05 Iyul 2024 09:00
7604
LAYİHƏ

Vətənin hər qarış torpağı...

...Görəsən, dünyada Vətəndən, torpaqdan, yurddan şirin bir şey varmı?! Varsa, deyin bilək! Və mənə görə dünyada ən şirin, ən əvəzedilməz və ən gözəl varlıq Vətəndir! Vətən həm də axı “Ana” deməkdir. Anasız və Vətənsiz yaşamaq ya olmur, olsa da insan yetim uşağa bənzəyir. Bax, o yetim uşaq hansı hissləri, hansı duyğuları yaşayırsa, Vətənsiz də olan adam elə onun günündədir. 

Torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal olunandan sonra öz yurdlarından məcburi didərgin salınmış insanlar düz 30 il Vətənsiz yaşadılar. Daha doğrusu, bir milyona yaxın insan 30 il bu dərdlə çarpışdı, vuruşdu, hər şeyə dözdü. Amma dərdə dözməyənlər də oldu. Onlar dərddən alışıb-yandılar və dünyasını dəyişdilər. Axır ki, İkinci Qarabağ savaşından – daha doğrusu, 2020-ci il 44 günlük Böyük Vətən müharibəsindən sonra işğal altında olan torpaqlarımız azad olundu. Qüdrətli Azərbaycan ordusu və Azərbaycan əsgəri Vətənimizi erməni işğalından təmizləyərək, Füzuliyə, Cəbrayıla, Hadruta, Qubadlıya, Şuşaya, Zəngilana, Ağdama, Laçına və Kəlbəcərə Azərabycan bayrağını taxtdılar. Anti-terror əməliyyatı zamanı isə bütün Qarabağ, o cümlədən Xankəndi, Xocavənd, Xocalı, Əsgəran... Və digər yaşayış məntəqələri, kəndlər və qəsəbələr erməni murdarlarından azad edildilər. Və beləcə Vətənimiz, yurdumuz rahat nəfəs aldı... 

...30 ildən sonra insanlar yenidən Zəngilana, Füzuliyə, Laçına və digər yaşayış  yerlərinə qayıtmağa başladılar. Yurd yerinə qayıdanların necə sevindiyinin mən də şahidi olmuşam. Ən azından ona görə ki, mənim də Vətənim Füzuli 30 il erməni işğalı altınd qaldı. Və 30 ildən sonra insanlar qısa zaman kəsiyində tikilmiş, inşa olunmuş Füzuli şəhərinə qayıtdılar. Əlbəttə, Füzuli şəhərini ermənilər yer üzündən silmişdilər. Hansı ki, bir-birindən gözəl parkları, xiyabanları, yaşayış binaları, sosial obyektlər, məktəblər, xəstəxanalar, restoranlar, istirahət mərkəzləri var idi. Ermənilər onların heç birini salamat qoymamışdılar. Hətta Füzuli şəhəri erməni işğalından azad olunanda bu barədə Ali Baş Komandan, Preziden İlham Əliyev qələbə xəbərini verəndə bayrağı sancmağa bir ev, bir mənzil, bir sosial obyekt tapmamışdılar. Prezident də demişdi ki, bayrağımızı ən uca yerə - torpağa sancın! Azərbaycan əsgəri də Prezidentin tapşırığını yerinə yetirərək, Azərbaycan bayrağını torpağa - ən uca yerə sancdılar! 
Füzuli şəhəri işğaldan azad olunandan sonra qısa müddətdə yenidən tikilməyə başlandı. Orda yeni infrastruktur – su, işıq, qaz, rabitə xətti çəkildi. Bərbad yollar yenidən tikilərək asfaltlandı. Ən böyük iş isə çoxlu sayda yaşayış binalarının tikilməsi, inşa edilməsi idi. Bununla yanaşı, məktəb, sosial obyektlər və digər bir-birindən gözəl tikililər inşa olundu. Ən başlıcası Füzuli yenidən, yavaş-yavaş o əvvəlki şəhər görkəmini aldı. Orda Beynəlxalq Hava Limanı qısa zaman kəsiyində tikilərək istifadəyə verildi. İnsanların istirahəti üçün lazım olan digər şərait də yaradıldı. Və bundan sonra insanların köçü başlandı. 

O köçlər Füzuli şəhərinə gedəndə mən də onların yanındaydım. Daha doğrusu, şəhərə köçənlərin əksəriyyəti ya qohumum, ya da tanışlarım idi. Özü də onlar Füzuliyə qayıdarkən yol polisini və təcili tibbi yardım maşınlarının müşayiətilə geri döndülər. Mikroavtobus şəhərə girəndə yaxın dostlarımdan olan Elmin İdrislinin gözləri yaşardı. Dedi, əhd eləmişəm ki, Füzuliyə girəndə onun torpağından öpəcəyəm. Torpağını sığallayıb, köksümə basacam! Elə belə də etdi. Mikroavtobusdan düşən kimi əyilib torpaqdan öpdü, sonra da onu bağrına basdı. Əziz balasını, anasını, atasını hansı sevgiylə əzizləyirdisə, torpağı da elə bir məhəbbətlə qucaqladı. Gözləri yaşardı və boğazını qəhər boğdu. Amma bu göz yaşları 30 il bundan əvvəlki göz yaşlarına bənzəmirdi. Və bu göz yaşları həsrət, kədər göz yaşları deyil, sevinc və vüsal göz yaşları idi... 

...Sonra sevinə-sevinə hökumət nümayəndələri tərəfindən ona verilən və ailəsinə ayrılmış mənzilin açarını aldı. Bax, onda dostum və qardaşım Elmin İdrislinin gözlərində dünya boyda bir sevinc gördüm. O sevinc tək onun gözlərində deyil, Füzuli şəhərində yeni mənzillərin açarlarını alan bütün insanların gözlərində hiss olunurdu. Elmin açarı aldı, ailəsi – balaları, əzizləri ilə birlikdə yeni tikilmiş binaya sarı getdi və mənzilinin qapısını açarla açıb içəri keçdi. Gözəl və yaraşıqlı otaqlar idi. Bir otağa baxdı, bir divara baxdı, bir də tavana diqqət yetirdi və yenidən gözləri doldu. Dedi ki, mən həmişə köhnə evimizi yuxumda yanmış görürdüm. Görürdüm ki, ev yanıb, heç qapısı, pəncərəsi də qalmayıb. Fikirləşirdim ki, gedib bəlkə daşını taparam. Amma daşını da aparmışdılar. İndi şükür Allaha, yeni evimizdəyəm. Heç onu da düşünmürdüm ki, Füzuli şəhəri alınar və biz də belə qəşəng və yaraşıqlı mənzilə köçərik. Yuxumuzda görmədiklərimizi Prezident İlham Əliyev bizə həyatda bəxş elədi. Atam sağ olsaydı, Füzulini görüb sevinərdi. Elə o da mənim kimi evimizin daşından, torpağından öpərdi. Elmin İdrislinin atası çox böyük ziyalı olub. Füzuli rayonunda Tarix Diyarşünaslıq Muzeyinin direktoru idi, həm də elmlər namizədiydi. Bir ziyalı, bir alim kimi adı və soyadı Füzulinin tarixinə düşüb. 

Elmin İdrislə yanaşı, Füzuli şəhərinə köçmüş Cəmil kişini, Rəhim kişini, Əvəz kişini də təbrik elədik. Onlara gözaydınlığı verdik. Əvəz kişi dedi ki, bala, mənim 90-a yaxın yaşım var. Düşünürdüm ki, ölərəm, Füzulini görmərəm. Amma Allah mənə möhlət verdi və bu sevinci yaşadıq. Mənim kimi 5 minə yaxın Füzuli sakini şəhərə köçüb. Buna görə göydə Allaha, yerdə Prezidentimiz İlham Əliyevə minnətdaram. 

Bilirsiniz, Füzuli necə gözəldir?! Təmiz havası, təmiz suyu, təmiz insanları! İndən sonra ölsəm, heç bir dərdim yoxdur. Bilirəm ki, öz Vətənimdə dəfn olunacağam. 
Bəli, füzulililər bu gün yurda qayıdıblar, öz gözəl şəhərlərində yaşayırlar və işləyirlər. Bundan gözəl nə ola bilər?! 

Əlbəttə, yurda dönüş, Vətənə qayıdış insana ikinci bir nəfəs deməkdir. İkinci nəfəs olmasa, insan Vətənsiz yaşaya bilməz. Balıq susuz yaşaya bilmədiyi kimi, insan da Vətənindən uzaq düşəndə bax elə bir anlar yaşayır. O anları qürbətdə olan insanlar daha yaxşı bilirlər. Gəzməyə də Vətən yaxşıdır, ölməyə də! Füzuli isə gəzməli, yaşamalı və ömür sürməli bir gözəl məkandır!

 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.