Xocalı Soyqırımı Memorial Kompleksi – yaddaşın və ədalətin simvolu
Prezident İlham Əliyev: “Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir”
Fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılışı bir daha sübut edir ki, şəhidlərin xatirəsi daim uca tutulacaq, onların əziz ruhu xalqın qəlbində yaşayacaqdır. Bu memorial gələcək nəsillərə həm tarix dərsi, həm də vətənpərvərlik nümunəsi olacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində etdiyi çıxışında Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında əbədi qalacağını və bu cinayətin heç vaxt unudulmayacağını vurğulamışdır. Prezident qeyd etmişdir ki, iki il əvvəl onun iştirakı ilə təməli qoyulan Memorial Kompleksi bu gün xalqın iradəsinin, tarixi ədalətə sadiqliyinin və şəhidlərin xatirəsinə ehtiramının rəmzidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşmüşdür. Prezident çıxışında bildirmişdir ki, bu hadisə Ermənistan dövləti və erməni silahlı birləşmələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı planlı şəkildə həyata keçirilmiş qanlı cinayətdir. Rəsmi məlumatlara görə, bir gecənin içində 600-dən çox günahsız insan xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. 150 nəfər itkin düşmüş, sonradan işğaldan azad edilmiş ərazilərdə bəzilərinin qalıqları aşkar edilərək torpağa tapşırılmışdır. Bu faktlar faciənin miqyasını və amansızlığını açıq şəkildə göstərir.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Xocalı Soyqırımı Memorial Kompleksi yalnız memarlıq abidəsi deyil, həm də milli yaddaşın təcəssümüdür. Bu kompleks şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, gələcək nəsillərə həqiqətlərin çatdırılması və tarixi ədalətin bərpası istiqamətində mühüm addımdır. Memorial, həmçinin dünyaya mesajdır ki, Azərbaycan xalqı başına gətirilən müsibətləri unutmur və unutdurmayacaq. Dövlət başçısı qeyd etmişdir ki, Xocalı qurbanlarının qanı yerdə qalmayıb və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə tarixi ədaləti təmin etmişdir.
Son illər ərzində Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün geniş diplomatik və informasiya işi aparmışdır. Bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanımışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident çıxışında xüsusi olaraq vurğulamışdır ki, Xocalı faciəsi Azərbaycan xalqının milli birliyini daha da möhkəmləndirmişdir. Bu faciə həm kədər, həm də qürur mənbəyidir – kədər ona görə ki, yüzlərlə günahsız insan həyatını itirib; qürur isə ona görə ki, Azərbaycan xalqı əyilmədi, mübarizəsini davam etdirdi və nəticədə öz torpaqlarını işğaldan azad etdi.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən ağır faciələrdən biri olan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu mübarizədə xüsusi rol oynayan qurumlardan biri də Heydər Əliyev Fondu olmuşdur. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” adlı genişmiqyaslı beynəlxalq kampaniyaya start vermiş və bu təşəbbüs qısa müddətdə qlobal informasiya və hüquqi mübarizə platformasına çevrilmişdir. “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş və həyata keçirilmişdir. Kampaniyanın əsas məqsədi Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, hadisəyə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaq və bu faciənin dünya tarixində insanlığa qarşı törədilmiş cinayət kimi tanınmasını təmin etmək idi. Bu təşəbbüs yalnız informasiya yayımı ilə məhdudlaşmamış, həm də geniş diplomatik, ictimai və akademik müstəvidə fəaliyyət göstərmişdir.
Son 20 il ərzində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər keçirilmişdir. Bunlara konfranslar, simpoziumlar, sərgilər, təqdimatlar, anım mərasimləri və ictimai aksiyalar daxildir. Eyni zamanda müxtəlif dillərdə kitablar, broşürlər, bukletlər və analitik materiallar nəşr edilərək geniş auditoriyaya təqdim olunmuşdur. Bu fəaliyyət nəticəsində Xocalı soyqırımı ilə bağlı məlumatlar yalnız Azərbaycan diasporu arasında deyil, beynəlxalq ekspertlər, hüquqşünaslar, tarixçilər və siyasətçilər arasında da müzakirə mövzusuna çevrilmişdir. Kampaniya sosial media və rəqəmsal platformalar vasitəsilə də geniş yayılmış, xüsusilə gənc nəsil arasında maarifləndirmə işi aparılmışdır.
Xocalı faciəsindən sonra uzun illər ərzində hadisələrin mahiyyətinin təhrif edilməsi cəhdləri olmuşdur. Ermənistan tərəfi və onu dəstəkləyən dairələr bu qanlı hadisəni ört-basdır etməyə, hətta məsuliyyəti Azərbaycanın üzərinə yönəltməyə çalışmışlar. Belə bir şəraitdə “Xocalıya ədalət!” kampaniyası həqiqətlərin müdafiəsi baxımından mühüm rol oynamışdır. Əgər Azərbaycan dövləti, qeyri-hökumət təşkilatları və xüsusilə Heydər Əliyev Fondu sistemli şəkildə fəaliyyət göstərməsəydi, Xocalı ilə bağlı obyektiv məlumatların beynəlxalq informasiya məkanında yer alması çətin olardı. Məhz ardıcıl və prinsipial mövqe nəticəsində dünya ictimaiyyətində bu faciə barədə daha dolğun təsəvvür formalaşmışdır. Aparılan məqsədyönlü fəaliyyət nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanımışdır. Bu, uzunmüddətli diplomatik və ictimai səylərin real nəticəsidir. Tanınma prosesi davam edir və hər yeni qərar Xocalı qurbanlarının xatirəsinə verilən hüquqi-siyasi qiymət kimi dəyərləndirilir. Bu istiqamətdə beynəlxalq təşkilatlarda qəbul edilən qətnamələr, müxtəlif ölkələrin parlamentlərində keçirilən dinləmələr və rəsmi bəyanatlar mühüm əhəmiyyət daşıyır. Bütün bunlar onu göstərir ki, informasiya və hüquqi mübarizə uzunmüddətli strategiya tələb etsə də, ardıcıl səylər nəticə verir.
“Xocalıya ədalət!” kampaniyası yalnız beynəlxalq auditoriyaya yönəlmiş təşəbbüs deyil, eyni zamanda milli yaddaşın qorunması və gələcək nəsillərin tarixi həqiqətlər əsasında tərbiyə olunması baxımından da böyük əhəmiyyət daşıyır. Bu fəaliyyət Azərbaycan cəmiyyətində həmrəylik və birlik hissini gücləndirmiş, vətənpərvərlik ruhunu daha da möhkəmləndirmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu kampaniya sübut edir ki, informasiya müharibəsində qələbə yalnız həqiqətə, ardıcıllığa və prinsipial mövqeyə söykənərək mümkündür. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlər Azərbaycan dövlətinin və xalqının ədalətə sadiqliyinin təzahürüdür.
Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Lakin eyni zamanda bu tarix xalqın iradəsini, mübarizə əzmini və ədalətə inamını göstərən bir simvoldur. Prezident İlham Əliyevin memorialın açılışındakı çıxışı da məhz bu mesajı – yaddaş, ədalət və milli qürur mesajını özündə ehtiva edir.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent


Bakı -°C

