14 Oktyabr 2024 10:11
1613
ƏDƏBİYYAT

Vətən mənə oğul desə.. - Məmməd Arazın şeirləri

Bu gün böyük şairimiz Məmməd Arazın doğum günüdür. Onun anadan olmasının 91-ci ili tamam olur. 

Adalet.az görkəmli Xalq şairi Məmməd Arazın Vətən mövzulu şeirlərini təqdim edir:

Azərbaycan-dünyam mənim

Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan –
çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.

Azərbaycan mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli
ox ola bilər.
"Azərbaycan!" deyiləndə
ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin
bəbəklərində
Qütb ulduzu,
dan ulduzu gözəlləridir.

Tariximə qara xətli hicri, miladi
Qılıncların qan ağzıyla
yazılmadımı?
Babaların boz çöllərə bənzər
Muradı
Qızıl bayraq
dalğasından yaz almadımı?!

İllər olub-kürrələrdə
dəmir olmuşuq.
Sərhədlərdə dayanmışıq
küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin
ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca şərqin
duman dünyası.

Azərbaycan mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli
ox ola bilər.
"Azərbaycan!" deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

Vətən desin!

Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin.

Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
oğurlandı.
Düzlərimiz, çöllərimiz
oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr
oğurlanıb!
Qoca millət, hər andımız,
Amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən! – desin
Hər yaxşımız, yamanımız
Vətən! – desin

Əli kəsik, dili kəsik
Uşaqlar var – hələ dustaq,
Körpə dustaq Vətən! – deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?
Didərginlər üzərində
susub durdu,
Vətən! – dedi,
Mürgülüsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! – desin
Qoca millət, Bu gün gərək
Hər anımız Vətən! – desin.

Əsgər Oğul

Sən bu yurda söykəlisən, bu yurd sənə,
Keşiyində dursan belə neçə sənə,
Ayaq üstə yatsan belə neçə sənə:
Sən bu yurda söykəlisən, bu yurd sənə!
Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul - mərd igiddir,
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür - əsgər ölmür.

Mən bilmirəm, hardan boy al, hara dırman,
Mən bilmirəm, göyə ucal, yerə quylan,
Babaların məzarını qoru, qardaş!
Ataların vüqarını qoru, qardaş!
Körpələrin yuxusunu qoru, qardaş!
"Vətən ölməz" duyğusunu qoru, qardaş!
"Hünər ölməz" nidasını qoru, qardaş!
Od yurdunun odasını qoru, qardaş!

Gurşad olub göydən ələn - mən bilmirəm,
Qara bələn, buza bələn – mən bilmirəm,
Harda şirləş, harda filləş - mən bilmirəm,
Mən bilirəm: geriyə yol yoxdur, atam!
Öncül Oğul dönüb geri baxmır, atam!
Geridə biz qəbir yeri saxlamışıq,
Bəsdir daha sızlamışıq, ağlamışıq!
Geridə biz qəbir yeri saxlamışıq!
Özümüzə dar ağacı qurmaq üçün
Özümüz öz boyumuzu vurmaq üçün:
Qətl yeri saxlamışıq, qətl yeri!
Qəbir yeri saxlamışıq, qəbir yeri.

Bu torpağın hər qayası deyir bunu
Bu torpağınının yarası deyir bunu.
Bu torpağın son nəfəri olsan belə,
Son dirisi, son əsgəri olsan belə,
Geri dönmə, son qələbə xəttinəcən,
Son qələbə həddinəcən, səddinəcən.
Dönmə geri üfüqəcən...
Nə zaman ki, bu yer, bu yurd
Yağıları süpürəcək, üfürəcək,
Hər əsgərin, hər nəfərin
Nəfəsi od püskürəcək.
Onda dönüb görəcəksən:
Nakamların qəbri: Məşəl!
Qaliblərin qəlbi:
Məşəl! Məşəl! Məşəl!
Şah dağından qəlbi məşəl!..