14 Avqust 2023 11:46
1935
MÜSAHİBƏ

Vaxtından əvvəl doğum: Nə baş verir, nə etməliyik? - MÜSAHİBƏ + FOTO

“Hamiləlik zamanı baş verə biləcək ağırlaşmaların qarşısını almağın yeganə yolu antenatal (hamiləlik dövrü) dövrdə həkim nəzarətində olmaqdır”.

Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Zinyət Muradova nazirliyin rəsmi saytına müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- Zinyət xanım, hamiləlikdə rast gəlinən ağırlaşmalar hansılardır?

- İlk öncə qeyd etmək istəyirəm ki, hamiləlik qadınlar üçün təbii fizioloji bir haldır. Lakin hamiləliyin gedişatında ana və dölün sağlamlığına təhlükə yarada biləcək bəzi ağırlaşmalar baş verə bilər. Bunlara əsasən hamiləlik zamanı qanaxmalar, hamiləlikdə hipertenziv vəziyyətlər, erkən doğuluş, ekstragenital patologiyalar - ürək-damar sistemi xəstəlikləri, böyrək, qaraciyər, endokrin sistemi xəstəlikləri aid edilir.

- Hamiləlik zamanı hipertenziv vəziyyətləri qeyd etdiniz. Bu vəziyyətlər dölə necə təsir edir?

- Hamiləlik zamanı meydana çıxan ağırlaşma hallarının biri də hamiləliyin hipertenziv vəziyyətləridir. Hipertenziv vəziyyətlər dedikdə hamiləliyə qədər mövcud olan xroniki hipertenziya və hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi, yəni hestasion hipertenziya, ana və dölün həyatı üçün hər hansı bir təhlükə yarada biləcək preeklampsiya və eklampsiya nəzərdə tutulur. Xroniki hipertenziya dedikdə qadında ayrı-ayrı xəstəliklər nəticəsində yaranan vəziyyət başa düşülür. Əgər arterial təzyiqin yüksəlməsi hamiləliyin 20-ci həftəsindən sonra başlayarsa, bu patologiya sırf hamiləliyin fəsadı kimi qiymətləndirilir. Preeklampsiyanın yayılma tezliyi 5-7 % təşkil edir. Preeklampsiya poliorqan çatışmazlığına səbəb olaraq böyrəkləri, qaraciyəri, baş beyini, qanın laxtalanma sistemini zədələmiş olur. Eyni zamanda, dölün ana bətnində inkişafının ləngiməsinə səbəb ola bilər.

Eklampsiya isə preeklampsiyanın ağırlaşan forması olaraq beyin pozğunluqları əlamətləri ilə özünü büruzə verir.

- Doktor, bəs risk qruplarına hansı hamilələr aiddir?

- Bu sahədə dünyada çox sayda elmi araşdırmalar aparılmasına və bunun davam edilməsinə baxmayaraq, hamiləlikdə hipertenziv vəziyyətlərin yaranma səbəbini izah edən yekun bir nəzəriyyə mövcud deyil.

Lakin bir sıra risk faktorları var ki, bunların vaxtında aşkarlanması və lazımi profilaktik tədbirlərin aparılması sözügedən ağırlaşmaların qarşısını almağa kömək edir. Bu risk faktorlarına anamnezində preeklampsiya olan qadınlar, 18 yaşdan aşağı və 35 yaşdan yuxarı olan hamilə xanımlar, piylənmədən əziyyət çəkənlər, yaxın qohumlarında preeklampsiya olanlar, çoxdöllü hamiləlik keçirənlər, bəzi ekstragenital xəstəlikləri olanlar (ürək-damar sistemi xəstəlikləri, böyrək xəstəlikləri, hipertoniya, şəkərli diabet) aiddir.

- Hansı qrup hamilələrdə vaxtından əvvəl doğuşların başvermə tezliyi daha yüksəkdir?

- Vaxtından əvvəl doğuşlar risk qruplarına görə dörd əsas yerə bölünür. Birincisi, sosial faktordur. Sosial faktora 18-dən az və 35-dən çox yaş qrupuna daxil olan, aşağı boy və çəki göstəriciləri olan, bədən çəkisinin aşağı indeksi yəni kifayət qədər qidalanmayan, zərərli vərdişləri olan hamilələr aiddir. Preeklampsiya, ciftin vaxtından əvvəl ayrılması, dölyanı mayenin vaxtından əvvəl axması, çoxsululuq, çoxdöllü hamiləlik kimi hallar mamalıq patologiyaları olan qadınların aid olduğu faktordur. Ekstragenital patologiyaları olan qadınların aid olduğu qrup vardır ki, buraya da ürək-damar, tənəffüs və sidik-ifrazat sistemi tərəfindən baş verən patologiyalar, endokrinoloji problemlərin yaratdığı patologiyaları olan hamilələr aiddir. Sonuncu anatomik faktora isə uşaqlıq boynu çatışmazlığı, ikibuynuzlu, yəhərvari uşaqlıq, istmiko-servikal çatışmazlıq kimi patologiyaları olan hamilələr aiddir.

- Sonda ana olmaq istəyən xanımlarımıza məsləhətlərinizi bilmək istərdik...

- Hamiləlik zamanı baş verə biləcək ağırlaşmaların qarşısını almağın yeganə yolu antenatal (hamiləlik dövrü) dövrdə həkim nəzarətində olmaqdır. Hamiləliyi planlayan və hamilə olan qadınlara demək istərdim ki, hamilə olduqlarını öyrəndikləri ilk gündən yaşadıqları ərazi üzrə qadın məsləhətxanasına müraciət etsinlər. Çünki bu halda həkim tərəfindən risk qrupları təyin edilir, lazımi profilaktik tədbirlər görülür.

Vaxtından əvvəl doğuş təhlükəsi olan hər bir qadın zaman itirmədən həkimə müraciət edərsə, bu kimi ağırlaşmaların qarşısını zamanında almaq mümkündür.