Veravul Xəzərə qovuşan kimi…

Şair Ağamir Cavadın yaradıcılığı barədə düşüncələr
Cənub məkanlı, Lənkəran ünvanlı qələm dostum Ağamir Cavad ömrünün 60-cı baharını yaşayır. Qırx illik bədii yaradıcılıq "ehtiyat”ı var. Çoxdandır ki, ədəbi cameədə məxsusi dəst-xətti və saflığı ilə tanınır. Özünə tələbkar olduğu qədər də ad-sana, şöhrətə təmənnasız bir şəxsiyyətdir.
İşimlə əlaqədar tez-tez Lənkəranda oluram. Hər dəfəsində də ilk zəng edib görüşə çağırdığım dostların sırasında Ağamir Cavad birinci yeri tutur. Onun telefon nömrəsi mənim üçün zümrüd quşunun lələyi timsalındadır - yandıran kimi dost hüzurunda müntəzir olur. Özünə də demişəm, onunla görüşəndə həmin gün işlərim düz gətirir, çətinliklərin az olur. Çünki təmiz ürəyi var, heç nədə gözü yoxdur.
Şair dostum ədəbiyyatdan danışanda gözləri işıqlanır, özəl fikirləri yaxınlıqdakı Xəzər dənizinin həlim dalğaları kimi ard-arda düzülür. Seyyid cəddinin nurundan yoğrulduğuna görə ona "İşıq adam”, gözləri mavi olduğuna görə isə "Dəniz adam” da demək olar. Yeri gəlmişkən, şairin şeirlərinin toplandığı kitabların ikisi elə belə də adlanır.
Ağamir Cavadı düşündükcə yadıma unudulmaz unudulmaz Xalq şairimiz Məmməd Arazın Lənkəranda yaşayıb-yaratmış gözəl şair Şəkər Aslana xitabla dediyi sözlər düşür: "Sən bölgə şairi deyilsən, ölkə şairisən!” Qısaca, həm də hörmət və rəğbət nişanı olaraq "Ağa” deyə müraciət etdiyim dostum da sələfi kimi əyalət sərhədlərini çoxdan aşmış qələm sahibidir. AYB Lənkəran bölməsinin ədəbi məsləhətçisi,"Söz” jurnalının redaktor müavinidir. 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb.
Sələf dedim, vurğulamağı gərəkli bilirəm ki, Ağamir Cavad imzasını tanıdan amillərdən biri elə onun şair babalarına layiqli xələf olmasıdır. 1995-ci ildə "Füzuli” pyesinin Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulması, əruz vəznini dərindən öyrənərək türfə qəzəllər yaza bilməsi bunu sübut edir. Ədəbiyyat tarixindən bilirik ki, XIX əsrdə xanlıq mərkəzi Lənkəranda şeir məclisləri keçirilib, yarışmalar, deyişmələr təşkil edilib. "Fövcül-füsəha" ("Gözəl danışanlar dəstəsi") ədəbi dərnəyində çıxış eləmək heç də hər kəsin hünəri olmayıb. İnamla deyə bilərəm ki, bu gün Ağamir Cavadın çalışdığı AYB-nin Lənkəran bölməsi elə dövrümüzün "Fövcül-füsəha"sıdır. Bplmənin rəhbərləri - yuxarıda adını çəkdiyim Şəkər Aslan, bu yaxınlarda xatirəsi urvatda tutularaq, 85 yaşı təmtəraqla qeyd olunan mərhum İltifat Saleh, indi isə gözəl yazıçı Qafar Cəfərli, eləcə də Ağamir Cavad və digər fəal təşkilatçılar bölmədə çeşidli tədbirlər təşkil etməklə, yaddaqalan təqdimat və imza günləri keçirməklə ənənəni yaşadırlar.
Hərdən Lənkəran bölməsinin tədbirlərindən çəkilib sosial şəbəkələrdə yayılan videolara, şəkillərə baxanda elə bilirəm ki, "Fövcül-füsəha"nın növbəti bir məclisidir və Ağa da orada məclisin hazırkı üzvləri İlham İlhami, Əlizaman Baxış, Aqil Yaqub, Şahverən Cavad, Mehman Qaraxanoğlu, Ziyafət Yəhya, Tərlan Əbilov, Elşad Səfərli, Məmməd Həbib, Mübariz Süleymanlı, Tofiq Həsənli, Əhməd Haqsevər, gənc Ziya Dilsuz (adlarını çəkmədiklərim üzrlü saysınlar) ilə bərabər, əsl mənada alovlu çıxış edir. Tədbirdə bölmənin sədri Qafar müəllim eynən həmin məclisə başçılıq etmiş Mirzə İsmayıl Qasir kimi dəyərli fikirlərini bölüşür . Qalan iştirakçılar da elə babaları Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqaları kimi ürək sözlərini söyləyir, nəzirələr səsləndirir, ədəbi-fəlsəfi məsələlər ətrafında müzakirələr açırlar...
Sənin eşqin mənə, yurdum, nə gözəl qiymətdir,
Birə-min var gətirər torpağına düşsə dənim.
Ağamir Cavadın Füzuli sözünün işığında yazdığı bu misralar onun Vətən sevgisinin mayası sayıla bilər. Deyim ki, şairin bu yaxınlarda işıq üzü görmüş "Dəniz adam” adlı kitabında 12 qəzəli də yer alıb. Bunun özü onun klassik janra dəyər verdiyini və bu sahədə yetərincə bacarıqlı olduğunu göstərir. Məncə, dostum yaşının bu müdrikləşən, yetkin çağında qəzəl janrında bitkin şeirlər yazmağa daha çox meyillənsə, uğurlarını daha da möhkəmləndirər və poeziyamız da bundan qazanar. Əlbəttə, daha yaxşısını özü bilər, necə ki yazıb:
Ən böyük usta qəzəlxan böyük Allah özüdür,
Ən böyük sevgi ilə yazdığı dastanı mənəm.
Elə anlaşılmasın ki, Ağamir Cavadın əruzu onun hecada və sərbəstdə yazdığı şeirlərini kölgədə qoyur. Son kitabında "Ruhu bölünməyən Azərbaycanam”, "Bir oxu kitabıyam”, "Ədəbiyyat nəzəriyyəsi silsiləsi”, "Tanrının eşq payı” başlıqları altında toplanmış qoşma, gəraylı və səkkizlikləri, həmçinin "Veravulçay nəğməsi” adlı sonet çələngi elə düşünməyə qətiyyən əsas vermir. Çünki:
Sevinc ilə bir doğulur qəm, kədər,
Mizanında düz ölçülər hər qədər.
Ariflərlə haqqa doğru yol gedər,
İnamadır, imanadır bu kitab.
Ağanın yazdıqları əsasən dünyanın, həyatın, imanın hikmətləri haqqındadır. Allaha şükranlıq nəğmələridir. "Bu yuxu ömrümə yozum ver, Allah” deyən şair mövluda, meraca, varlığa məna axtarır. Allaha sevginin gözəlliyini vəsf eyləyir. "Təndirinə çırpı daşı, sönməsin, Ocaq sönsə, yel sovuran kül yazıq” – deyir.
Ömrü boyu haqqa, ədalətə, imana baş əyən şair özü demişkən, həqiqətin önündə müntəzir duraraq, tərcümeyi-halını ayaq üstə yazıb. Eyni zamanda qəlbinin göylərdən əngin olduğunu iddia edərək, dünyaya sığmadığını söyləyir və bununla da ustad İmadəddin Nəsimiyə varislik qayəsini ortaya qoyur. Amma "Tanrı bizdən uzaqlaşır özümüzdən çıxanda” deməyi də unutmur.
Bu misralar isə ömrü bihudə yaşamağın fürsəti fövtə vermək olduğuna poetik bir işarə kimi diqqət çəkir:
Tanrı səma verib bizə uçmağa,
Biz göydə kağızdan quş uçurduruq...
Ağamir Cavadın sevgi şeirləri bir ayrı aləmdir. Bu şeirlərin baş qəhrəmanı elə Cavad adının mənasını doğruldan comərd bir insandır. Eşq yolunda kirpiyi ilə od götürüb sözə ehya verən şair sevgilisini unuda bilmir, amma acizlik də göstərmir, mərdanəliyini, qürurunu qoruyub saxlaya bilir:
Ömrün yollarını bürüyəndə çən
Sevda dənizində boğdum ahımı.
Tanrının hökmüylə oxuyuram mən
Bitib-tükənməyən "Çahargah”ımı.
Ağanın poetik "Çahargah”ı bir özgə dəstgahdır. Bəmi, zili, çoxsaylı şöbə və guşələri ruh oxşayır. Bərdaştı, mayəsi, bəstə-nigarı, hasarı, müxalifi, məğlubu, mənsuriyyəsi sevgi, dözüm ifadə edir. Hər tarzən biləyinin gücünə, barmaqlarının itiliyinə, ifaçılıq üslubuna görə "Çahargah”ı tamam-dəstgah çala bilmir. Ağamirsə mizrab-qələmi və ürək odu sayəsində bunu yaxşı bacarır. Onun "Çahargah”ında yalvarış, sızıltı və inilti motivləri yox dərəcəsindədir.
Şairin "Dəniz adam” kitabında vətənpərvərlik pafosu ilə yazılmış şeirlər xüsusi yer tutur. Bu da təbiidir. İllərcə Qarabağ dərdini qələmə alan şair qalibiyyətlə başa çatan 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını sevə-sevə vəsf edib, "ölümün xasını qazanmış” şəhidlərin ruhuna əbədi ehtiramımızı geniş qəlblə etirafda bulunub. Müzəffər Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin həmin vaxt etdiyi müjdəli çıxışlarının birində "Şuşaya bir nəfəs qədər yaxınıq” deməsi özünün obrazlılığı ilə şairi cəzb edib və o, bu fikri leytmotiv kimi götürərək araya gözəl bir şeir gətirib:
Ən odlu gilizdir sözün qurşunu,
Sən açdın həsrətin hərb qırışını.
Sevirik bu yurdun hər qarışını,
Zəfər xəbərini verən kəs qədər,
Yaxınıq Şuşaya bir nəfəs qədər!
Şəhid Vüsal Kazımovun atası Kamran kişi deyib ki, oğlunun ona bağışladığı və çox yaxşı işləyən saat onun cənazəsi həyətdən çıxanda dayanmışdı. Ağamir Cavad bunu eşidincə hər kəsə xas olan adi bir kövrəlmə ilə kifayətlənməyib və isti-isti bu barədə gözəl şeir yazıb:
Açır haqq qapısın eşqin əliylə,
Ölümün üzünə gülən şəhidlər.
Zamanı saxlayır ölümləriylə
Vətənin uğrunda ölən şəhidlər.
Bəli, sanki Vüsalın ölümünə görə saat da heyrətdən quruyub qalıb. Sanki ona da Əzrayılın nəfəsi dəyib... Şəhidlik elə uca zirvədir ki, orda saat işləmir. Çünki şəhidlər əbədi həyat qazananlardır.
Ağamir Cavad Lənkəranın Veravul kəndində anadan olub. Mənbəyini Talış dağlarının Burovar silsiləsindən götürən çayın da adı Veravuldir. Toponimikasına görə bu ad "söyüd və gül”, eləcə də "bol sulu çay” mənasını verir. Hər iki versiya poetikdir. Elə Ağamir də Veravula bənzəyir: söyüdü pərişan telli qız bilir, gülləri behişt sakinləri sayır, özünün də ki, gur ilhamı, çağlar təbi var.
Özü demişkən, sözün niqabını qaldırıb,üzündən öpən şair qondarma təsirlərə uymadan, ilğımlara aldanmadan haqqa yürüməyindədir.
Hərcayı nəğmələr ötmədi könlüm,
Sevgisiz bir yerdə bitmədi könlüm.
Hər səsin dalınca getmədi könlüm,
Göydən eşitdiyi ünə bağlandı.
... Bir neçə ay əvvəl Astaraya getdiyimdə Ağamir Cavadı da özümlə apardım. Orada elə onun özü kimi gözəl şairimiz Şahverən Cavadla görüşdük. Onları başbaşa buraxıb jurnalist yazı-pozumun dalınca getdim. Qayıdanda mənə dedi: "İki Cavadı görüşdürməklə savab qazandın, qardaş!” Mən də cavabında: "Sizi bir-birinizə mən yox, şairlik qanı çəkib, Ağa!” – deyə bildirdim.
Şahidəm ki, ünsiyyətcil adam olan Ağamir Cavad dəyərli qələmdaşları, dərddaşları, eşqdaşları ilə birlikdə olanda özünü suda balıq kimi hiss edir. Yeri gəlmişkən deyim ki, bir dəfə də o, Mübariz Süleymanlı və mən Masallıya, gözəl şair Nurməmməd Ağanın görüşünə getmişdik. O qədər maraqlı söhbətlər oldu, o qədər gözəl şeirlər söyləndi ki, süfrədəki təamlar az qaldı yaddan çıxa.
Bax, Ağamir Cavad belə bir məcliskar dostdur, belə bir dostcanlı insandır, belə bir qənimət yoldaşdır! Yaradıcı ziyalılığı da öz yerində! İnanıram ki, onun 60 illik yubileyi də, Allah qoysa, Lənkəranda və Bakıda layıqıncə keçəcək!
Sonda əlavə edim ki, ədəbi tənqid Ağamir Cavad yaradıcılığının özəlliklərini daha sanbalı şəkildə araşdırmalı, örnək nəticələr çıxarmalıdır. Veravul çayı çapa-çapa gəlib Xəzərə qovuşduğu kimi, Ağamir Cavad və onun qələm avarı ilə irəliləyən sevgi qayığı da çağdaç ədəbiyyat tariximizə qovuşmağa layiqdir.
Əli NƏCƏFXANLI