adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7
29 Iyun 2022 11:41
952
ƏDƏBİYYAT

Xalqın dahi ziyalısı

Həsən bəy Zərdabi-185

 

Аzərbаycаn mədəniyyəti tаriхində misilsiz хidmətləri оlаn, həyаt və yаrаdıcılığı ilə хаlqının mədəni və еlmi fikir intibаhı tаriхində silinməz izlər qоyаn görkəmli mütəfəkkirlərdən biri, tanınmış pedaqoq, təbiətşünas alimHəsən bəy Zərdаbinin bu il 28iyunda dünyaya gəlməsinin 185 ili tamam olur.

Həsən bəy Zərdabi xalqımızın elə böyük şəxsiyyətlərindəndir ki, onu təkcə yubiley dönəmində və doğum, anım günlərində deyil, ilin istənilən vaxtı xatırlamaq, xalqımız üçün gördüyü unudulmaz xidmətlərini yad etmək gərəyimiz və borcumuzdur. O, xalqın taleyində xüsusi rolu olan ictimai xadim, böyük maarifçi və publisist, azərbaycan dilində ilk qəzetin (“Əkinçi”), milli mətbuatın yaradıcısı, on ilə yaxın isəBakı şəhər Dumasının üzvü (deputatı) olmuşdur.

Həyata keçirdiyi mütərəqqi işlərdən danışarkən qeyd edilməlidir ki, 1873-cü ildə Azərbaycan teatrının yaradılmasında onun da xidməti vardır. Həsən bəyin rəhbərliyi və fəal iştirakı ilə məhz həmin il Mirzə Fətəli Axundzadənin “Hacı Qara” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyaları tamaşaya qoyulmuşdur. 1901-ci ilin sentyabrında isə, o, Zeynalabdin Tağıyevin istəyi ilə qızlar məktəbinin rəhbərliyinə gətirilir. Azərbaycan tarixində bir ilk olan qız məktəbinin açılması Tağıyevlə yanaşı Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanımın da böyük zəhmətləri hesabına baş vermişdir. Belə ki, qızların təhsilə cəlb edilməsi onun çoxdankı arzusu idi. Hələ 1896-cı ilin yanvarında Bakı qubernatoruna ərizə yazıb qızlar üçün birsinifli üçillik kurs təhsilli məktəb açmaq arzusunu ifadə etmişdi (f.45, siy.2, sax.vah.257). Lakin Göyçay qəza polisinin və Bakı jandarm idarəsinin barəsində verdiyi mənfi rəylərin səbəbindən arzusunun həyata keçməsinə imkan verilməmişdi.

Haqqında onlarla kitablar, yüzlərlə məqalələr yazıldığı üçün məlum həqiqətlərdən geniş bəhs etmək istəmirəm. Araşdırmalar zamanı Azərbaycan Respublikası Dövlət Tarix Arxivində XIX əsrin sonları – XX əsrin əvvəllərinə dair qarşıma çıxan sənədlərdə bu böyük insanın vətəndaşlıq mövqeyini, torpağına, xalqına olan sevgisindən irəli gələn fədakarlığını gördükdəheyrətlənməmək mümkün deyil.

Xüsusilə onun Bakı şəhər Dumasındakı gərgin fəaliyyəti bu gün də aktuallığını itirmir, öyrənilmək baxımından çoxtəqdirəlayiqdir. Həsən bəy Dumanın demək olar ki, bütün iclaslarında iştirak edir, əyintilərə qarşı həmişə çəkinmədən narazılığını bildirirdi. Özü heç bir iclası qaçırmayıb, praktik olaraq iclaslarda iştirak etməyənlərin üzv seçilməsinə etiraz edirdi. İradını bildirirdi ki, niyə iclasın gündəliyi ciddi hazırlaşmaq üçün bir neçə gün əvvəldən yox, iclas başlayanda elan edilir. Şəhər başçısı və idarə işçilərinin maaşlarının artırılmasına razılaşmırdı,gimnaziyada pulsuz təhsil alan şagirdlərin sayının azaldılması isə onu qəzəbləndirirdi. Şəhərdəki natəmizliklə heç cürə barışa bilmirdi. Tələb edirdi ki, kasıbları müalicə etmək üçün şəhərə büdcədən maaş alan həkimlər lazımdır və bu həkimlər həm də, mütləq xarici dilləri bilməlidirlər.

Müzakirələr zamanı dövlət vəsaitlərinin oğurluğuna və israfçılığına qarşı mübarizə aparır, belə qərarların qəbul olunmaması üçün ciddi müqavimət göstərirdi. İndiki dillə desək korrupsiyaya bulaşmış rus məmurlarını Dumada özbaşınalıqda günahlandırmaq, hər üzvdə olmayan cəsarət vəvicdanlı qətiyyət tələb edirdi.

Dövlət Tarix Arxivinin “Bakı şəhər idarəsi” fondunda Həsən bəyin şəhər Dumasına məmurları ifşa edən sorğularına dair üç saxlama vahidi qorunur. Onlardan biri belə adlanır: “Küçələrin döşənməsinə nəzarət xidmətində Terentyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi səbəbi ilə təhqiqatın aparılması haqqında yazışma” (f.389, siy.3, sax.vah.2303)

Ərizə 18 aprel 1901-ci ildə Dumaya təqdim edilib. Ərizə ilə bağlı il yarım təhqiqat aparılıb. Saxlama vahidinin 29-30-cu səhifəsində şəhər icraiyyə üzvü Smolenskinin məruzəsindən öyrənirik ki, qlasnı Məlikov Terentyevi küçələrin, körpülərin salınması və təmiri işlərində büdcədən sui-istifadədə, əlavə yeyintidə günahlandırır. Lakin Smolenski uzun-uzadı məruzəsində müxtəlif işçilərdən aldığı rəylərlə “nala-mıxa” vurur, ərizədəki iradları malalamağa çalışır, təhqiqatı nəticəsi olmayan sonluğa çıxarır.

Həsən bəyin bir gün sonra 19 aprel 1901-ci ildə verdiyi daha iki ərizə də hakimiyyət məmurları tərəfindən eyni münasibətlə üzləşir. “Şəhər bağçılıq xidməti üzrə A.Vasilyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi ilə təhqiqata dair yazışma” (f.389, siy.3, sax.vah.2304) adlanan saxlama vahidinin 41-60-cı səhifələrində A.Vasilyev şəhər idarəsinə yazdığı izahatında şəhər bağlarının salınması, saxlanması xərclərində səlahiyyət həddindən artıq heç nə etmədiyinə“and-aman” edir.

Həsən bəyin üçüncü ərizəsi – “Mazut toplanmasının müdiri K.Vasilyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi ilə təhqiqat haqqında yazışma” (f.389, siy.3, sax.vah.2305) adlı məsələyə dair araşdırma əvvəlkilərdən daha çox, iki ilə yaxın vaxt aparmışdır. Nəhayət, saxlama vahidinin 197-200-cü səhifələrində yazılmış sorğuya dair yaradılan komissiyanın qərarındanaydın olur ki, guya, mazutun toplanılması və satışı işində cinayət, sui-istifadə halı yoxdur və qlasnı Məlikovun şikayəti əsassızdır.

Zaman keçdikcə ərizələrinə verilən başdansovdu cavablar, bürokratiya, fəaliyyətsizlik Həsən bəyi davamlı mübarizə aparmaqdan usandırdı və onda belə üsul-idarə ilə çarpışmağın heç bir nəticə verməyəcəyi qənaətini yaratdı. Ona görə də sonrakı fəaliyyətində Zərdabi nicat yolunu yalnız maariflənmədə, millətin kütləvi savadlanmasında gördü.

Onun ilk dəfə ana dilimizdə nəşr etməyə çalışdığı “Əkinçi” qəzetinin nəşrinə icazə üçün Bakı qubernatoru və Qafqaz təhsil idarəsi ilə 1873-cü ilin may ayındakı yazışmalarında (f.309, siy.1, sax.vah.584) da eyni mübariz ruh hiss edilir. İki ildən çox çəkən müxtəlif icazələrdən, uzun əzab-əziyyətlərdən sonra, nəhayət 1875-ci ilin 22 iyulunda qəzet çap olundu.

Əslində bizə gəlib çatan bu ərizələr ilə Həsən bəy o dövrdəki rus məmurluğunun riyakar, soyğunçu mahiyyətini açıqlamış, bu yöndə tarix və gələcək nəsillərə təkzibedilməz dəlillər bəxş etmişdir.Necə deputat olmaq lazımdır, xalqı necə təmsil etmək olar? Bu suallara dahi ziyalımız Zərdabi Bakı Dumasındakı yadda qalan fəaliyyəti ilə müasir zəmanəmiz üçün də örnək olası, layiqli nümunə yaratmışdır.

Vəfatından doqquz ay sonra “Saray müşaviri Həsən bəy Məlikovun dul qadını Hənifə xanım Məlikovanın Bakı xəzinədarlıq palatasına borcların silinməsi haqqında ərizəsi” (f.43, siy.2, sax.vah. 341) sənədi onun dövlət xidmətində həyatı boyu rüşvətsiz, halal məvacibi ilə yaşamasının, ömrünü xalq üçün sərf etməsinin danılmaz sübutudur.

Bakı şəhər Duması vəfatından az sonra xatirəsini yaşatmaq üçün 2-ci rus-tatar məktəbinə Həsən bəy Məlikovun adının verilməsi və kasıb müsəlman şagirdlərinə Həsən bəy təqaüdü ayrılması haqqında qərar qəbul etmişdi (f.389, siy.6, sax.vah.2).

Haqqında bəhs etdiyimiz bu və ya digər sənədlərlə yaxından tanış olmaq istəyənlər milliarxiv.gov.az saytının layihələr bölümündə “Dahi ziyalımız Həsən bəy Zərdabi” virtual sənəd sərgisində onların elektron surətlərinə baxa bilərlər.

Həsən bəy Zərdabi möhtəşəm həyat fəaliyyəti ilə xalqın qəlbində özünə əbədi ehtiram qazanıb.Hər il – 22 iyul Milli Mətbuat günündəqəzetçiliyin banisi kimi yad edilir. Vaxtilə məhkəmə katibi işlədiyi Qubada adı qəsəbəyə verilib,Bakıda, Zərdabda, Qubada heykəlləri qoyulub. Zərdabda mədəniyyət parkı, məktəb lisey və Milli ElmlərAkademiyasının Təbiət Tarixi Muzeyi onun adını daşıyır.

Rövşən Yerfi