adalet.az header logo
  • Bakı -°C
13 Yanvar 2026 10:33
79
SAĞLAMLIQ
A- A+

Uşağınız niyə sizə deyil, naməlum blogerlərə inanır? - Mütəxəssis əsas səbəbi izah edir

“Yeniyetməlik dövrünün əsas cəhətlərindən biri də müstəqilliyə can atmalardır”.

Adalet.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində klinik uşaq psixoloqu Elnarə Baxışlı deyib.

Onun sözlərinə görə, bu müstəqillik anlayışı onlar üçün subyektivdir:

“Müstəqil olmaq valideynlərin nəzarət və qadağalarından azad olmaqdır, böyüklərin həyat tərzinə can atmaqdır: pul qazanmaq, istədiklərini ala bilmək, maşın sürmək, evə gec gəlmək və s. Məhrum olduğunu düşündüyü həyat tərzini yaşamaq istəyidir: içki içmək, siqaret çəkmək, dostları ilə bütün gecə şəhərdə gəzmək və s. Problemli ailələrdə müstəqilliyə can atmanın ən əsas səbəbləri pul qazanmaqla ailədən uzaqlaşa bilmək istəyidir. Həmçinin sevdiyi şəxslə sərbəst görüşmək istəyi ola bilər. Universitetə daxil olmaq həvəsi çox zaman bu istəklərin gizli forması olur”. 

Klinik uşaq psixoloqu qeyd edib ki, valideynlər bu yaş dövründə azadlığın bir məsuliyyət olduğunu təlqin etməlidirlər:

“Məsuliyyət, cavabdehlik, intizam uşaqlarda tədricən şəxsi nümunə əsasında və həyat təcrübəsi ilə formalaşmalıdır. Bunu ilk 8-9 yaşlarında özünəqulluq bacarıqları əsasında alışdırmaq lazımdır. Uşağın gücü yetdiyi kiçik, zamam alacaq ev işlərinə cəlb edilməsi vacibdir. Uşaq böyüdükcə bu zaman müddəti və işin gücü artırıla bilər. Həmçinin, özü ilə bağlı öhdəlikləri: çantasını toplamaq, ev tapşırıqlarını yerinə yetirmək, kiçik bacı qardaşına kömək etmək və s. Müstəqilliyin özü ilə bağlı qərarların verilməsi vacibdir: hansı ixtisası bəyənməlidir, geyim tərzini seçməlidir, otağının mebelin seçə bilməlidir. Dostların seçimində, səhv edən insanları tənqid edərkən, müəllimləri tərəfindən özü tənqid edilərkən azad və cəsarətli olmağa çalışan yeniyetmə çətinliklər yaşaya bilər”. 

E.Baxışlı bildirib ki, valideyn bilməlidir ki, səhv edən övladı acıq vermək, istehza etmək, əzmək və eqolarını üstələmək üçün vasitə deyil:

“Səhv edən övlad valideynin yeni və fərqli variantıdır. Onu qaldırmaq və ona dəstək olmaq lazımdır, ona həyatı tam öyrətmək mümkün deyil. Onu bütün həyat çətinliklərindən azad etmək də mümkün deyil. Amma uşağa hər yıxıldığında təkrar qalxa bilmək bacarığını öyrətmək olar. Səhvini qəbul etməyi, üzr istəməyi, gərəkirsə bağışlamağı öyrənməlidir. Öz nümunəniz ilə özəlliklə”.