflı təqdim edəcəklərini və danışıqlar prosesini davam etdirəcəklərini vəd ediblər.