adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 May 2023 14:15
550
MƏDƏNİYYƏT

Xalq artisti: “Atam bu addımına görə 14 il sürgün həyatı yaşadı...”

“Təbrikiniz üçün çox sağ olun. Dünən artıq yubileyim oldu. Doğum günüm mənim üçün həmişə gözəl bayram olub. İlk növbədə bizim ölkəmizin Respublika Günüdür. Atam Cahid Hilaloğlunun 28 mayda öz əliylə tikdiyi üçrəngli bayrağı Qız qalasına sancdığı bir gündür. Ona görə pis oluram ki, atam bu addımına görə 14 il sürgün həyatı yaşadı”

Bunu Adalet.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinə də sevindiyini bildirib:

“Divanə dünya olsa da, həm də gözəl dünyadı və mən 28 mayda dünyaya gəlmişəm. Bizim Azərbaycanımıza can deyən, onun dayağı olan sayın Rəcəb Tayyib Ərdoğanın 28 mayda qalib gəldiyi gündür və buna görə çox sevinirəm. Müəyyən səbəblərə görə yubileyimi keçirmədim. Amma tanımadığım insanlar məni təbrik etdilər və bu isə məni yenidən ilhamlandırdı. Sənət aləmində mənimlə üz-üzə gələn, bir yerdə olan insanlardan heç təbrik almadım. Baxmayaraq ki, yubileyimdir. Xəzər TV-nin direktoru hörmətli Murad Dadaşovdan təbrik məktubu aldım və ona öz təşəkkürümü bildirirəm”.

N.Allahverdiyeva bu günki gənclərimizin tərbiyəsindən də danışıb və valideynlərə səslənib:

“Avropaya inteqrasiya etsək də özümüzün mentalitetimiz, dəyərlərimiz, adət-ənənələrimiz var. Mənim də övladım var. Bir zamanlar məktəblərdə belə qayda qoydular ki, əgər valideynlər uşaqlarına söz deyirsə, ondan polisə şikayət etmək lazımdır. Amma çox azadlıq verəndə bu özbaşınalığa çevrilir. Ona görə də uşaqlar valideynlərindən qorxmadılar, dedilər ki, mənə söz desən, polisə şikayət edəcəm. Bununla yanaşı, ailə-məişət mövzusundan bəhs edən verilişlər ekranlara çıxdı, o verilişlərdə ailəli qadınlarımıza ümid verdilər ki, efirə gəlin, sizin arxanızda durmuşuq. Onlar da evdən qaçıb efirə gəldilər. 13 yaşlı bir qızın evdən qaçması isə dəhşətdir. Bu məsələlərə televiziyalar da, bayağı musiqilər də, sosial şəbəkələr də təsir etdi. İnsanlar bir növ elə bil cahilləşdilər. Vəziyyət elə yerə çatıb ki, övladları ailələr tərbiyə edə bilmir. Onları cəmiyyət, sosial şəbəkələr tərbiyə edir. Mən çox gözəl, savadlı, intellektual ailələr tanıyıram, amma övladlarıyla bacarmırlar. Çox heyifsilənirəm ki, gənclik bu cür vəziyyətə düşüb”. 

Aktrisa gənclərimizi tərbiyə etmək üçün muzeylərə, teatrlara aparmağımızı təklif edib:

“Ona görə uşaqları restoranlara deyil, muzeylərə, teatra aparmaq lazımdır. Onları bayağı musiqilərdən uzaq tutmaq və akademik musiqi səviyyəsində tərbiyə etmək lazımdır. Çünki musiqinin özü insan beyninə, psixologiyasına çox böyük təsirini göstərir. Bayağı musiqi insanın beynini yuyur. İncəsənət çox böyük təsir vasitəsidir. Bu gün incəsənətin, musiqinin bu vəziyyətə düşməsi insanlara çox pis təsir edib. Əvvəl səmimi filmlərə baxırdıq və özümüzü o qəhrəmanlara oxşatmaq istəyirdik. İndiki filmlərə baxanda görürsən ki, qəddarlıq təbliğ olunur. Bu cür filmlərdə kriminalı, oğurluğu təbliğ edirlər. Biz ziyalı yetişdirməliyik. Tələbələrimiz ziyalı olmalıdır, gəncliyi bu ruhda böyütmək olmaz. Mənə elə gəlir ki, artıq təmizlik işləri aparılmalıdır. Müharibədə qalib gəldik, şəhidlər verdik, onların adı var. Axı bunları görəndə onların ruhu inciyir. Onlar gözəl gələcək nəsil üçün canlarını qurban verdilər. Qadın ölümlərinə son qoyulmalıdır, bunu təbliğ edirlər. Oğlan uşaqları evdə qadına münasibətdə tərbiyə olunmalıdır, çünki o, gələcəyin atasıdır, həyat yoldaşıdır”. 

Vasif Əlihüseyn