adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Iyun 2022 14:45
926
ƏDƏBİYYAT

Vətən Müharibəsində şəhid olmuş Bəhruzun əziz xatirəsinə

Nazim Teymuroğlu

Neftçala rayonu.

 

Vətən Müharibəsində şəhid olmuş Bəhruzun əziz xatirəsinə

 

Əsən külək Tanrı əli,

Sığal çəkər baş daşına.

İlahi bir təsəllidir,

Anaların göz yaşına.

 

Tabutunu oxşamağa,

Tapılmadı bacı,ana.

Son mənzilə yola saldı,

Şəhidi el yana-yana.

 

Güllələrin yağışında,

Sən sinəni etdin sipər.

Böyük Vətən savaşında,

Ölümünlə yazdın zəfər.

 

Cismin yerdə, ruhun gəzir

Yer üzünü, göy üzünü.

Bu dünyada hər aşiqin,

Öz sevdası,öz ulduzu.

Allah çəkər dərgahına,

Şəhid olmuş Bəhruzunu.

 

Sən əbədisən

Mən,igid Mübarizəm

Haqq yolundan dönməzəm.

Əbədi bir məşələm –

Günəş olub sönməzəm.

 

Bir zərbənlə məhv oldu,

Neçə düşmən əsgəri.

Keçdiyin şərəfli yol-

Mübarizlik məktəbi.

 

Məktub yazdın anana,

Sənə layla çalana.

Vətən də bir anadır-

Qıydın cavan canına,

Bələndin öz qanına.

 

Qoymadın qismət ola

Vətən yoldan ötənə.

Şəhid oldun, ömrünü

Bağışladın Vətənə.

 

Mən əsgər Mübarizəm,

Düşmənlərin önündə.

Əyilməzəm, sınmazam

Şəhidlərin ruhuyam-

Zirvələrdən enməzəm.

Nə qədər ki həyat var

Əbədiyəm,ölməzəm.

 

 

Yerin vardır.

Şəhid ruhu bu millətin,

Qürur yeri,öyünməsi.

Bir ürəyin dayanması-

Milyonunun döyünməsi.

 

Tabut gedir bər-bəzəkli.

Ağlayırıq içimizdə.

Bir ölkənin vətəndaşı,

Vətənləşir çiynimizdə.

 

Yollar şəhid biçimində,

Qazi geyim-keçimində.

Tarix yazan şəhidlərim

Murov,Qoşqar seçimində.

 

Ömrün qızıl baharında,

Mələklərin qanadında

Rahatlanar şəhid ruhu

Uca Tanrı dərgahında.