adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 Noyabr 2022 16:25
765
ƏDƏBİYYAT

Vilayət Quliyev-70: Fövqəladə və səlahiyyətli ədəbi missiya - Asif Rüstəmli yazır

Asif RÜSTƏMLİ

Filologiya elmləri doktoru, professor

Ədəbi-bədii söz sənətinə sanballı töhfələr vermiş, dəyərli əsərlər bəxş etmiş ədəbiyyat adamlarından bir qisminin xarici dövlətlərdə öz ölkəsinin böyük elçisinə, siyasi nümayəndəsinə, əsas sözçüsünə çevrilməsi, diplomatiya sahəsində uğurlar qazanması, yüksək məqamlara yetişməsi tarixdən çoxlarına yaxşı məlumdur. Onlardan Əbdülhəq Hamid, Yəhya Kamal Bəyatlı, Əhməd Hikmət Müftioğlu, Memduh Şevket Esendal, Yaqub Qədri Qaraosmanoğlu, Aleksandr Qriboyedov, Pablo Neruda, Qabriela Mistral, Oktavio Paz, Çingiz Aytmatov, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev (bu siyahını böyütmək də olar) və digərləri dostluq, əməkdaşlıq sülh, əmin-amanlıq prinsiplərinə sadiq qalaraq uluslararası siyasi arenanın münasibətlər müstəvisində səmimiyyətə, mədəniyyətə, ədalətə, dürüstlüyə güvənli diplomatiya ənənələri yaratmışlar. Çağdaş zəmanəmizdə bu ənənələri böyük entuziazm ilə davam etdirənlərdən biri də ədəbiyyatşünaslıq elmimizin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor Vilayət Quliyevdir. O, birmənalı olaraq amal və əməl adamı, ədəbiyyatımızın fövqəladə və səlahiyyətli elçisi, ölkəmizi dünyaya tanıdan və sevdirən, milli maraqlarımızın mətin müdafiəçisidir.

Bu gün istedadlı tənqidçi, peşəkar ədəbiyyat tarixçisi, fədakar elm xadimi, ədəbi-mədəni əlaqələr və tərcümə sahəsində yorulmaz mübariz, cəfakeş türkoloq, Cümhuriyyət dövrü tarixinin və istiqlal məfkurəsinin fəal araşdırıcısı, müstəqilliyimizin bərpasından sonra ilk Dövlət Mükafatı laureatları adına layiq görülənlərdən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Muxtar oğlu Quliyevin anadan olmasının 70 ili tamam olur.

V.M.Quliyevlə ilk qiyabi tanışlığım otuz beş il bundan əvvəl onun "Azərbaycan" jurnalında nəşr etdirdiyi "Yaşıdlarıma sözüm var" adlı məqaləsindən başlanır. Müəllif ədəbi cameyə öz sözü, ürəyinin közü, hərarəti, gerçəkliyə güvənli, faktlara və həyat həqiqətlərinə sədaqətli mövqeyi ilə təşrif gətirmişdi. Zəhmətdən və istedaddan şirə çəkən tədqiqatları ünlü mütəxəssislər tərəfindən bəyənilir və yüksək dəyərləndirilirdi.

Vilayət Quliyevin ilk kitabı - "Mirzə Kazım bəy" monoqrafiyası da otuz beş il öncə, ötən əsrin 87-ci ilində işıq üzü görmüş, faktların yeniliyi, dil-üslub cazibədarlığı, dolğunluq və mükəmməllik etibarilə seçilir və təqdir edilirdi. Müəllif mövzunu araşdırarkən Sankt-Peterburq, Kazan, Moskva, Tbilisi, Həştərxan, Bakı və b. şəhərlərin arxivlərindən, rəsmi sənədlərə, əlyazmalara, məxəzlərə istinad edərək, onlardan bəhrələnərək dünya şöhrətli şərqşünas alim Mirzə Məhəmməd Əli Kazım bəy Hacı Kazım oğlunun həyatı, nəsli, soykökü, yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti, ictimai mühiti ilə bağlı çoxsaylı ziddiyyətli, kölgəli məsələlərə, yanlış məqamlara faktların işığında aydınlıq gətirmiş, onu dilçi, islamşünas, mətnşünas alim, elm təşkilatçısı kimi yüksək qiymətləndirmişdir.

Vilayət Quliyev Qarabağ hadisələrinin və milli istiqlal hərəkatının ilk mərhələsində sovet rejiminin 70 il müddətində yasaq etdiyi, tarixi faciələrimizin, ağrılarımızın gerçək mahiyyətini təhrif etdiyi, tərsinə yozduğu, milli düşüncənin oyanışına təkan verən mövzuları gündəmə gətirdi. Cümhuriyyət dönəminin hadisələrini və tarixi şəxsiyyətlərini önə çəkdi, araşdırma obyektinə çevirdi. Onun ciddi və genişmiqyaslı tədqiqatları, məxfi arxivlərə birbaşa istinadları nəticəsində yazdığı "Şərqdə ilk Cümhuriyyət", "İlk Azərbaycan parlamenti (1918-1920)", "Avropaya pəncərə açanlar" və digər çoxsaylı elmi-publisistik məqalələri böyük qürur, məmnunluq və yanğı hissi ilə qarşılanırdı. Hələ 1990-cı ilin may ayında Cümhuriyyət bayramı ərəfəsində Milli Elmlər Akademiyasının dairəvi zalında "Azərbaycan Demokratik Respublikası" adlı elmi-nəzəri konfrans keçirildi və bu mühüm tədbirin fəal təşkilatçılarından biri, Azərnəşrdə işıq üzü görən eyniadlı kitabın tərtibçisi və ön sözünün müəllifi V.M.Quliyev idi. Elm məbədinin divarları arasında keçirilən, tariximizin cümhuriyyət dövrü haqqında genişmiqyaslı araşdırmaların xitabət kürsüsünə çevrilən bu konfrans əsl həqiqətləri ilk dəfə geniş ictimai auditoriyaya təqdim etdiyi üçün özündə mərdlik, dürüstlük, cəsarət elementlərini daşımaqla bərabər müstəsna əhəmiyyətə malik idi.

Dövlət müstəqilliyimizin bərpasından sonra Vilayət Quliyevin elmi yaradıcılığında tamamilə yeni bir səhifə açılır, coşqun və dolğun bir mərhələ başlayır. "Ağaoğlular" (1997), "Azərbaycanda erməni zülmü" (1999), "İsa Sultan Şahtaxtinskinin qəribə həyatı" (1999) və b. kitabları zamanla səsləşən, xüsusi aktuallıq kəsb edən mövzuları özündə ehtiva etdirirdi. Uzun illər sovet təbliğatında "pantürkist", "burjua ideoloqu" adlandırılan, düşmən kimi təqdim edilən, Şuşada dünyaya göz açmış Əhməd bəy Ağaoğlunu müəllif oxucularına hürriyyət və demokratiya uğrunda mübariz, mütəfəkkir, maarifçi, publisist, çağdaş türk ədəbiyyatında modernist cərəyanın böyük nümayəndəsi kimi təqdim etmişdir. Vilayət Quliyev professor Ə.B.Ağaoğlunun yaradıcılığını, ictimai-siyasi fəaliyyət yönümlərini tədqiq və təhlil etmiş, jurnalistlik xidmətlərini yüksək dəyərləndirərək yazırdı: "Əhməd bəyin redaktəsi ilə çıxan və milli mətbuatımızın tarixində "ümmətdən millətə çevrilməyimiz yolunda mühüm izlər qoyan "Həyat", "İrşad", "Tərəqqi" qəzetləri də məhz bu məqsədə xidmət edirdi...  Əhməd bəy Ağaoğlunun səyi və nüfuzu sayəsində dövrün M.Ə.Sabir, N.B.Vəzirov, A.Səhhət, M.Ə.Rəsulzadə, A.Sur, F.B.Köçərli və digər qələm sahibləri, vətən və millət təəssübkeşləri "İrşad"ın ətrafına toplaşmışdılar" (V.Quliyev).

Müəllif  Əhməd bəy Ağaoğlunun emosional xarakterini açmaq, işgüzar imicini göz önündə canlandırmaq, oxuculara daha yaxından tanıtmaq üçün onun yaxın dostu, məsləkdaşı, böyük mütəfəkkir Əli bəy Hüseynzadə ilə üz-üzə gəldiyi ibrətamiz bir epizodu da təqdim etməkdən çəkinməmişdir: "Əli bəy Hüseynzadə xatırlayırdı ki, "Qafqazda Əhməd bəylə birlikdə qəzet çıxarırdıq. Bir gün mənim öhdəmə düşən hissəni vaxtında yazmamışdım. Əhməd bəy gəldi, nə üçün yazmadığımı soruşdu. Bəlkə də bir az əsəbi idim. Ona görə də sərt cavab verdim. O da sərtləşdi. Münaqişə ağır hal aldı. Necə oldu, bilmirəm, birdən ayağa qalxdım, kətili götürərək Əhməd bəyin üstünə yürüdüm. Bunu edərkən onun da eyni işi görəcəyini düşünürdüm. Lakin o, irəli gələrək önümdə dayandı, boynunu bükdü:

- Vur! - dedi. - Amma yazını ver" (V.Quliyev).

Əli bəy Hüseynzadənin sonralar qələmə aldığı bu xatirəsi onun əziz dostunun müdriklik portretinin qabarıq cizgilərini özündə mükəmməl əks etdirir desək, yəqin ki, yanılmarıq.

"Ağaoğlular" kitabında Əhməd bəyin qızı, Şuşada anadan olmuş, ali hüquq təhsili alan ilk türk qadını Sürəyya Ağaoğlu və Strasburq Universitetinin aspiranturasını bitirmiş, Türkiyədə millət vəkili, əmək və sənaye naziri, baş nazirin müavini vəzifələrini tutan Səməd Ağaoğlu haqqında maraqlı məlumatlar verilmiş, onların əsərlərindən nümunələr təqdim edilmişdir.

"Azərbaycanda erməni zülmü" (1999) kitabı adından da bəlli olduğu kimi ölkəmizdə mənfur qonşularımız tərəfindən XX yüzillikdə Azərbaycan türklərinə qarşı törədilən qətli-amlardan, soyqırımlarından arxiv materialları əsasında bəhs edilir.

"İsa Sultan Şahtaxtinskinin qəribə həyatı" (1999) haqqında kitabı Vilayət Quliyev 1992-1993-cü illərdə Türkiyənin Atatürk Universitetində professor vəzifəsində işlədiyi dövrdə Qars şəhərinin arxivinə getmiş, 1877-ci ildən ömrünün sonuna kimi Qars vilayət hərbi qubernatorunun dəftərxanasında məmur işləyən, "Kars" qəzetinin redaktoru olmuş İsa Sultan Şahtaxtinskinin ömür yolu və fəaliyyəti haqqında toplanmış yeni materiallar əsasında yazmış maraqlı əsərdir.

Vilayət Quliyevin bu gün nadirəyə çevrilən "Tarixdə iz qoyan şəxsiyyətlər" (2000), "Açıq sözün hikməti" (2001), "Böyük Əkinçi" (2001), "Tariximiz - taleyimiz" (2002), "Ədəbiyyatda Nobel mükafatı laureatları" (2009), "Son illərin yazıları" (2009) adlı irihəcmli kitabları böyük zəhmət və yuxusuz gecələr hesabına qələmə alınan, vaxtilə mətbuat səhifələrində işıq üzü görən, oxucuların maraqla qarşıladığı məqalələr toplusudur. Kitablarda M.C.Topçubaşov, M.F.Axundzadə, H.B.Zərdabi, A.A.Bakıxanov, Ə.Nəbati, Ü.Hacıbəyli, N.B.Vəzirov, N.Nərimanov, E.Sultanov, Y.V.Çəmənzəminli, Ə.Cəfəroğlu və digər böyük klassiklər, müqtədir söz ustadları haqqında yeni və mötəbər sənədlər, arxiv materialları əsasında yaddaqalan portret-oçerklər yer almışdır.

"Son illərin yazıları" əsəri Vilayət müəllimin hər bir azərbaycanlıya qürur hissi yaşadan kitablarındandır. Elmi-publisistik üslubda işlənmiş bu "yazılar"la dərindən tanış olduqda bitkin və mükəmməl struktura, zəngin fakt yeniliyinə, cazibədar təqdimat manevrlərinə, millətsevərlik və yurdsevərlik ruhu ilə yoğrulmuş yenilməz ruha, qayəyə, məfkurəyə malik tutumlu, sanballı əsərlərlə üz-üzə dayandığına əminliyini ifadə etməyə bilmirsən. Onun bu topluya daxil etdiyi məqalələr tarixi vətənindən uzaqlarda mühacir həyatı yaşamış, Azərbaycanla gen, qan və mənəvi bağlılığı olan, yaşadıqları ölkələrdə yüksək mövqeyə və nüfuza sahib çıxan görkəmli şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin, mütəfəkkirlərin, elm və ədəbiyyat adamlarının keşməkeşli ömür yolu, qəribə taleləri haqqında dəyərli araşdırmalardır.

V.Quliyevin vətəndaş-alim, ictimai-siyasi xadim fədakarlığının nəticəsində Türkiyədə yaxşı tanınan Azərbaycan əsilli alimlərin, nazirlərin, generalların, mədəniyyət nümayəndələrinin fəaliyyəti barədə üzə çıxarılan araşdırmalar fərəh doğurur. Türkiyənin demokratik inkişafında fəal iştirak edən həmyerlilərimizdən Səməd Ağaoğlu ölkənin Baş nazirinin birinci müavini, sənaye naziri vəzifələrində çalışıb, əslən Şəkidən olan istiqlal medallı Məhəmməd Sarıkərimli (Bərköz) Türkiyə Jandarmeriyasının baş komandanı, general-polkovnik, qardaşı Mahmud Sarıkərimli (Bərköz) III Ordu komandanı, ordu generalı kimi yüksək vəzifə və rütbəyə layiq görülmüşdür. Əhməd Cəfəroğlu İstanbul Universitetinin professoru, Türkiyyat İnstitutunun direktoru kimi vəzifələrə yüksəlmişdi. Xalqımızın bu görkəmli oğullarının uğurlarını, nailiyyətlərini ilk dəfə geniş və sistemli şəkildə Azərbaycan oxucularına məhz Vilayət Quliyev çatdırmışdır.

"Son illərin yazıları"nda yer alan, Azərbaycan dövlətçiliyinə xidmət edən digər xalqların tanınmış nümayəndələrinin fəaliyyətləri haqqında məqalələr də ciddi maraq doğurur. "Polşa tatarları Azərbaycan dövlətçiliyinin xidmətində" silsiləsindən "General Masey Sulkeviç", "Kriçinski qardaşları", "Şapşal - azərbaycanşünas, yaxud qardaşlarımız karaimlər" və b. məqalələr beynəlxalq əməkdaşlığın üfüqlərini genişləndirmək baxımından bu gün də aktualdır.

Vilayət Quliyevin son illər nəşr etdirdiyi "Baş nazirin xanımı" (2015), "Füyuzat"in iki yazarı" (2016), "Atatürk və Əhməd Ağaoğlu" (2019), "Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu?" (2022) və b. əsərləri öncə mətbuat səhifələrində yayımlandığı üçün məzmun və mündəricə zənginliyi, aktuallığı, ədəbi düşüncə müstəvisində yeri və rolu layiqincə dəyər qazanmışdır.

V.Quliyevin "Türk dünyasında Azərbaycan" (2021) elmi araşdırmalar toplusu "Tərcüman"ın  Azərbaycan  səhifələri" məqaləsi ilə açılır və bu yazı kitaba daxil edilmiş əsərlərin vahid ideya istiqamətinə işıq salmaqla yanaşı, "türkçülüyün babası", qəzetin sahibi və baş mühərriri İsmayıl Bəy Qaspıralının həyatının, fəaliyyətinin ilginc məqamlarına aydınlıq gətirmək, böyük düşüncə adamının haqq dünyaya qovuşmasının - anımının yüz illiyi münasibətilə qələmə alınmışdır. Müəllif qədirşünaslıqla İsmayıl bəyin türk dünyasında rolunu, ədəbi-mədəni məcrada Azərbaycanla sıx əlaqələrini yüksək dəyərləndirərək onun xalqımıza olan sevgisinin qaynaqlarını duyğusallıqla incələmişdir. V.Quliyev böyük türkçü, ictimai xadim haqqında yazır: "Vətəni Krımdan sonra İsmayıl Qaspıralının ən çox sevildiyi, üz tutduğu, başa düşüldüyü, ardıcıllarının, dost və həmfikirlərinin olduğu yer, heç şübhəsiz, Azərbaycan idi. İsmayıl bəy də öz növbəsində Azərbaycanı Krım qədər sevirdi, türk dünyasının fikri inkişafındakı yerini və rolunu dəyərləndirirdi, Azərbaycan insanının millət duyğusuna, maarif və mədəniyyət təşnəliyinə inanırdı. Bu mənada Bakını böyük Osmanlı imperiyasının paytaxtı İstanbuldan üstün tuturdu".

Vilayət müəllim İ.B.Qaspıralının "dost və həmfikirləri" - deyəndə ilk növbədə milli birliyin üçlü düsturunun ("dildə, fikirdə, əməldə birlik") müəllifinin məşhur üçlükdəki rəsmi - İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşovun birlikdə 1903-cü ildə Bakı şəhərində çəkdirdiyi tarixi şəkil göz önündə canlanır. Onun işıqlı Azərbaycan ziyalıları ilə hər görüşünün bayram əhval-ruhiyyəsinin yaratdığı və xoş təəssüratlarının, yol qeydlərinin "Tərcüman"da təcəlla tapmasını müəllif tədqiqatçı dəqiqliyi ilə izləmiş və mükəmməl şərh etmişdir.

Vilayət müəllim irihəcmli elmi məqaləsində qeyd edir ki, İsmayıl Bəyin Azərbaycan mətbuatı ilə bağlı son yazısı "Molla Nəsrəddin" jurnalına həsr olunmuş və "Tərcüman"ın 5 yanvar 1914-cü il tarixli sayında dərc edilmişdir. "Molla Nəsrəddin" haqqında informasiya Qaspıralının Azərbaycanın ədəbi-mədəni, ictimai-sosial həyatı ilə sıx bağlı olduğunu, milli-mənəvi tərəqqisini həssaslıqla izlədiyini təsdiqləyir.

Elmi araşdırmalar toplusunda yer alan "Mirzə Fətəli və Əli Süavi: Bir mübahisənin tarixçəsi" adlı məqaləsində müəllif M.F.Axundzadənin əlifba islahatı ilə bağlı maarifçilik fəaliyyətindən, bu istiqamətdə siyasi əngəllərə, bürokratizmə qarşı onun intensiv mübarizəsindən, ziddiyyətli xarakterə, inqilabçi-demokratik düşüncəyə malik Tənzimat dövrü Osmanlı publisisti, tarixçisi Əli Süavinin siyasi macəralarından, fərqli baxışlarından, ərəb əlifbasının yenilənməsinə müqavimət göstərməsindən bəhs edir. Ə.Süavinin həyat və yaradıcılığını, ictimai-siyasi mövqeyini geniş planda Azərbaycan oxucusuna təqdim edən V.Quliyev məqaləsində Mirzə Fətəlinin opponenti barədə yazır: "Əlifba məsələsində radikal və inqilabi mövqe tutan azərbaycanlı mütəfəkkirdən fərqli olaraq Əli Süavi yalnız islam mədəniyyətinin ayrılmaz tərkib hissəsi saydığı ərəb əlifbasında qalmaq fikrində israr etmirdi, hətta kosmetik səciyyəli mümkün islahat prosesi zamanı hərflərin şəkillərinin nəzərəçarpacaq dərəcədə dəyişdirilməsinə qarşı da çıxırdı. Niyyət nə qədər nəcib, faydalı olsa da, o, əlifbada köklü dəyişikliklər aparılmasının, yaxud ondan tam imtinanın xalqın mədəniyyət və mənəvi fikir tarixində qırıqlıq, fasiləlik yaratmasına xüsusi diqqət çəkirdi".

Yığcam fikirlərlə müəllif fərqli tərəflərin açıq mövqelərini, problemə yanaşma bucaqlarını təqdim etməyi bacarmış, bir neçə onillikdən sonra bu mübahisədə tarix kimin haqlı olduğunu bütün türk dünyasına nişan vermişdir.

"Yaşam boyu sürən dostluq: Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadə", "Əli bəy Hüseynzadə Osmanlıya qarşı" adlı məqalələrində V.Quliyev Azərbaycanın iki görkəmli şəxsiyyətinin, düşüncə adamının, türkçülük ideologiyasının nəhəng simalarının həyat yolunun "Həyat" qəzetindən başladığını, milli birliyə, tərəqqiyə, maarifçiliyə, dünyəvi elmə can atdıqlarını, bu yolda məşəqqətlərə, əzablara dözdüklərini, ermənilərin böhtan və iftiralarına qarşı birgə müqavimət gösrətdiklərini zəngin arxiv materialları, çoxsaylı sənədlər və xarici mənbələr əsasında araşdırmalar apararaq ədəbi, elmi cameyə məlum olmayan yeni faktları üzə çıxarmışdır.

Kitabda müəllifin ciddi axtarışlar, böyük zəhmət hesabına araya-ərsəyə gətirdiyi "1907-ci ildə Bakıda açılan Darülmüəllimat niyə bağlandı?", "Yolayrıcındakı illərin anıları", "Zəki Vəlidi Toğanın "Xatirələr"ində Azərbaycan", "Ədəbiyyatımızın dostu, yaxud Türkiyənin Abbas Zamanovu", "Nazim Hikməti anarkən..." və digər məqalələri elmi yenilik, geniş oxucu auditoriyasına məlum olmayan sənəd-fakt arsenalının zənginliyi, dil-üslub aydınlığı diqqətçəkən xüsusiyyətlərdəndir.

Vilayət Quliyevin yaradıcılığında tərcümə və tərtib məsələləri mühüm yer tutur. Onu poliqlot adlandıranlar da az deyil. O, ingilis, polyak, rus, türk, fars dillərini mükəmməl bilir və əcnəbi dillərdən çoxsaylı əsərləri doğma dilimizə çevirmişdir. V.Quliyevin mütərcimlik fəaliyyətini, tərcümə yaradıcılığının sənətkarlıq xüsusiyyətlərini ayrıca araşdırmağa, bu işə monoqrafiyalar həsr etməyə dəyər. Onun xüsusilə ingilis, rus və türk dillərindən çevirdiyi ədəbi-bədii materiallar səriştəlilik, peşəkarlıq və aktuallıq baxımından beynəlxalq ədəbi-mədəni əlaqələr istiqamətində uğurlu addımlardır. Lev Qumilyovun "Qədim türklər" (1993), Ə.M.Topçubaşovun "Paris məktubları" (1998), "Azərbaycan Paris Sülh konfransında" (2008), V.Baxtin və İ.Panovun "Məhəmməd Peyğəmbərin həyatı" (2003), "Behbud xan Cavanşirin məhkəmə prosesi" (2008), Səməd Ağaoğlunun "Hekayələr. Memuarlar" (2009), Corc Oruellin "Seçilmiş əsərləri" (2009), "1984" (2011), "Heyvanıstan" (2012), "Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən" (XX əsrin 30-cu illəri) və b. kitabları Vilayət müəllimin yaradıcılıq uğuru, çağdaş ictimai-mədəni mühitimizdə diqqətçəkən hadisə sayıla bilər.

Azərbaycan mühacirət ədəbiyyatı qaynaqlarının ciddi araşdırılmasına, sanballı monoqrafik işlərin işıq üzü görməsinə baxmayaraq rus dilində nəşr edilən "Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən" (XX əsrin 30-cu illəri) adlı toplunun fərqli və üstün cəhətləri ondan ibarətdir ki, burada öz əksini tapan ədəbi-tarixi, siyasi-publisistik materiallar tədqiqatlardan kənarda qalmış, bu mənbələrə əsasən istinad edilməmişdir. Cümhuriyyət dövrünün hərbi, ictimai-siyasi mənzərəsini özündə əks etdirən, tariximizin qaranlıq və naməlum məqamlarına işıq salan, mötəbər və zəngin faktları ilə yüksək elmi dəyərə malik mətnlər, materiallar bu nəşrdə üstünlük təşkil edir.

Toplu Vilayət Quliyevin "Söz və fikir mübarizləri" məqaləsi ilə açılır. Tərtibçi-müəllif Azərbaycan mühacirlərinin mövcud tarixi şəraitin real imkanlarından maksimum faydalanaraq Avropa ölkələrində yaratdıqları siyasi fikir mərkəzlərinin, mübarizə metodlarının geniş şərhini verməklə yanaşı, onların vətənə, xalqa ləyaqətlə xidmət etməkdə yeganə silahlarının söz, fikir olduğunu vurğulamışdır. Polşada fəaliyyət göstərən mühacirlərimizin isə söz tribunası funksiyasını Azərbaycan və rus dillərində çap olunan "Qafqasiya dağlıları" (1929-1934) və bu dərginin mənəvi varisliyini davamı etdirən "Şimali Qafqasiya" - "Severnıy Kafkaz" (1934-1939) jurnalları daşıyırdı.

Məhəmməd Əmin Rəsulzadənin kitabda yer almış məqalələrində - "Qafqaz birliyi", "Qafqaz birliyi şüarı altında", "Qafqazın problemləri", "Bir tarixin mahiyyəti" (Zaqafqaziya Seyminin 15 illiyinə) və s. sərlövhələrindən də məlum olduğu kimi, Qafqaz xalqlarının tarixindən, ictimai-siyasi aqibətindən bəhs edir.

"Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən" toplusunda Doktor Mir Yaqub Mir Mehtiyevin, Mirzə Bala Məhəmmədzadənin, Əli Azərtəkinin, İsrafil bəy İsrafilbəyovun, Cahangir bəy Kazımbəyovun, Nağı Bayramlının və gizli imza, təxəllüslə yazan müəlliflərin əsərləri yer almışdır.

Mirzə Bala Məhəmmədzadə "Azərbaycan necə və nə üçün sovetləşdirildi", "Milli respublikalarda sovet terroru", "Azərbaycanda sovet dil siyasəti", "Qafqaz mayı" və s. əsərlərində işğala məruz qalmış vətəninin, onun yurdsevər, istiqlalsevər övladlarının başına gətirilən müsibətlərdən, məşəqqətlərdən, müxtəlif bəhanələrlə torpaqların ermənilərə "peşkəş" verilməsindən, respublikanın sərvətlərinin talan edilməsindən, "Çeka" əməkdaşlarının özbaşınalığından, kütləvi həbslərdən və sürgünlərdən ürək ağrısı ilə söz açmışdır.

Kitabda müstəqil Azərbaycan ordusu, onun yaranması və döyüş yolu haqqında polkovniklər İsrafil bəy İsrafilbəyovun, Cahangir bəy Kazımbəyovun, eləcə də Nağı Bayramlı və Afşaranlının məqalələri çağdaş hərb tariximizin tədqiqatçıları tərəfindən maraqla qarşılandığı razılıq hissi doğurur.

Vilayət Quliyevin çoxvektorlu, praqmatik elmi, ictimai-siyasi, ədəbi-bədii fəaliyyəti həm xarici ölkələrdə, həm də respublikamızda yüksək qiymətləndirilmişdir. O, Polşa Respublikası Prezidentinin sərəncamı ilə "Polşa qarşısındakı xidmətlərinə görə" ikinci dərəcəli "Komandor" ordeni, ölkə Prezidentinin müvafiq qərarına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə ikinci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş, Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Osmanlı İmperiyasının Tənzimat dövrü türk ədəbiyyatının görkəmli nümayəndəsi, dövlət adamı Ziya Paşa əbəs yerə deməyib: "Ayinəsi işdir kişinin, lafə baxılmaz, Şəxsin görünər rütbeyi-əqli əsərindən".

"Ədəbiyyat qəzeti