WUF13-də Dünya Şəhərləri Hesabatı təqdim olundu
WUF13 çərçivəsində “2026-cı il Dünya Şəhərləri Hesabatı” təqdim olunub.
Adalet.az xəbər verir ki, hesabatda qlobal mənzil böhranı, urbanizasiya prosesləri, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və dayanıqlı şəhər inkişafı ilə bağlı əsas çağırışlar yer alıb.
Təqdimatda çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal hesabatlar və trendlər bölməsinin rəhbəri Benedikt Arimah bildirib ki, hazırda dünyada 1,6 milyard insan adekvat mənzillə təmin olunmayıb.
Onun sözlərinə görə, 2024-cü ilə qədər 203 milyon insan yaşayış yerlərini tərk etməyə məcbur olub: “2050-ci ilədək şəhərlərdə mənzil sahəsində problemlər daha da artacaq. Dünya əhalisinin cəmi 25 faizi ev təminatı üçün ipotekadan istifadə edə bilir. Bu isə insanların böyük hissəsinin maliyyə imkanlarının kifayət etmədiyini göstərir”.
Arimah qeyd edib ki, təbii fəlakətlər və iqlim dəyişiklikləri yaşayış məntəqələrinə ciddi təsir göstərir, nəticədə milyonlarla insanın köçürülməsi zərurəti yaranır.
UN-Habitat-nın icraçı direktoru Anaklaudia Rossbax isə çıxışında mənzil böhranının getdikcə dərinləşdiyini vurğulayıb: “Artıq hər yerdə insanlar ev almağa və ya kirayə götürməyə pul tapa bilmirlər. Qeyri-rəsmi yaşayış məntəqələrindəki insanlar isə xüsusilə yüksək risk altındadır”.
O bildirib ki, qeyri-formal yaşayış məntəqələri təbii fəlakətlər zamanı ilk zərər görən ərazilərdir: “İnsanlar çox təhlükəli şəraitdə yaşayırlar. Təbii fəlakətlər zamanı ilk zərər görənlər məhz qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan və evlərini itirən insanlardır”.
9 fəsildən ibarət hesabatda layiqli mənzil təminatı yalnız sığınacaq məsələsi kimi deyil, insan rifahının və dayanıqlı şəhər inkişafının əsas elementi kimi qiymətləndirilib.
Sənəddə yoxsulluğun azaldılması, həyat keyfiyyətinin yaxşılaşdırılması və qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün təhlükəsiz və əlçatan mənzil siyasətinin vacibliyi xüsusi vurğulanıb.


Bakı -°C

